İsmayıllının icra başçısı Nizami Ələkbərov: “Mən onları bağışlamışam” İsmayıllının icra başçısı Nizami Ələkbərov: “Mən onları bağışlamışam”

“Onlara ağır cəza verilməsini istəməzdim“

İsmayıllının icra başçısı Nizami Ələkbərov: “Mən onları bağışlamışam”




AzNews.az İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun "Media forum"a verdiyi müsahibəni təqdim edir:

- Yanvarın 23-24-də İsmayıllıda baş verən hadisələrdən on beş gün ötür. Əslində rayonda nə baş vermişdi? Hazırda durum necədir?

- İsmayıllıda tam sabitlikdir. Hadisələr baş verən günü, onun səhəri günü də adi iş rejimində işlədim. Günün birinci hissəsində İvanovka kəndinə getdim, icra nümayəndəsinin hesabat konfransına qatıldım. Sonra isə icra hakimiyyətinə gəldim. Hazırda da hər hansı problem yoxdur. Bütün təşkilatlar, idarələr adi qaydada işləyir. Mən və rayonun digər rəhbər şəxsləri həmişəki qaydada əhali ilə görüşlərimizi keçiririk. Hətta həmin hadisə olan küçədə də görüş keçirdik. İki gün öncə baş tutan bu görüşdə insanları dinlədik, qaldırılan məsələlərə münasibət bildirdik. Baş verənləri hamı pisləyir, tənqid edir.

- İsmayıllıdakı hadisə iki hissədən ibarət olub. "Çıraq" otelində işləyən iki gənc sərxoş vəziyyətdə avtomobil qəzası törədib, dava salıb və ismayıllıları təhqir edib. Bundan sonra isə bir qrup insan onların hərəkətlərinə etiraz edib, iğtişaş baş verib. Əhali daha çox nəyi pisləyir?

- Əhali bunların hamısını, hadisəni, yanğın törətməyi, aləmi dağıtmağı birmənalı şəkildə pisləyir. İnsanlar deyirlər ki, Azərbaycanın düşməni ermənilərdir, yanğını düşmən olan ermənilər törədə bilər, biz bir-birimizə qarşı belə hərəkət etməməliyik. Keçirdiyimiz görüşlərdə həbs olunan gənclərin anaları da iştirak edirlər. Xahiş edirlər ki, kömək edək, bu məsələ qapansın, uşaqlar cəza almasın. Bununla bağlı xeyli müraciət almışam. Mən də tam səmimi olaraq bildirirəm ki, onlar da İsmayıllıdandırlar, xalqımızın nümayəndələridir. Artıq rayon rəhbərliyinə əlavə problem yaranıb, hər gün gördüyümüz işlərin sırasına bir problem də əlavə olunub. Biz gərək onların dərdinə qalaq. Çünki mənim ismayıllılımdır. Mən onları bağışlayıram. Onların bu vəziyyətə düşmələrini istəməzdim.

Hazırda istintaq gedir və məsələni obyektiv şəkildə araşdırır. Bizim də müraciətimiz ondan ibarətdir ki, onların tutulmalarını istəməzdik. Onlar da İsmayıllı sakinləridir. Yenə də deyirəm, mən onları bağışlayıram. İstəməzdim ki, İsmayıllının hər hansı ailəsi uzun müddət başsız qalsın. Bunu qətiyyən istəməzdim. Onların öz ailələrinin yanında olmalarını istəyirəm.

- Nizami müəllim, hadisələrdən sonra əhali ilə görüşləriniz intensivləşib. Baş verənlər əhali ilə tez-tez görüşməyinizdə nə qədər rol oynayıb? İsmayıllı sakinlərinin əsas şikayəti nədir? Bu məsələlərin həlli ilə bağlı hansı planlarınız var?

- Mən əhali ilə daima görüşürəm. Bu, əvvəllər də belə olub, indən sonra da belə olacaq. Hadisələrlə bağlı İsmayıllıdan seçilən deputat Novruz Aslan da tez-tez rayona gəlir, birlikdə görüşlər keçiririk. Rayon sakinləri onları narahat edən problemləri qaldırırlar. Hazırda İsmayıllıda su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir, küçələr qazılıb, bəzi məsələlər lazımi səviyyədə deyil. Digər tərəfdən yeni iş yerlərinin açılması ilə bağlı məsələlər qaldırılıb. Görüşlərdə təkcə o hadisə ilə bağlı müzakirələr olmur, digər məsələlər də qaldırılır. Hətta bəzən hadisələr kölgədə qalır, hər kəs onu narahat edən məsələlərdən danışır. Biz əvvəllər də belə görüşlər, müzakirələr keçirmişik. İsmayıllıda həyat əvvəlki qaydasında, ahəngindədir. Heç bir problem yoxdur. Sonuncu görüşdə İvanovka kəndindən də nümayəndələr var idi. Bəzi Rusiya saytları yazırdılar ki, guya azərbaycanlılar, hakimiyyət nümayəndələri İvanovka kəndinin əhalisini incidir, orada narazılıq, narahatlıq var. Əhali isə bunu tam təkzib etdi. Sağ olsunlar ki, təxribatların heç birinə uymadılar. Nə varsa, reallığa uyğun danışırlar, məsələlərə obyektiv yanaşırlar.

