Yay və qış vaxtının ləğvi, tibbi sığortanın tətbiqi, nəqliyyatda qayda-qanun yaradılması və s... Yay və qış vaxtının ləğvi, tibbi sığortanın tətbiqi, nəqliyyatda qayda-qanun yaradılması və s...

Azərbaycan vətəndaşları ölkə rəhbərliyinə müraciət etdi - TƏLƏBLƏR

Yay və qış vaxtının ləğvi, tibbi sığortanın tətbiqi, nəqliyyatda qayda-qanun yaradılması və s...




Azərbaycan prezidenti və Prezident Administrasiyasının ünvanına daxil olan müraciətlər arasında ölkənin ümumi inkişafına və cəmiyyətin tərəqqisinə yönəldilmiş, vətəndaş mövqeyindən irəli gələn təkliflər də var.

"APA-Economics"in məlumatına görə, bunu Prezident Administrasiyası sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayilov bildirib.

Onun sözlərinə görə, təkliflərin mövzuları genişdir və müxtəlif sahələri əhatə edir. Təkliflərdə vətəndaşlar Azərbaycanın təbii ehtiyatlarını qoruyub saxlamaq, bu ehtiyatların yaratdığı imkanlardan bəhrələnərək onlardan ən müasir texnika və texnologiyalar əsasında istifadə etmək, bu məqsədlə alternativ və bərpa olunan enerji mənbələri yaratmaq, ekoloji tarazlığı qorumaq üçün tələbkarlığı artırmaq, iqtisadiyyatın ən müxtəlif sahələrini, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanı inkişaf etdirmək üçün təklif və arzularını bildirirlər.

"Müraciətlərin bir qismində isə ayrı-ayrı ixtiraçılar özlərinin kəşf etdiyi avadanlıqların, apardıqları elmi tədqiqatların nəticələrinin tətbiq olunması, bu ixtiralara patent verilməsi, ölkəyə daha müasir texnologiyalara əsaslanan avadanlıqların gətirilməsi və idarəetmə sistemində innovasiyalardan daha geniş istifadə olunması barədə fikirlərini bildirirlər", - deyə şöbə müdiri bildirib.

İqtisadi sahədə təkliflər verən bəzi vətəndaşlar Azərbaycan elmini daha yaxşı inkişaf etdirmək üçün müdafiə olunmuş elmi işlərin elektron elmi seminarlar formasında müzakirə edilməsini və bu yolla elmi işlərin keyfiyyətinin yüksəldilməsini, müasir texnologiyaların işlənib hazırlanması üçün müvafiq mərkəzlərin yaradılmasını, respublikada böyük xammal bazasının, tarixi təcrübənin, bu sahə üzrə güclü mütəxəssislərin olduğunu nəzərə alaraq yüngül sənayenin müasir tələblər səviyyəsində yenidən qurularaq inkişaf etdirilməsini təklif edirlər. Həmçinin, kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülməsi, o cümlədən respublikada müasir texnologiyalara əsaslanan emal müəssisələrinin yaradılması, keçmiş konserv zavodlarının fəaliyyətinin bərpa edilməsi, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün müvafiq tədarük və satış mərkəzlərinin yaradılması təklif olunur.

Təkliflərin bir hissəsi təhsil sahəsinə aiddir. Buna aid müraciətlərdə vətəndaşlar məktəblilərin təhsilində yeniliklərin tətbiq olunması, o cümlədən şagirdlərin elektron kitablardan istifadə etməsi, insanların səhhətinə mənfi təsir göstərən yay və qış vaxtlarına keçidin ləğv edilməsi, yay tətili zamanı uşaqların boş vaxtının daha səmərəli keçirilməsi üçün, keçmişdə olduğu kimi, müvəqqəti istirahət düşərgələrinin yaradılması, uşaqların mənəvi tərbiyəsini gücləndirmək məqsədi ilə uşaq telekanalının açılması, orta məktəblərdə hərbi hazırlıq dərslərinin daha yaxşı tədris olunması, kənd yerlərində mövcud kitabxanaların müasir avadanlıqlarla təchiz edilərək informasiya kompyuter mərkəzlərinə, yaxud elektron kitabxanalara çevrilməsi, tibbi sığortanın tətbiqi barədə mülahizələrini bildirirlər.

Bir sıra müraciətlərdə isə nəqliyyat xidmətini yaxşılaşdırmaq üçün Bakı şəhərinin qəsəbələrinə gedən yollarda, həmçinin magistral yollarda piyadalar üçün əlavə yerüstü və yeraltı keçidlərin salınması, yeni avtobus marşrutlarının açılması, eyni zamanda şəhər nəqliyyatının işində qayda-qanun yaradılması, artan yol-nəqliyyat hadisələrinin qarşısının alınması təklif olunur.

Respublikada bəzi idman növlərinin, o cümlədən dama və avtomobil idmanı növlərinin inkişaf etdirilməsi, xüsusilə gənclər arasında avtoxuliqanlıq hallarının qarşısını almaq, ötən il Bakıda keçirilən avtorallidən sonra onların bu idman növünə daha da artan həvəsini düzgün istiqamətləndirmək üçün şəhərdən kənarda müasir avtodrom tikilməsi və sair məsələlər barədə fikir və mülahizələr bildirilir.

"Bu təkliflər aidiyyəti qurumlarda baxılır və məqsədəuyğun olanlarının həyata keçirilməsi üçün tədbirlər görülür. Vətəndaşlar da bilirlər və əmindirlər ki, onların ölkənin inkişafına və tərəqqisinə xidmət edən heç bir təklifi kənarda qalmayacaq, diqqətlə öyrəniləcək, böyük əksəriyyəti reallaşacaq, son nəticədə insanların rifahının yaxşılaşmasına xidmət edəcəkdir", - deyə S.İsmayilov bildirib.

AzNews.az