20:53
(077) 610-22-33

Kaliforniyanın şəhərlərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

  • >
2 992 26 May 2017 09:46 | Cəmiyyət

Kaliforniya ştatının Qərbi Hollivud şəhəri bu il mayın 28-i “Azərbaycan Milli Günü” elan edib.

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Şəhər meri Con Heylman və Şəhər Şurasının üzvlərinin bununla bağlı qəbul etdiyi müvafiq bəyannamə Baş Konsulluğa göndərilib. Bəyannamədə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika (ADR) təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Qeyd olunur ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınıb.

Bildirilir ki, ADR dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib. Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə tanınıb.

Müstəqilliyin bərpasından keçən dövr ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrildiyi vurğulanır.

Həmçinin qeyd olunur ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 mayı Milli Gün kimi qeyd edir.

Bəyannamənin sonunda 28 may tarixi Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə çağırılır.

Qeyd edək ki, Kaliforniyanın Santa Monika və Torrens şəhərlərində də 28 may tarixi “Azərbaycan Milli Günü” elan olunub. Həmçinin, Los Anceles Vilayətinin Nəzarətçilər Şurası, Los Anceles Vilayətinin Qiymətləndiricisi və Kaliforniya Senatoru Ben Allen də Baş Konsulluğa müvafiq təbriknamələr göndəriblər.

AzNews.az

Bağla X