SÜRGÜN YERİNDƏN VARLILARIN YAŞAYIŞ MƏSKƏNİNƏ... SÜRGÜN YERİNDƏN VARLILARIN YAŞAYIŞ MƏSKƏNİNƏ...

Putinin Bakıdakı məhəlləsindən REPORTAJ

SÜRGÜN YERİNDƏN VARLILARIN YAŞAYIŞ MƏSKƏNİNƏ...



"Divarlar arxasındakı Bakı"da bu dəfə sizə çoxlarımızın adını belə eşitmədiyi bir qəsəbədən danışacağıq. O qəsəbədən ki, özü barədə təsəvvürləri bircə səfərlə alt-üst edir. Bu qəsəbədə maraqlı çox şey var. Desək ki, bu qəsəbə əhalisi arasında Rusiya prezidenti Vladimir Putinin villasının olduğu yer kimi tanınır, yəqin ki, təəccüblənərsiz... Elə biz də təəccübləndik. Amma eşitdiklərimiz ilk təəccübün maraqla ifadə olunmasına imkan verdi.

***

Beləcə üz tutduq Bakının ta o biri başına. Şimal DRES adlı qəsəbəyə. Bu o qəsəbədir ki, orada yerləşən elektrik stansiyası bir zamanlar paytaxtın 30 faizini enerji ilə təmin edirdi. Sonralar köhnəldi və ikinci nəfəsə ehtiyac duyuldu. İkinci nəfəsdən sonra isə öz fəaliyyətini bərpa etdi.

***

Qəsəbəyə yol uzundur, şəhərin mərkəzində 1 saata yaxın müddətdə avtobusla getməli olursan. Təbii ki, yoldakı dayanacaqların çoxluğu və bəzi sərnişinləri hər addımı dayanacağa çevirmək istəkləri də yolun bir az daha uzanmasına şərait yaradır. Etiraf edək ki, Xəzər rayonunda yerləşən bu qəsəbə barədə düşündüklərimizdə haqlı olmadığımızı görmək çox zaman aparmadı. Asfalt küçələr, səliqə-sahman. Hətta bir zamanlar inşa edilən yaşayış binalarını eyni ölçüsü və eyni rəngi insana fərqli bir əhval-ruhiyyə bəxş edir. Amma bu o demək deyil ki, bütün küçələr asfalt, bütün evlər də villadır. Burada da torpaq yollar var, əslində qumlu yollar desək, daha doğru olar. Məhz bu qum səbəbindən yağış yağanda yollarda palçıq yaranmır. Burada da zibil qutuları olan yerdə zibili kənara atanlar var. Görünür bu, həm də düşüncə və davranış məsələsidir. Belə olmasaydı, boş zibil qutularını qoyub zibili kənara tullamaq kimi düşüncəsiz addımı atmazdılar.

Sürgün yerindən varlı məhəlləyə...

Bəzi qəsəbənin içərisinə aparan taksi sürücüsü deyir ki, buralar bir zamanlar "sürgün yeri" olub. Bir zamanlar dedikləri isə, ikinci dünya müharibəsindən sonraya təsadüf edir. Yataqxana tipli binalarda, şəhərdən çox uzaqda yaşamaq kimlərəsə kəsilən cəza olub. Ancaq sonradan ərazi "qiymətlənib" və son bir neçə ildə boş torpaq sahəsi tapmaq demək olar ki, mümkün deyil: "İndi burda yüksək vəzifəli məmurların, nazirlərini çoxunun villası var. Əsasən yayda, ya da bayram günlərində gəlirlər. Digər vaxtlarda villalar ya boş olur, ya da gözətçilərin ümidinə qalır. Bu da dolanışığın bir yoludur. Eləsi var ki, ildə heç bir dəfə də gəlmir, ya da səhər gəlib axşam şəhərə qayıdır. Gələndə də çox sakit gəlirlər".

Varlıları bura yod çəkir

Bu qəsəbədə varlıları və yüksək vəzifəliləri maraqlandıran nə olduğunu da öyrəndik. Məlum oldu ki, onları Şimal DRES-ə yod çəkir. Çünki deyilənə görə, qəsəbənin havasında yod var və buna görə də zobdan əziyyət çəkənlərə hava müsbət təsir edir. Digər səbəb sakitlikdir ki, burada da onlara haqq verməmək mümkün deyil.

