Səhiyyə Nazirliyi Masallıda sünnət olunarkən 5 yaşlı uşağın ölməsinə münasibət bildirib. Səhiyyə Nazirliyi Masallıda sünnət olunarkən 5 yaşlı uşağın ölməsinə münasibət bildirib.

Nazirlikdən 5 yaşlı Kənanın sünnət olunarkən ölməsinə - Münasibət

Səhiyyə Nazirliyi Masallıda sünnət olunarkən 5 yaşlı uşağın ölməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, respublikanın baş pediatr Nəsib Quliyev bildirib ki, sünnət əməliyyatını ara həkimi deyil, uşaq cərrahı və yaxud uroloqu aparmalıdır. Onun sözlərinə görə, indi adamlar düşünür ki, sünnət 5 dəqiqəlikdir: “Amma reallıq bunu göstərmir. Reallıq göstərir ki, sünnətin ölüm kimi ağır fəsadları ola bilər. Bu fəsadların əmələ gəlməsinin ilkin səbəbi sünnət əməliyyatının qeyri-professional şəxslər tərəfindən, uşaqları müayinə etməmiş, müvafiq şərait olmayan bir vəziyyətdə icra edilməsidir. Əlbəttə ki, bu məsələlərə Səhiyyə Nazirliyinin və tibb işçilərinin mövqeyi odur ki, bunlar yolverilməz haldır. Ona görə əhaliyə tövsiyəmiz odur ki, sünnəti professional mütəxəssis, həkim yerinə yetirməlidir. Onda belə xoşagəlməz halların qarşısı alınacaq. Bu günə qədər hələ də “ləzgi dəlləyi” tapıb sünnət etdirənlər var. Bu məsələdə təbii ki bəziləri tibb işçilərini günahlandırır, xoşagəlməz sözlər ünvanlayırlar. Bunu da qəbul edirəm, amma ondan qabaq uşağın valideynlərini günahlandırmaq lazımdır”.

N. Quliyev qeyd edib ki, uşaqlar bir qayda olaraq ya 2 yaşa qədər, ya da 5 yaşdan sonra sünnət olunmalıdırlar. Bunun tibbi izahının olduğunu deyən baş pediatr bildirib ki, 2-5 yaş arası uşaqlarda qorxu və stress baş verir: “2 yaşlı uşaqlar isə sünnətin mahiyyətini anlamır. 5 yaşdan sonra uşaqları isə həkim başa salır ki, bu qorxulu bir şey deyil və vacibdir. Uşaq bunu başa düşür amma hazırlanır. Uşaqları heç vaxt 40-ı çıxmadan sünnət etdirmək olmaz. Çox təəssüf ki, insanlar təkidlə özəl müəssisələrdə sünnət etdirirlər. Dərk etmirlər ki, hələ təzə dünyaya gəlmiş uşağın adaptasiyası tam yekunlaşmamış bu əməliyyatı etmək olmaz. Dünyada uşaqların neonatal, yenidoğulma dövrü ilə bağlı iki fikir mövcuddur. Bir xristian dünyasının təklif etdiyi 28 gün, birdə müsəlman dünyasının təklif etdiyi 40 gün. Amma elmi araşdırma göstərir ki, müsəlman dünyasında qəbul olunmuş daha doğru variantdır”.

AzNews.az