20:20
(077) 610-22-33

Türkmənçay müqaviləsi ilə bağlı tədbir

  • >
234 8 Fevral 2013 13:59 | Cəmiyyət

Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) təşəbbüsü ilə Türkmənçay müqaviləsinin imzalanmasının 185-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, millət vəkilləri, ictimai-siyasi xadimlər və politoloqların qatıldığı tədbirdə 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin nəticələri müzakirə olunub.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkmənçay müqaviləsi, onun şərtləri və Azərbaycan üçün nəticələrindən danışıb. Onun fikrincə, Türkmənçay müqaviləsini hüquqi baxımdan qüvvədən düşmüş hesab etmək lazımdır: "Son vaxtlar Azərbaycan cəmiyyətində bu problemə xüsusi diqqət yetirilmir. Milli şüurda vahid Azərbaycan ideyasını təbliğ etmək, bu müqaviləni isə hüquqi baxımdan qüvvədən düşmüş hesab etmək lazımdır. Cənubi Azərbaycanda baş verənləri daim diqqətdə saxlamalıyıq və bununla bağlı ölkə rəhbərliyi müvafiq qərarlar qəbul etməlidir".

BQP sədri, millət vəkili Fazil Mustafa isə bildirib ki, bu müqavilə artıq qüvvədən düşüb və heç bir siyasi təsiri yoxdur. O, həmin dövrdəki siyasi şəraiti diqqətə çatdırıb: "Napoleon imperiyasının çökməsi ilə dünyanın yenidən bölüşdürülməsi məsələsi gündəmə gəldi. Həmin dövrdə Rusiyanın Azərbaycanı işğal etməsinin əsas məqsədlərindən biri Dağıstanın arxa cəbhəsini ələ keçirmək idi. Sonralar şimali və cənubi Azərbaycan arasındakı fərqə də baxmaq lazımdır. Düşünürəm ki, müqavilə Şimali Azərbaycanı radikal dindən uzaqlaşdırdı və Rusiya vasitəsilə də olsa, Qərbə inteqrasiyasını sürətləndirdi".

Tədbirdə ADP sədri Sərdar Cəlaloğlu, millət vəkili İlyas İsmayılov və digər şəxslər də çıxış edib.

AzNews.az

Bağla X