- İvanovka məsələsini ayrıca soruşmaq istəyirəm. Yanvarın 24-də hadisələr rayon mərkəzində cərəyan edirdi, iğtişaşlar yatmamışdı. Siz isə İvanovka kəndinə getmişdiniz. Niyə məhz İvanovkaya getmişdiniz? Orada hansısa hadisələrin ola biləcəyinə dair məlumatınız vardı?

- İvanovkaya getməyim əvvəldən nəzərdə tutulmuşdu, iş qrafikimdə kənddə keçirilən hesabatda iştirak etmək məsələsi var idi. Hər il İvanovka kənd icra nümayəndəsinin illik hesabatında iştirak edirəm. Bu il də iştirak etdim, hər şey normal oldu. Yəni hansısa fövqəladə hadisə baş verməmişdi və mənim İvanovkaya getməyim əvvəldən nəzərdə tutulmuşdu.

- İvanovka kəndinin indiki durumunu necə qiymətləndirərdiniz? Bir müddət əvvəl belə söhbətlər oldu ki, həmin kəndin əhalisi Rusiya ilə birləşmək istəyir...

- Tamamilə absurd, heç bir əsası olmayan iddialardır. İvanovka sakinlərinin harasa birləşmək fikri heç vaxt olmayıb, bu gün də yoxdur. Onlar Azərbaycan dövlətçiliyini, cənab prezidentin siyasətini dəstəkləyirlər. İndi Azərbaycanda bazar iqtisadiyyatıdır. Belə bir zamanda orada kolxoz təsərrüfatı qalır. Buna görə də özləri bazar iqtisadiyyatında, bu şərtlər daxilində fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Dövlət tərəfindən İvanovka sakinlərinə kifayət qədər qayğı var. Prezident İlham Əliyevin göstərişi ilə kəndə gedən yollar asfaltlanıb, ötən il 780 şagird yerlik yeni məktəb binası inşa edilib, süni örtüklü futbol meydançası tikilib, su kəməri çəkilib. Hazırda xəstəxana tikilir. Məişət qayğılarına, sosial problemlərə dövlət tərəfindən diqqət göstərilir. Onların yalnız təsərrüfatla, maddi durumla bağlı çətinlikləri var. Kolxozla bağlı qərarı özləri verməlidirlər. Biz bu işlərə qarışmırıq. Onlar heç vaxt heç bir təxribata uymayıblar, bundan sonra da uymayacaqlar. Rusiyaya birləşməklə bağlı fikirləri də olmayıb.

- Yəni insanlar üzləşdikləri sosial-iqtisadi problemləri etnik amillərlə əsaslandırmırlar?

- Qətiyyən. Belə bir məsələ yoxdur. Biz onların bütün tədbirlərində iştirak edirik. Hətta Ramazan ayı zamanı onların bütün din xadimləri bizim iftar süfrələrində iştirak edirlər. Onların da bütün tədbirlərinə rayon rəhbərliyinin nümayəndələri gedir. Həmişə sıx əlaqədə fəaliyyət göstərmişik.

- İvanovkada kolxoz quruluşu ləğv oluna, yeni bir formaya keçilə bilərmi?

- Bu onların səlahiyyətində olan məsələdir. Ulu öndərimiz Heydər Əliyev də demişdi ki, necə istəyirlərsə, elə etsinlər. Cənab prezident də onlara sərbəstlik verib, biz də. Bu qərarı onlar qəbul etməlidir. Çünki torpağın mülkiyyətçisidirlər. Hansı qərar qəbul etsələr, biz ona hörmətlə yanaşacağıq, lazımi köməkliyi göstərəcəyik.

- İsmayıllı hadisələri ilə bağlı fərqli yanaşmalar var. Kimi bunu adi yol qəzası və ona verilən emosional reaksiya, bu əsasda olan qarşıdurma, kimi sosial partlayış, digərləri siyasi hakimiyyətə qarşı inqilab, başqaları isə xarici qüvvələrin qızışdırdığı hadisə kimi qiymətləndirdi. Hadisələr sizin rəhbərlik etdiyiniz rayonda baş verib, proseslərin içində olmusunuz. Sizin yanaşmanız necədir?

- Bu, sosial partlayış deyildi. Yəni belə olsaydı, prosesə daha böyük kütlələr qoşula bilərdi. Amma belə olmadı. Mən bilirdim ki, İsmayıllı camaatı buna qoşulmayacaq. Səhəri gün meydanda 150-200 nəfər var idi. İstintaq gedir, bütün suallara istintaq hərtərəfli cavab verəcək. Amma bu, adi xuliqanlıqdan yaranan bir hadisə idi. Sonra da kənar qüvvələr buna qoşuldu. Hesab edirəm ki, kimlərinsə bura qoşulmaları uğur gətirmədi. Bunu qətiyyən sosial partlayış, dövlətə, dövlətçiliyə qarşı yönələn hadisə, inqilaba cəhd adlandırmaq olmaz. Çünki geniş kütlələr bu prosesə qoşulmadı.

