Qüdrət Həsənquliyev: “Əkrəm Əylisli bunu Ermənistanda yazsaydı, onun meyitini küçədə sürüyərdilər” Qüdrət Həsənquliyev: “Əkrəm Əylisli bunu Ermənistanda yazsaydı, onun meyitini küçədə sürüyərdilər”

“Ola bilməz ki, xalqın içindən bu qədər nadürüst, şərəfsiz bir insan çıxa bilsin“-MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Əkrəm Əylisli bunu Ermənistanda yazsaydı, onun meyitini küçədə sürüyərdilər”




Yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı cəmiyyətdə böyük ajiotajla qarşılanıb. İsmayıllı hadisələri ilə bağlı İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsi isə siyasi gündəmdə əsas yer alan məsələlər sırasındadır. Lent.az-ın suallarını cavablandıran BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin məsələlərə yanaşması da orjinaldır...


- Əkrəm Əylisinin "Daş yuxular" romanını oxumusunuz?

- Bəli, məlumatım var.

- Əsərə münasibətiniz necədir?

- Hər bir azərbaycanlının münasibəti necədirsə, elədir. Ancaq sözün doğrusu, düşünürəm ki, bu məsələdə bir az diqqətli olsaydıq və Əkrəm Əylislinin psixoloji durumunu, səhhətini araşdırsaydıq, bəlkə də yanaşmamız fərqli olardı. Bu yaxınlarda ABŞ-ın sabiq prezidenti Ronald Reyqan dünyasını dəyişdi. O, ömrünün son illərində ABŞ ictimaiyyətinə müraciət etdi ki, artıq yaşa dolub, yaddaşı itir və müəyyən məsələlərlə bağlı qiymətləndirməsi düzgün olmaya bilər. Ona görə bildirdi ki, deyə biləcəyi hər hansı sözə görə Amerika xalqından, dostlarından, tanışlarından bəri başdan üzr istəyir.

Azərbaycanda gözəl bir söz var. Deyirlər ki, yaşa dolan insanların bir kateqoriyası müdrikləşir, digər kateqoriyası isə xərifləyir. Xərifləməyin mənası da o deməkdir ki, insan orqanizmində gedən qocalma prosesləri ilə əlaqədar olaraq bilərəkdən yox, yanlış olaraq öz ailəsinin, yaxınlarının, xalqının heysiyyətinə toxuna biləcək fikirlər səsləndirir. Mən Ronald Reyqanın timsalında bunu söylədim. Əkrəm Əylisli əvvəllər də şöhrətpərəst olub, bunu çox adam bilir, görür, hiss edirdi. Amma fərqlənən bir yazıçı, həm də xalq yazıçısı kimi cəmiyyətdə ona bir hörmət var idi. Mən özüm ixtisasca hüquqşünasam, hüquqi psixologiya öyrənmişəm. İnsanda şizofreniyanın ilk əlaməti özünütənqid hissinin itməsidir. Naxçıvanda bir söz var, deyirlər ki, "tır", yəni dediyinin üstündə duran. Əkrəm Əylislinin son müsahibələrində, müzakirələrdə də bunu müşahidə etdim. İndi o, tırlığına salıb və dediyinin üstündə durub. Mənim indiyə qədər tanıdığım yazarların Azərbaycan xalqına bu qədər zərbə vura biləcək, xalqımızı bu qədər aşağılayacaq ikinci bir yazısını xatırlamıram. Ona görə də deyirəm ki, Əkrəm Əylislinin xəstəlik məsələsi araşdırılmalıdır. Ola bilməz ki, özünü bu millətdən hesab edəsən, bu romanınla xalqlar arasında düşmənçiliyi bu qədər gücləndirəsən. O romanı oxuyan erməninin Azərbaycana nifrəti 100 qat artacaq. Bəlkə də bir sadə erməni gələcəkdə azərbaycanlılarla bir yerdə yaşamaq istəyərdi, həmin erməninin Azərbaycana olan nifrəti 100 qat artacaq. Həm də təkcə həmin erməninin yox, sivil insanların, Avropanın, dünyanın başqa xalqlarının! Bu baxımdan hesab edirəm ki, bu əsər xəstə təxəyyülün məhsuludur və orqanizmində baş verən proseslərlə bağlıdır. Əgər belədirsə, bu, araşdırılmalıdır. Çünki bundan sonra da Əkrəm Əylisli bu tipli yazılar yaza bilər. Ona görə də dünya ictimaiyyətini və ölkə ictimaiyyətini məlumatlandırmalıyıq ki, Əkrəm Əylisli xərifləyib və buna görə də bundan sonra onun yazdıqlarına görə nə qohumları, nə yaxınları bir mənəvi məsuliyyət daşımamalıdırlar.

