Mayın 14-də Moskvada yaşayan azərbaycanlı yazıçı, şərqşünas alim, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əbdül Hüseynov 92 yaşında vəfat edib. Mayın 14-də Moskvada yaşayan azərbaycanlı yazıçı, şərqşünas alim, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əbdül Hüseynov 92 yaşında vəfat edib.

İran şahının qapısını dəvətsiz açan azərbaycanlı - maraqlı faktlar

Mayın 14-də Moskvada yaşayan azərbaycanlı yazıçı, şərqşünas alim, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əbdül Hüseynov 92 yaşında vəfat edib.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, məhsuldar ömür sürən, qəribə taleli yazıçının həyatında bir çox itki və nailiyyətlər olub. Təəssüflər olsun ki, Azərbaycanda geniş oxucu kütləsi tərəfindən lazımı dərəcədə tanınmayan yazıçı, bütün SSRİ-də, həmçinin, ölkəmizdə elitar ziyalı kütlənin dərin hörmət bəslədiyi şəxslərdən olub.

Demək olar ki, bütün ömrünü məsul vəzifələrdə keçirən mərhum yazıçı Azərbaycanı heç zaman unutmayıb. Yazdığı 30-a qədər kitabın əksəriyyəti Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlıdır.

Əbdül Hüseynov Moskvada yaşasa da, xüsusən, ömrünün son illərində mütəmadi olaraq, Bakıya gələr, burada yaradıcılıqla məşğul olardı.

Bakıda onunla daimi ünsiyyətdə olan şəxslərdən biri jurnalist Tahir Aydınoğlu Modern.az saytına açıqlamasında Əbdül Hüseynov haqqında bilgiləndirici informasiyaları deməklə yanaşı, onun vətəndə nə üçün tanına bilməməsinin səbəblərinə də toxunur:

“Əbdül Hüseynovun vəfatı onun həmyerlilərini çox kədərləndirdi. 92 il ömür yaşadı, amma hər dəfə Bakıya gələndə zarafatla ona deyərdik ki, Əbdül müəllim, gümharsınız, yaxşısız, ən azından yüzü yaşamalısız. Şəxsən məni Əbdül müəllimin yüzü haqlaya bilməməsi dərindən kövrəldir. Əbdül müəllimin Azərbaycanda az tanınmasının da səbəbləri var. Tale elə gətirmişdi: o, uşaq vaxtından ata-anasını itirir, İkinci Dünya Müharibəsinin od-alovundan çıxır. Müharibədən sonra Bakıya qayıdır. Özünə uyğun iş tapa bilmədiyi üçün dogma şəhərini tərk edir. Türmənistana gedir və orada qısa müddətdə mədəniyyət nazirinin müavini olur. Sovetlər İttifaqı Həmkarlar Şurasının türkdilli xalqlar üzrə katibi vəzifəsində çalışır. Daha sonra diplomatik fəaliyyətə başlayır. Sovet filmlərinin Şərq ölkələrində təbliği və satışına nəzarət edirdi. Bu, sovet dövlətinə valyuta gətirən vacib bir iş idi. Türkiyə, İranda bu fəaliyyətini həyata keçirirdi. Bu səbəbdən də, Şərq ölkələrini çox dərindən öyrənmişdi.

Əbdül müəllim Türkiyənin beş qurumunu- mədəniyyət, həmkarlar təşşkilatı və s. tədqiq edib elmi iş müdafiə etmişdi. Sovet İttifaqı prizmasından Türkiyəni dərindən öyrənmiş şərqşünas alim kimi də qiymətli insan idi. Bu qədər məhsuldar ömür sürdüyü üçün Azərbaycana gəncliyində, ömrünün ən aktiv illərində az gəlmişdi. Daha çox təqaüdə çıxandan sonra hər zaman ürəyində yaşatdığı Azərbaycana get-gəl eləməyə başladı. Həmin əlaqəni də bizim naşir dostumuz Hacı Mehman Fərzullayev təşkil etmişdi. Mehman Fəzrulayevin sayəsində Bakıya tez-tez gələrdi. Demək olar, hər yay ezamiyyətini burada keçirərdi. Mehman müəllim ona zorla mehmanxanadan öz evinə aparardı. Bizim “Xalq qəzeti”ndə, Azərbaycan Yazıçılar Birliyində görüşləri də olub”.

