Hüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova və onun kollektivi təhdid edilir. Hüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova və onun kollektivi təhdid edilir.

Sığınacaqda təhdid edilən qadın: “Ata-anasının gözü qarşısında məni zorlayırdı”

Hüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova və onun kollektivi təhdid edilir.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Mehriban Zeynalovanın sözlərinə görə, rəhbərlik etdiyi sığınacaqda məskunlaşan qadınlardan birinin qeyri-rəsmi həyat yoldaşı Ceyhun Mehrəliyev ona rahatlıq vermir:

“Bu şəxs bütün günü sığınacağın ərazisindədir. İşçilər qorxu içində gedib-gəlir. Dünən məni evə kimi izləyib, yaşadığım evin ətrafındadır. Qadının ünvanına olmazın sözlər deyir. Sosial şəbəkələrdə məni təhdid edir, deyir ki, “məni onunla barışdırmasan, sənə qarşı hücüm edəcəm”. Bizə qarşı “kampaniya” aparır. Deyir “sən bizi barışdır ki, ərizəsini geri götürsün.” Mən məsələ ilə bağlı onun anasını xəbardar etmişəm. Anası da onu müdafiə edir.”

Ceyhun Mehrəliyevin qeyri-rəsmi həyat yoldaşı, hazırda sığınacaqda məskunlaşan qadın da olanları təsdiqlədi:

“Məndən əvvəl ailəli olub, sonra ayrılıb. 2010-cu ildə biz onunla qeyri-rəsmi ailə qurduq. Bir ailə kimi yaşayırdıq. 4 yaşında bir qızım var. Çox çalışdım ki, bu nikahı rəsmiləşdirəm. Amma bacarmadım. Qızıma sənəd də verməyiblər. Mən ona 8 aylıq hamilə olanda bu şəxs başqa qadınla el-adəti üzrə evləndi. Həmin vaxt mən evi tərk etdim. Öz ana evimdə uşağı dünyaya gətirdim. O isə artıq 3-cü həyat yoldaşı ilə yaşayırdı. Amma məndən əl çəkmirdi. Mən isə ona yaxınlıq etmədiyimdən qorxu içində yaşadırdı. Əlacsız idim. Məni döyürdü, incidirdi. Atam evində rahatlıq yox idi, onların da gününü zəhər edirdi. Gecələr gəlib qapımızı döyürdü, qonum-qonşu ayılırdı, deyirdilər ki, “əlimizdən bir xəta çıxacaq.”

Mən sığınacağa yerləşmişdim. Gecə gəlb məni qızımla götürüb atasının bağına apardı. Fevral ayı, səssizlik bir məkan... İstədi ki, üzümə vursun, qızım ona mane oldu. Bu vaxt əlindəki bıçaqla mənə bir neçə yerdən zərbələr endirdi. Özü də uşağın gözü qarşısında. Qapını bağlayıb getdi. Mən gecəni alt paltarında qanın içində qaldım. Səhəri gün necə olubsa, qapını bağlamağı unudub. Baxdım ki, qapı açıq, alt paltarında qanın içində qaçıb küçəyə çıxdım. Taksi saxlatdım, ordan bir baş hüquq-mühafizə orqanlarına gəldim, olanları danışdım. Sonra oradan xəstəxanaya getdim.

Həmin gün uşaq necə qorxubsa, hələ də özünə gəlməyib. İndi atasını görmək istəmir. Uşaq qorxu içindədir. Ən dəhşətlisi isə məni qonşulara qulluqçu kimi təqdim etmişdilər. Elçin dələduzluqla məşğul idi. Mənə küçə söyüşləri ilə təhqir edirdi. Dəfələrlə mənə qarşı zorakılıq edib. Bağda, ata-anasının gözü qarşısında məni zorlayırdı. Hər yerim bıçaq izləridir.

Hazırda iş hüquq-mühafizə orqanlarındadır. Amma işə baxmırlar. Ceyhun deyirdi ki, “nə qədər anamın adı var, mənə bata bilməyəcəksən.” Belə işlər çox olub, amma hər dəfə də anası onu polis orqanlarından xilas edib. Mənimlə yanaşı bütün sığınacağın həyatı təhlükədədir.”

Bahar RÜSTƏMLİ

AzNews.az