- Ancaq Milli Məclisin yaz sessiyası çərçivəsində keçən həftə keçirilən iclasında bu əsərə münasibət bildirənlər sırasında yox idiniz. BAXCP-nin bəyanatına da rast gəlmədik.

- Mən həmin günlər Polşada səfərdə idim. Səfər zamanı ciddi xəstələnmişdim və buna görə də səfərdən qayıdandan sonra bir neçə gün də evdə oldum, işə çıxmırdım. Amma partiyamızın rəhbərliyində təmsil olunan insanların bu məsələ ilə bağlı çox sərt reaksiyaları, münasibətləri olub. Partiya sədrinin müavinlərinin mətbuatda, televiziyalarda kifayət qədər sərt münasibətləri yer alıb.

- Yeri gəlmişkən, Əkrəm Əylislinin təmsil olunduğu Ziyalılar Forumunda da bu romana münasibətdə bir susqunluq var. Bu susqunluq sizin üçün gözlənilən idimi?

- Təəssüf edirəm ki, Ziyalılar Forumu bu günə qədər məsələ ilə bağlı mövqe bildirməyib. Çox təəssüf ki, Azərbaycanda siyasi mədəniyyət yüksək səviyyədə olmadığına görə firqə, qrup maraqları ümummilli maraqlardan önə çəkilir. Burada da şəxsi münasibətlər, Ziyalılar Forumunun özünün maraqları önə çəkilir. Əkrəm Əylisli bu cür romanı, açıqlamaları ilə Ziyalılar Forumunu da gözdən salıb. Həm də Ziyalılar Forumunda insanlar da bu məsələyə münasibət bildirməməklə özlərini daha da gözdən saldılar. Onsuz da Ziyalılar Forumuna Rüstəm İbrahimbəyovun liderlik etməsi bu Forum barədə ciddi şübhələr yaratmışdı. Rüstəm İbrahimbəyoun Kremlə, Rusiyaya bağlılığı bir çox azərbaycanlı üçün sirr deyil. Digər tərəfdən, Ziyalılar Forumunun "Daş yuxular"a reaksiya verməməsi həm də bir çox insanlarda şübhə yaradır ki, Əkrəm Əylisli sovet dövründən rus kəşfiyyatına işləyən adam olub. Mən şəxsən camaat arasında bu söhbətləri eşidirəm ki, o, hər zaman Moskvanın əlində olub, məhz bu ərəfədə Azərbaycan daxilində gərginlik yaratmaq üçün bu yazı da Kremlin sifarişi ilə ortaya çıxıb. Amma, sözün doğrusu, mən öz variantıma, onun xərifləməsi variantına üstünlük verirəm. Lakin Ziyalılar Forumundakı insanların susması da ictimaiyyəti çox ciddi şəkildə şübhələndirdi. Guya bunlar haqq-ədalət, demokratiya uğrunda mübarizə aparırdılar, amma susmaqla bu dəyərləri növbəti dəfə gözdən saldılar. İnsanlara bir daha bəlli oldu ki, dava başqa davadır. Onlar erməni ilə də, hər kimlə də əməkdaşlığa hazırdırlar ki, Azərbaycanda hakimiyyəti dəyişsinlər. Dəyərlərə çox böyük zərbə vurdular. Bu il Azərbaycanda seçki ilidir. Bizim böyük gözləntilərimiz vardı. Seçkidə qalib gəlmək imkanlarımız xeyli dərəcədə məhdud olsa da, seçkidən güclü bir müxalifət kimi çıxacağımız ümidi ilə yaşayırdıq. Amma onlar buna da öldürücü zərbə vurdular.

