11:26
(077) 610-22-33

Sona Vəliyeva 700 bal toplayan abituriyentlə görüşdü - Video

  • >
5 501 12 May 2017 17:20 | Cəmiyyət

Kaspi Abituriyent kurslarının məzunu, I ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanında 700 bal toplamış Vahab Cəbrayılov 11 may tarixində ailəsi ilə birlikdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevanın qonağı olub.

AzNews.az xəbər verir ki, dəyirmi masa arxasında baş tutan görüşdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Vahabı, onun ailəsini, həmçinin Kaspi Elmlər filialında Vahaba dərs keçmiş müəllimləri təbrik edib, bu nailiyyətin əldə olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib.

Çıxışı zamanı Sona Vəliyeva “Kaspi” Təhsil Şirkətinin 2017-ci ildə 10 yaşının tamam olması münasibəti ilə “Kaspi” təqaüdünün təsis olunması və bu təqaüdün ilk sahibi kimi Vahab Cəbrayılovun seçilməsi xəbərini də verib. Təsisçi, Vahabın ali təhsil alacağı illər ərzində bu təqüdü alacağı, bundan başqa, tələbənin xaricdə təhsil alacağı təqdirdə “Kaspi” Təhsil Şirkəti olaraq həm maddi, həm də mənəvi dəstəklərini əsirgəməyəcəkləri vədini verib.

Görüşdə iştirak edən, Kaspi Elmlər filialının direktoru, həm də Vahab Cəbrayılova ingilis dili dərslərini tədris edən Rəsul Ağayev Vahab haqqında danışarkən qeyd edib ki, onlar hələ bir il bundan qabaq, Vahabın “Kaspi” kurslarına müsabiqə əsasında qəbul olunduğu zaman istedadına bələd olub, nəticə etibarı ilə, Vahab və onun kimi digər istedadlı uşaqların Xüsusi istedadlılar qrupunda təhsil almalarını təmin etmişdilər.

Sonda öz ürək sözlərini söyləyən Vahab Cəbrayılov da ilk növbədə özünün ilk və ibtidai sinif müəllimi olan anasına, təhsil aldığı Lahıc məktəbinin müəllim heyətinə və 1 il müddətində ona hər bir şəkildə dəstək olan Kaspi Abituriyentin müəllimlərinə minnətdarlığını bildirib, bundan sonra isə bir tələbə və bir vətəndaş kimi hər zaman Azərbaycanın adını uca tutmağa çalışacağını söyləyib.

Bağla X