11:33
(077) 610-22-33

Məşhur rus yazıçısı Əkrəm Əylisliyə dəstək verdi

  • >
286 8 Fevral 2013 13:20 | Cəmiyyət

Rusiyanın tanınmış yazıçısı Boris Akunin qalmaqallı "Daş yuxular" romanının müəllifi Əkrəm Əylisinin müdafiəsinə qalxdı. Modern.az saytı xəbər verir ki, öz bloqundakı "Pro Azerbaycan" ("Azərbaycan haqda") qeydində B.Akunin bildirib: "Bilirəm ki, bu mətni oxuyaraq bəzi azərbaycanlılar deyəcəklər: necə yaşamağı başqa ölkələrə dərs keçmək rusiyalı ədəbiyyatçının işi deyil, qoy Tanrı nə gündə olan öz evinin halını fikirləşsin. Amma mən Azərbaycan barədə son kitabı yazdıqdan sonra bu ölkə mənim üçün artıq yad deyil, çünki biz yazıçıların quruluşu belədir".

B.Akunin daha sonra yazır: "Azərbaycan və azərbaycanlıları bəyəndim. Sehrli Bakı şəhəri məni çox mütəəssir etdi. Əlavə edim: orda və insanlarla ünsiyyətdə olarkən, anlamağa başladım ki, Azərbaycan-erməni düşmənçiliyinin tarixi hələ də qəliz və "ağ-qara" deyil. Mənə ədalətsiz göründü ki, bu münaqişədə dünya birmənalı olaraq yalnız bir tərəfi dəstəkləyir. Hesab edin ki, mən azərbaycanfil (azərbaycanpərəst – red.) oldum.

Amma Siz özünüzlə nə edirsiniz, əziz azərbaycanlılarım?

Cəsarətli bir adam – yazıçı Əkrəm Əylisli ortaya çıxdı, uzun müddətdən sonra bizi barışığa doğru addım atmağa çağırdı. Məhz yazıçı kimi çağırış etdi – bədii mətn yazdı. Barışığa doğru addım deyildikdə: qulaq asın, baş verənlərdə sizin də günah payınız var.

Buna görə Əkrəm Əylisliyə dövlətin, ictimai təşkilatların və xalq kütlələrinin qəzəbini yönəltdiniz. Bir adama qarşı. 75 yaşlı yazıçıya qarşı. Romana görə...

Xahiş edirəm, dayanın! Siz bütün dünyanın gözü qarşısında öz ölkənizə ağır zərər yetirirsiniz. Məgər bilmirsiniz ki, yazıçı ilə müharibədə dövlət prinsipcə qalib gələ bilməz? Öldürə bilər, zəhərləmək asandır. Amma bu zaman o, həmişə məğlub tərəf olacaq.

Siz Salman Rüşdi ilə olan əhvalatı təkrarlamaq istəyirsiniz? Siz mənfur ölkəyə çevrilmək istəyirsiniz?

Nümayiş etdirin ki, Azərbaycan sivilizasiyalı ölkədir və ədəbiyyata görə burda repressiyalara məruz qalmırlar.

Əkrəm Əylisliyə isə – möhkəmlik və qəlb rahatlığı. O yazmalı olduğu kitabı yazıb. Yazıçı üçün bu ən vacib şeydir".

Xatırladaq ki, bir gün əvvəll "Qolos Rossii" radiosuna verdiyi açıqlamada "Daş yuxular" romanının müəllifi Əkrəm Əylisli Rusiya ziyalılarından dəstək istəmişdi. Onun ilk dəstəkçisi Boris Akunun oldu.

Yeri gəlmişkən, Boris Akuninin yenicə nəşr olunmuş "Qara şəhər" romanı Bakı haqqındadır. Romanda hadisələr 1914-cü ilin Bakısında baş verir. Akuninin əsərlərinin həmişəki qəhrəmanı xarizmatik detektiv Erast Fandorinin on dördüncü macərasında başına maraqlı hadisələr gəlir. Xidmətçisi Masa ilə Bakıya gələn detektiv burda Odissey adlı terroristi axtarır. Detektiv gözlənilməz halda Bakıda xanımı ilə qarşılaşır. Daha sonra isə Fandorinin xidmətçisi bir erməni tərəfindən güllələndiyində, detektiv özünə Qasım adlı qoçunu köməkçi götürür.

Akunin Bakını əsrarəngiz, koloritli, sehrli və təhlükəli bir Şərq şəhəri kimi təsvir edir.

Akuninin yeni romanının ərsəyə gəlməsində fransız "Le Fiqaro" qəzetinin az rolu olmayıb. Belə ki, qəzet 2008-ci ildə aralarında Boris Akunin də olmaqla Milan Kundera, Artur Peres-Reverte, Duqlas Kennedi və başqa yazarlara qəzetin Homerdən seçdiyi bir misrasıyla başlayan əsər yazmağı sifariş veribmiş.

Əsl adı Qriqoriy Çxarataşvili olan yazıçı 1956-cı ildə Gürcüstanda gürcü ata və yəhudi ananın ailəsində anadan olub. O, uzun müddət yaponşünas kimi fəaliyyət göstərmiş, Yukio Misima, Kobo Abe, Kendzi Maruyama və başqa yapon yazıçılarının əsərlərini rus dilinə çevirib.

Yazıçı Boris Akunin imzasından başqa Anatol Brusnikin və Anna Barisova imzaları ilə də yazıb.

O, Boris Akunin imzası ilə 1998-ci ildən yazır. İlk əsəri "Qış kraliçası" adlanır. Onun "Qara şəhər" romanı bu imzayla yazdığı 14-cü romanıdır. Akunin romanlarında hadisələr Çar Rusiyası dövründə baş verir.

Rusiyanın məşhur detektiv yazıçılarından olan Akuninin əsərlərinin satışı 25 milyondan çoxdu.

AzNews.az
Bağla X