- Əkrəm Əylisli bir kənddə, rayonda, bölgədə böyüyüb, siz də Naxçıvanda anadan olmusunuz, həm də ordan deputat seçilmisiniz. Naxçıvanda ona münasibət necədir, yaxın zamanlarda o bölgəyə getməyi nəzərdə tutursunuzmu?

- Mənə son günlər ərzində çoxlu zənglər olub. Dünən də Əylisli kəndində böyük bir yığıncaq keçirilib. Yeri gəlmişkən, Qriqoryev adlı rus məmuru olub. Türkmənçay sülh müqaviləsi bağlanandan sonra Naxçıvan Rusiyanın tərkibinə keçir. Naxçıvan Rusiyanın tərkibinə keçəndən sonra həmin Qriqoryev Naxçıvana canişin kimi göndərilir. O, 1833-cü ildə Naxçıvan barədə statistik məlumatları toplayaraq Peterburqa göndərir. Bu yaxınlarda Qriqoryevin Peterburqa göndərdiyi həmin rəsmi sənədlə bağlı kitab çıxıb. O kitab da bizdə var, o məlumatlar da artıq Azərbaycan ictimaiyyəti üçün bəllidir. Qriqoryev yazıb ki, Türkmənçay sülh müqaviləsinə qədər Naxçıvanda cəmi 450 erməni ailəsi yaşayıb. Türkmənçay sülh müqaviləsi bağlanandan sonra 2500 erməni ailəsi İrandan Naxçıvana köçürülür. Qriqoryev qeyd edir ki, o erməni ailələrinin bir qismi də Əylisdə yerləşdirilib. Əylisə də ermənilər ruslar tərəfindən köçürülüb. Siz təsəvvür edin ki, Əylisin köklü insanları, ordubadlılar Əkrəm Əylislinin bu əsərinə münasibətləri necə olacaq?! Birincisi, o, Əylis camaatını həddindən artıq təhqir edir, aşağılayır, alçaldır. İkincisi, Əkrəm Əylisli erməniləri, ermənilərin Qriqoryan kilsəsini qaldırıb dağın başına qoyur, müqəddəs bir kilsə kimi təqdim edir. Üçüncüsü, Əkrəm Əylisli doğulub boya-başa çatdığı Əylis kəndinin camaatının timsalında azərbaycanlıların çox geridə qalmış bir millət kimi təqdim edir. Əylisdə keçirilən yığıncaqla bağlı video-kadrlarda da görünürdü ki, kənddə uşaqdan böyüyə hamı küçəyə çıxmışdı və hamısı ona lənət oxuyurdu. Mən Naxçıvanda doğulub boya-başa çatmışam, həm də Ordubadın millət vəkiliyəm. Naxçıvanda Əkrəm Əylisliyə olan münasibət Azərbaycanın başqa bölgələri ilə müqayisədə 10 dəfə artıqdır. Ona görə ki, ermənilərin törətdikləri genosiddən, soyqırımdan çox əziyyət çəkən bölgələrdən biri Naxçıvan olub. Andranikin quldur dəstəsi mənim anadan olduğum Culfa rayonunun Yayçı kəndində, Ordubadın özündə hansı qəddarlıqları törədiblər?! Mən uşaq idim, ağsaqqallarımızdan, böyüklərimizdən eşidirdik ki, ermənilər hamilə qadınların qarınlarını kəsərək körpələri çıxarıb, qadınların kürəyinə qaynar samovarlar bağlayaraq onların qaçmasına qıraqdan gülüşürlərmiş. Elə vəhşiliklər ediblər ki, onlar yaddaşlardan silinməz. Belə bir yerin camaatının Əkrəm Əylisliyə münasibəti necə ola bilər? Ona görə də hesab edirəm ki, Əkrəm Əylisinin soyadı Naibovdur, Əkrəmi "Erməni" etmək, adını "Erməni Naibi" qoymaq lazımdır. O, ailəsinə də, uşaqlarına da başaşağılığı gətirib. Amma sonda yenə də ümidimi o versiyama bağlayıram ki, yazdıqları xəstəliyi ilə bağlı ola bilər. Doğurdan da bu, onun xəstəliyi ilə bağlı olarsa, bağışlamaq lazımdır. Çünki bu halda Əkrəm Əylisli bunu şüurlu surətdə yazmayıb. Hesab edirəm ki, Əkrəm Əylisli xərifləyib. Bunu tezliklə bizim həkimlər araşdırmalıdır.