Əbdül Hüseynovu ən yaxşı tanıyan azərbaycanlılardan biri, bəlkə də birincisi, Tahir Aydınoğlunun yuxarıda adını çəkdiyi naşir-jurnalist Hacı Mehman Fərzullayev olub. M. Fərzullayevin Əbdül Hüseynov haqqında dedikləri də maraqlıdır:

“Bakının Əmircan kəndində neftçi ailəsində anadan olub. İkinci Dünya Müharibəsində iştirak edib. Ondan sonra Türkmənistana gedib. Orada həm institut oxuyub, həm də kino mexanik kimi çalışıb. Sonradan Türkmənistan mədəniyyət nazirinin müavini vəzifəsinə qədər yüksəlib. Bu postda olarkən, SSRİ təhsil nazirinin birinci müavinin nəvəsi Türkmənistana gəlib. Orada keçirilən gənclər günündə gənc nazir müavini ilə tanış olub və onu Moskvaya dəvət edib. Əbdül müəllimə deyib ki, sənin yerin buralar deyil, mütləq Moskvaya gəlməlisən. Gedib və orada qısa müddətə çox yüksək vəzifələrdə çalışıb. İttifaqda nə qədər kinoteatrlar və kino ilə bağlı qurum varsa, hamısı ona tabe olub. Daha sonra isə həmkarlar təşkilatı sistemində yüksək vəzifədə çalışıb. Aspiranturanı da oxuyub bitirir və namizədlik dissertasiyasını müdafiə edir. Bundan sonra Əbdül müəllimin diplomatik fəaliyyəti başlayır. “Soyuz Video-kino Eksport”a gedir və sonra da İrana göndərilir. İranda bütün SSRİ-də çəkilən filmlərin təbliği və satışına nəzarət edir. On ildən artıq İranda çalışır. O zaman Əbdül müəllimin çox böyük səlahiyyəti var idi, onun idarəsinin büdcəsi SSRİ-nin İrandakı səfirliyinin büdcəsindən iki dəfə çox olub. Rza şah və onun ailəsi ilə yaxın dost olub. Şahın evinə birbaşa dəvətsiz gedən tək-tük insanlardan birinə çevrilib. İrandan sonra Türkiyəyə göndərilir. Orada da eyni vəzifədə çalışır. Türkiyə kinosu ilə bağlı bir neçə kitabın müəllifidir. Rejissor Yılmaz Güney haqqında monoqrafiya yazıb. Türkiyə Həmkarlar İttifaqı və mətbuatı haqqında da monoqrafiyalar qələmə alıb. 30-ə qədər romanın müəllifidir. Azərbaycanla və onun tarixi şəxsləri ilə bağlı kitablar yazıb. Abbasqulu ağa Bakıxanov, Xəqani Şirvani(“Şirvanlı zəvvar”), Şamaxı xanı Mustafa xan, (“Mustafa xanın xəzinəsi”), Səlahəddin Əyyubinin bioqrafiyası haqqında iki cildlik, Nizami Gəncəvi haqqında üç cildlik kitabı çıxıb”.

