22:01
(077) 610-22-33

“Bu təzyiqlər hüquq müdafiəçisini susdurmaq üçündür“

  • >
325 8 Fevral 2013 15:19 | Cəmiyyət

Hüquq müdafiəçisi Ələkbər Məmmədovun təzyiqlərə məruz qalması ilə bağlı cümə günü RATİ-də mətbuat konfransı keçirilib.

Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus Orduya Vətəndaş Nəzarəti ictimai birliyinin rəhbəri Ə.Məmmədovun məhkəməyə verilməsini hüquq müdafiəçisinə təzyiq kimi dəyərləndirib. Azərbaycanda bu hadisənin ilk dəfə olmamasına diqqət çəkib. Vətəndaş haqlarını müdafiə etdiklərinə görə bir sıra hüquq müdafiəçilərinin həbsə məruz qaldığını nəzərə çatdırıb.

Ə.Məmmədova təzyiqlərin ordudakı neqativləri açması və ictimailəşdirməsilə bağlı olduğu deyilib. L.Yunus cəmiyyətin təcridxana və həbsxanalara daha asan nəzarət etdiyini bildirib, nəinki orduya. Onun fikrincə, ordu ilə bağlı neqativləri açan hüquq müdafiəçilərinə təzyiq ordunu olan-qalan ictimai nəzarətdən məhrum etməkdir. L.Yunus bu təzyiqlərin arxasında Müdafiə Nazirliyinin durduğunu deyib.

Ə.Məmmədov orduda əsgər ölümlərilə bağlı faktları ictimailəşdirməkdə göstərdiyi fəallığa görə 2012-ci il oktyabrın 1-də Müdafiə Nazirliyi tibb və hərbi-tibbi ekspertiza idarəsi tərəfindən məhkəməyə verilib. Ə.Məmmədovun şərəf və ləyaqəti tapdaması haqda idarə rəisi Rasim Əliyev Nəsimi rayon məhkəməsində iddia qaldırıb. Hüquq müdafiəçisinin 100 min manat cərimə olunmasını tələb edir.

L.Yunus Ə.Məmmədovun əsgər ölümlərilə bağlı keçirdiyi mətbuat konfranslarında R.Əliyev barəsində hər-hansı fikir deyilmədiyinə diqqət çəkib. Ona görə də bu şəxsin ləyaqəti tapdanan şəxs kimi məhkəməyə müraciət etməsinin özünün absurd olduğunu söyləyib. Onun fikrincə, 5 ay davam edən məhkəmənin məqsədi Ə.Məmmədovu həbsə almaq yox, onu susmağa məcbur etməkdir. L.Yunus qeyd edib ki, bu mətbuat konfransının məqsədi R.Əliyevə Ə.Məmmədov barəsində iddiasını geri götürmək, iqtidara hüquq müdafiəçilərinə son qoymaq mesajı verməkdir.

Ə.Məmmədov orduda əsgər ölümlərini, xüsusilə bir sıra valideynlərin ölən əsgərlərin daxili orqanlarının çıxarılması haqda iddialarını ictimailəşdirdikdən sonra hədə-qorxulara məruz qaldığını söyləyib. Ə.Məmmədov 5 ay davam edən mülki məhkəmə prosesinin cinayət işinə dönməsini də istisna etməyib. Hüquq müdafiəçisi iddiada tələb edilən 100 min manat cərimənin hətta 25 min manatının ödənməsi qərarı çıxarılsa belə, yerinə yetirə bilməyəcəyini vurğulayıb. Məhkəmə qərarını yerinə yetirməkdən yayınması adı ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyini nəzərə çatdırıb

AzNews.az
Bağla X