- Lakin bəzən belə fikirlər də səslənir ki, Əkrəm Əylisliyə qarış xüsusi kampaniya təşkil olunub.

- Əgər bunu müxalifətə qarşı aktiv fəaliyyət göstərən, hakimiyyəti dəstəkləyən bir yazıçı yazsaydı, həmin İctimai Palata, Ziyalılar Forumu nələr deməzdi və yazmazdı! Burada təbii bir məqam da var və bunu normal qəbul etmək lazımdır. İkincisi, hamı xalqın qəzəbini görür və hamı da xalqı ilə bir yerdə olmaq istəyir. Amma yenə də deyirəm, hətta mən daxilən hiss etsəm ki, Əkrəm Əylisli haqlıdır, amma xalqımızın böyük hissəsi bu məsələdə yanlışlığa yol verir, yanılır, mən tərəddüd etmədən Əkrəm Əylislini müdafiə edərdim. Çünki çoxluq həmişə haqlı olmur. Amma o, elə şeylər yazıb ki, ona necə haqq qazandırmaq olar? Şəxsən bunu təsəvvür etmirəm. Onu müdafiə etmək istəyən insanlara da demək istəyirəm ki, ya onlar bu romanı oxumayıblar, ya da Əkrəm Əylislinin başqa variantıdırlar. Ola bilməz ki, öz xalqını bu qədər aşağılayasan. Başqa vaxt olsaydı, bəlkə də kimsə buna hansısa formada dözə bilərdi. Amma hələ müharibə başa çatmayıb, ermənilər 1 milyon insanımızı yurd-yuvasından qovub, didərgin salıb. Torpaqlarımızın 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır və hələ də işğalçılar o torpaqlarda oturublar. Belə bir vaxtda sən işğalçı dövlətin vətəndaşlarını tərifləyəsən, müharibəni alovlandırmış Qriqoryan kilsəsini müqəddəsləşdirəsən, müsəlmanları aşağılayasan, bu, heç bir əxlaq çərçivəsinə sığmır, insanlığa sığmayan bir şeydir. Xalqı bu qədər təhqir etməyi bir tərəfə, həm də xalqı bu qədər qanmaz yerinə qoyur. Deyir ki, bu, barışa yol açan bir əsərdir. Hansı barışa yol açır? O romanı oxuyan erməninin Azərbaycana nifrəti 100 qat artacaq, hansı barışa yol açdı?! Əkrəm Əylisli yazır ki, erməninin birini də buzlu suya atdılar, özləri də hovuzun ətrafına yığışıb ona təpiklədilər, sudan çıxmağa qoymadılar. Əkrəm Əylisli o mədəni saydığı Ermənistanda belə bir yazı yazsaydı, onun özünü o buzlu suyun olduğu hovuza atardılar, ağzına təpiklə vurub qoymazdılar ki, hovuzdan kənara çıxsın. Onu o cür öldürərdilər. 1994-cü ildə Ermənistanda yazıçılardan biri ürkək formada demişdi ki, Azərbaycan qonşumuzdu, onlarla sülh şəraitində yaşamalıyıq. Ermənilər onun evini yandırdılar, başına da güllə ilə vurdular. Ailəsi də Ermənistandan baş götürüb qaçdı. Dəmirçiyan, Vazgen Srəkisyan bir balaca Azərbaycanla dil tapmağa, barışmağa meylləndilər, parlamentə girib onları güllələdilər. Əkrəm Əylislini burada hamı təhqir etsə də, indiyə qədər ona qarşı nə bir zorakılıq, nə başqa bir addım yoxdur. Əkrəm Əylisli çox gözəl bilir ki, xalqımız çox tolerant və mədəni bir xalqdır. O, Ermənistanda olsaydı, belə bir yazını yazmağa cəsarət edərdi? İndi onun başına güllə vurub, cəsədləri maşının arxasına bağlayıb İrəvanın küçələrində sürüyərdilər. Necə o deyir ki, haqqım var, bunu yazmışam, başqalarının da haqqı var ki, onun yazdığına öz münasibətini bildirsin. Əkrəm Əylisli yazıb, insanlar da oxuyaraq münasibətlərini bildirirlər. Onun əleyhinə olan münasibət də kifayət qədər ədalətlidir. O, artıq bir çox məsələlərdə mənəvi haqqını itirib. Ancaq mən yenə də fikirləşirəm ki, ola bilməz ki, gözəl xalqımızın içindən bu qədər nadürüst, nanəcib, şərəfsiz bir insan çıxa bilsin. O, tək xalqımıza yox, müharibə vəziyyətində olduğumuz ermənilərlə bir araya gəlməyimizə belə böyük zərbə vurub. Ona görə də mən bunu yenə də onun xəstəliyinə bağlayıram. Onun xəstəliyi təsdiqlənsə, mən onun haqqında dediyim bu neqativ fikirləri geri götürəcəm. Çünki xəstə insan şüurlu surətlə bunu demir və yazdıqlarının heç biri də ciddiyə alınmamalıdır.