Mehman Fərzullayev Əbdül Hüseynovla tanışlığın maraqlı tarixçəsinə də toxunub:

“1990-ci ildə Moskvada “Panorama Azerbaydjana” adlı qəzet çıxarmaq istəyirdik. Nazirlər Soveti də 6 ay idi ki, buna icazə vermişdi. Lakin ermənilər mane olurdular. Əslində, mən Moskvaya gedib qəzeti hazırlamışdım, bircə çap və yayım işləri qalmışdı ki, buna da ermənilər imkan vermirdi. Elə o ərəfədə biz təsadüfən Əbdül müəllimlə görüşdük. Kinorejissor Əjdər İbrahimov və Moskvada bir çox məsul vəzifələrdə çalışan həmyerlimiz Vaqif Nağıyev də orada idi. Üzləşdiyimiz problemi ona danışdım. Dedi, axşam mənə zəng edərsən. Axşam bu barədə daha ətraflı söhbət etdik. Tez bir zamanda yüksək instansiyalar tərəfindən qəzetin çap və yayımına icazə verildi. Biz həmin nömrəni SSRi-nin hər yerinə yaydıq.

Daha sonra Əbdül müəllimi vətənə dəvət etdik. Çünki qəlbində vətən sevgisi çox idi. Bunu onun əsərləri də göstərir. Azərbaycan Yazıçılar Birliyində, bir neçə qəzetin redaksiyasında görüşlər keçirdik. İki dəfə AzTV-də proqrama çəkildi. Ondan sonra anadan olduğu Əmircan kəndi və orada oxuduğu məktəbə baş çəkmək istədi. Təşkil etdik, rayonun 500-ə qədər ziyalılarının toplandığı zalda Əbdül müəllimlə görüş keçirildi. Oxuduğu məktəbə də yollandıq. Məktəbin kitabxanası Əbdül müəllimin heç xoşuna gəlmədi. Cibindən 1200 dollar pul çıxarıb direktora verdi ki, kitabxananı təmir etdirsin.

Əbdül müəllim belə adam idi. Vətənini, onun insanlarını çox sevərdi. Elə Azərbaycan tarixi ilə bağlı xeyli kitablarını şəxsən mən özüm tərcümə etmişəm. Maraqlı bir hadisəni də danışım: demək, ermənilər bir dəfə hansısa konfransda kitab buraxmışdılar və onu nümayişkaranə şəkildə Əbdül müəllimə də təqdim etmişdilər. Yəni, bax, bizim belə bir kitabımız var, amma sizin yoxdu. Dilxor olmuşdu, mənə zəng etdi. Dedi, belə bir kitab buraxmaq istəyirəm ki, orada azərbaycanlılar haqqında ensiklopedik bilik əldə etmək olsun. O zaman mən hərbi nəşriyatın direktoru idim. Bakıya dəvət etdim. 40 gün bizdə qaldı, işlədi. Akademiyanın, Milli Ensiklopediyaın, Tarix İnstitutunun rəhbərləri ilə görüşdü. Mən özüm də həmin kitab- “XX əsrin məşhur azərbaycanlıları”- üçün xeyli materialların yığılmasında Əbdül müəllimə kömək etdim. 10 min tirajla rus dilində çap edildi. Azərbaycan dilinə isə özüm tərcümə etdim.

Daha sonra Əbdül müəllimin “Rusiya tarixindəki məşhur azərbaycanlılar” adlı kitabı da çapdan çıxdı. Burada da məqsəd örnək xidmətləri olan azərbaycanlıları təbliğ etmək idi. Həmin kitabda çox suala cavab tapmaq mümkündür. Hətta Kremlin tikilməsində əsas söz sahibi olmuş şamaxılı usta Kərəməli haqqında da ilk dəfə o kitabda məlumat verilib”.
Aralarında bu qədər səmimi münasibətin olmasına baxmayaraq, Mehman müəllim Əbdül Hüseynovun dəfninə gedə bilməyib. Səbəb kimi isə maddi imkansızlığı göstərib:

“Dəfninə gedə bilmədim. Öldüyü gün də, bu gün də ailəsinə telefon açmışam. Yoldaşı da mənə dedi ki, gəlmə, sənin üçün problem olar. Mən də gedə bilmədim. Amma getsəydim, ailəsi, oğlu da, qızı da çox sevinərdilər. Oğlu dünən Kanadadan gəldi. Qızı vaxtilə Rusiyanın sabiq prezidenti Boris Yeltsinin köməkçisi olub”.