Velosiped - əyləncə və iş

Qəsəbədə o qədər sakitlikdir ki, sanki həyatın olduğunu unudursan. Küçələrdə nəqliyyat vasitələri azdır, velosiped isə təkcə uşaqların yox, böyüklərin də "əyləncəsidir". Deyəsən təkcə əyləncəsi yox, həm də iş aləti. Burada işıq pulunu ödəmək üçün poçta velosipedlə gedənə də rast gələrsən, küçələri dolaşıb tum satana da. Hər ikisi də deyir ki, velosiped təkcə ayaqlarını yerdən götürmür, həm də idmandır. Söhbət işdən düşmüşkən, pul qazanmağın yolunun marketlərdən keçdiyi "həqiqətinə" burada da əməl edənlər az deyil. Amma pərakəndə ticarətlə məşğul olanlar da tapılır - məsələn bağlı qapısının qarşısına üstündə bir-iki kartof və "Gədəbəy kartofu" elanını qoyub qapının arxasında müştəri gözləyənlər kimi...

Burada Putinin də villası var

Şimal DRES-in maraqlı sakinləri arasında nə qədər qəribə olsa da, Rusiya prezidenti Putinin də adı çəkilir. Doğrudur, bir çoxları bu barədə danışmaq istəmir, bəzilərini isə məlumatı yoxdur. Amma bütün hallarda kimlərsə nəsə bilir və bildiklərini danışmaqdan çəkinmirlər. Məhz bu "cəsarət sahiblərindən" öyrənirik ki, Putinə villa 10-15 il əvvəl hədiyyə edilib. Azərbaycana gələndə dincəlmək üçün. Təmiz havası və əsəbləri sakitləşdirən mühit görünür, Rusiya prezidentini də xoşuna gəlib. Onu buralarda şəxsən görən yoxdur. Ancaq iki il əvvələ qədər gəldiyini deyənlər var. Sakinlər onu görməsə də, qəsəbədə idmançı görünüşlü, tanımadıqları adamların gözə dəyməsi ilə deyilənləri əsaslandırırlar.

Prezidentin dostu olan azərbaycanlı general

Sakinlərin sözlərinə görə, Putini qəsəbədə müşayiət edənlər arasında Rusiyada yaşayan azərbaycanlı general Faiq Cəfərov da olur. "Arsenal" hərbi-sənaye müəssisəsində yüksək vəzifə tutduğu bildirilən F. Cəfərovun Putinlə dost olduğu və Azərbaycana səfərlərdə generalın onun yanında olduğu də bu qəsəbənin "əfsanələri" arasındadır: "Ancaq 2 ildən çoxdur ki, general da gəlmir. O, 1959-cu ildə doğulub, əslən Masallıdandır. Sonralar Rusiyada yüksək məqama çatıb. Deyirlər ki, Putinlə çox yaxın dostlardır, tez-tez görüşürlər. Amma onun burda evi yoxdur, çox sadə adamdır. Gələndə də burdakı dostlarından birinin evində qalır".

Gimnaziya cazibəsi

Şimal DRES sakinləri məktəb, uşaq bağçası sarıdan korluq çəkmir. Bir zamanlar internat olan müəssisə 3 ildir ki, gimnaziyaya çevrilib. Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Paytaxt və bölgələrdən humanitar təmayüllü bu gimnaziyaya gələnlər çoxdur. Görünür burada müəssisədə yemək ya yataqxana ilə təminat da xüsusi rol oynayır. Qəsəbədəki 230 saylı məktəb və 51 saylı uşaq bağçası da təmirlidir.

***
Amma bütün bunlar o demək deyil ki, burada həyat problemsizdir. Qəsəbədə əsas problem içməli su ilə bağlıdır. Bəzi həyətlərdə 3 metrdən çıxan su bəzi həyətlərdə 50 metrdən çıxır. Texniki su olduğundan bütün ehtiyacları bu su ilə təmin etmək mümkün olmur. Sakinlər bizi inandırmağa çalışır ki, dənizin yaxınlığındakı həyətlərdə hətta şirin su da çıxır: "Möcüzədir. Dənizin yaxınlığında şirin su...".

Çörək və su pulu

Su qəsəbəyə günaşırı hər dəfəsində də 1 saat olmaqla verilir. Buna görə də ehtiyat təbirlər görmək zərurətə çevrilib. Bəzi həyətlərdə iki su çəninin qoyulması kimi. Ancaq günaşırı 1 saat verilən bu sudan içmək, yemək bişirməkdə istifadə etmək olmur. Çünki texniki sudur. Buna görə də sakinlər vedrəsi 10 qəpiyə içməli su alırlar. "Qışda eybi yoxdur, amma yayda çətin olur. Elə gün olur ki, neçə vedrə su almalı oluruq. Deməli, hər gün çörəkpulu ilə yanaşı, su pulu da qazanmalıyıq" deyə taksi sürücüsü zarafatla deyir...

Elnarə Əlosmanqızı
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description