- Sizcə, bu kənar qüvvələr kim idi?

- Bunlara istintaq cavab verəcək. Müxalif, müxtəlif qüvvələr var. Geniş danışmağa çətinlik çəkirəm.

- Bu hadisəyə görə iki müxalifət təmsilçisi həbs olunub. Sizcə, kənar qüvvələrin arasında Tofiq Yaqublu və İlqar Məmmədovun adını çəkmək olarmı? Onların həbsini necə qiymətləndirirsiniz?

- Bir daha deyirəm ki, bu məsələlərə istintaq cavab verəcək. Güman var ki, onlar buna qoşulublar. Əgər dövlət mövqeyinə, konstitusiyaya, qanuna zidd çağırış ediblərsə, məsələni qızışdırmaq üçün addımlar atıblarsa, təbii olaraq cavab verməlidirlər. Amma bunu da istintaq araşdırıb cavab verməlidir.

- İndiyə kimi neçə adam həbs olunub?

- Dəqiq rəqəm deyə bilmərəm. Amma təxminən 14-15 nəfər həbs olunub.

- Həbslərin çoxalması İsmayıllı rəhbərliyinə qarşı yeni bir etiraza gətirib çıxara bilərmi?

- Yox. Mən bütün görüşlərdə iştirak edirəm. Həbs olunan şəxslərin yaxınları xahiş edirlər ki, onlara qarşı yumşaq davranılsın, güzəşt olsun. Əslində bizim sakinlərdən tutulanların olması rayon icra hakimiyyəti üçün əlavə problemdir. Biz onların problemləri ilə məşğul olmalıyıq. Həbs olunan şəxslərdən bəzilərini tanıyıram. Onlar heç vaxt dövlətə, dövlətçiliyə qarşı çıxmayıblar. İcra hakimiyyətinə münasibətləri yaxşı olub. Onlar da başa düşürlər ki, burada cinayət olub. İstintaq çox obyektiv gedir, həqiqətən günahı olan adamlar cəzalandırılır. Günahı olmayanlara heç nə deyilmir.

- Hadisələr zamanı sizin əmlakınız yandırılıb. Şikayət etmisinizmi? Yaxud edəcəksinizmi?

- Şikayət etməmişəm və qətiyyən şikayətçi olmayacam. Mən onları bağışlamışam.

- İstintaqa ifadə vermisinizmi?

- Yox, hələlik dəvət etməyiblər. Görünür, hələlik ehtiyac yoxdur.

- Mülkiyyətinə ziyan dəyən digər insanların da şikayətçi olmamsı mümkündürmü? Onları şikayətçi olmamağa çağırırsınızmı?

- Hələlik bu barədə söhbətimiz olmayıb. Yəqin ki, onlar da şikayətçi olmazlar. Hər halda mən istəməzdim ki, şikayətçi olsunlar.

- Hadisələr zamanı rayona gələn polislər, Daxili Qoşunların əsgərləri hazırda rayondadırmı?

- Çox cüzi bir hissə qalıb. Amma rayonda sakitlikdir. Hesab edirəm k, onlar da gedə bilərlər. Hər halda öz işləridir, biz müdaxilə edə bilmərik.

- "Çıraq" oteli necə olacaq? Yenisi inşa olunacaqmı?

- Heç nə deyə bilmərəm. Onu sahibləri bilər. Amma otel tam sökülüb.

- Nizami müəllim, "Media forum" saytına əvvəlki müsahibələrinizdə otelin sahibliyinin qardaşınız oğlu Vüqar Ələkbərova aid olmadığını demişdiniz. Sonra isə sənədlər ortaya çıxdı və məlum oldu ki, otel qardaşınız, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsusdur...

- Mən elə deməmişəm. Demişdim ki, bilmirəm. İndi də bilmirəm ki, onun ora ilə hansı hüquqi mülkiyyəti təsdiq edən sənədi var.

- Bəs Vüqar Ələkbərovun həmin vaxt orada olub-olmaması? Bu məsələ də xeyli müddətdir müzakirə olunur.

- Rayonda olmayıb. Həmin vaxt Bakıda idi, övladı dünyaya gələsi idi və bu səbəbdən orada idi.

- Hadisələrə görə tutulanlara, onların ailə üzvlərinə, ismayıllılara nə deyərdiniz?

- Mən istəməzdim ki, onlar ağır cəza alsın. Onların heç birinin mənimlə ədavəti yoxdur. Bir-iki nəfəri tanıyıram. Onları görsəm deyərdim ki, bu nə hərəkətdir? Onlara ağır cəza verilməsini istəməzdim. Arzu edirəm ki, tezliklə azad olunsunlar və ailələrinin yanına, evlərinə qayıtsınlar.