12:05
(077) 610-22-33

Vaşinqtonda Gül Bayramı qeyd olunub - Foto

  • >
4 261 10 May 2017 08:53 | Cəmiyyət

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən may ayının 9-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Gül Bayramı qeyd edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak edib.

Səfirliyin həyətində keçirilən tədbirdə çıxış edən səfir Elin Süleymanov ilk növbədə xalqımızın Ümummilli lideri Heydər Əliyev barədə öz xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açmış, onun ABŞ ilə ikitərəfli münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işləri xatırlatmış və bunun ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.

Səfir E.Süleymanov Ümummilli liderin ən sadiq davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndiyini, xalqımızın hər bir sahədə inkişafa şahid olduğunu və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib.

Daha sonra səfir Azərbaycanın ABŞ-dakı Səfirliyinin yerləşdiyi binanın Ümummilli lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırmış və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülkü olduğunu vurğulayıb. Bu xüsusda Ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Səfirlik tərəfindən təntənəli surətdə Gül bayramının qeyd ediləcəyini və Səfirliyin ətrafında müxtəlif və rəngarəng gül və çiçəklərin əkiləcəyini qeyd edib.

Gül və çiçəklərin insanlara xoş hisslər və təəssüratlar bağışladığını, buna görə də onların əkilməsinin bir növ yaradıcı iş olduğunu xatırladan səfir, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bu yolla yad edilməsinin qanunauyğun olduğunu vurğulayıb. Eyni zamanda, güllərin əkilməsinin simvolik əhəmiyyətinə diqqəti yönəldən E.Süleymanov müasir Azərbaycan dövlətçiliyinin əsasında dayanan Ümummilli lider Heydər Əliyev irsinin xalqımız tərəfindən inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsini tərənnüm etdiyini vurğulayıb.

Sonra tədbir iştirakçıları Səfirliyin ərazisində müxtəlif növ gül və çiçəklər əkib. Beləliklə də, Azərbaycandan uzaqda yerləşən ABŞ-da da Gül bayramı təntənəli şəkildə qeyd edilmiş və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən bir guşəni daha gözəlləşdirib.

Bağla X