- Gündəmdəki digər məsələ, İsmayıllı hadisələrinə münasibətinizi də bilmək istərdik. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və bloqer İlqar Məmmədov haqqında həbs qəti-imkan tədbiri keçirilib. Bu həbsləri necə qarşıladınız?

- Mən 3 il ərzində İsmayılının deputatı olmuşam, camaatı tanıyıram. İsmayıllı camaatı kifayət qədər müdrik, zəhmətkeş, alicənabdır. İsmayıllıda xuliqanlıq hadisəsi baş verib və bu hadisədən qəzəblənmiş insanlar çox təəssüf ki, zorakılığa yol veriblər. Bu zorakılığı Azərbaycanda siyasi partiya olaraq yalnız biz qətiyyətlə pislədik. Bütün partiyalara da çağırış etmişik ki, bu zorakılıq pislənməlidir. Biz dünyaya istənilən haqsızlığa, qanunsuzluğa sivil qaydada münasibət bildirmək gücündə olduğumuzu nümayiş etdirməliyik. Həmin o zorakılığı edənlər də başa düşməlidirlər ki, onlara cəmiyyətin heç bir təbəqəsindən dəstək gəlməyəcək, hətta bu hökumətə qarşı ən sərt müxalifətdə dayanan insanlar da ev yandırmaq, daş atmaq, polisə zor tətbiq etməyi qəbul etmir. Biz bunu başa salmalıyıq. Çünki sanki bir dəb halını alır ki, sən kiməsə etiraz edirsənsə, onun evini, maşınını yandırmalı, polisi daş-qalaq etməlisən. Bunlar yolverilməzdir. Biz eyni zamanda polisin də zorakılığını pisləmişik. Hesab edirik ki, bu həbslərin də miqyası geniş olmamalıdır. Orada konkret zora əl atan insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Kim o evi, maşınları yandırıb, onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Amma mən ümumiyyətlə, həm Tofiq Yaqublunun, həm İlqar Məmmədovun həbsinin əleyhinəyəm. Əgər onlar barədə polisin əlində hansısa ciddi əsaslar var idisə də, bu, həbs qəti-imkan tədbiri seçilmədən araşdırılmalı və məhkəmə də buna qiymət verməli idi ki, onların iğtişaşların təşkilində rolu nədən ibarət olub. Mətbuatın yazdığına və mənim bildiyimə görə onlar rayona iğtişaşdan sonra gediblər. Ona görə də burada ictimaiyyətin ciddi şübhəli qaldığı məqamlar var. Hesab edirəm ki, onlar barədə həbs qəti-imkan tədbiri dəyişdirilməli və bu məsələ istintaqın gedişində araşdırılmalıdır. Başqa rayonlarda da bu tipli aksiyaların qarşısının alınması üçün ölkədə köklü islahatlar aparılmalıdır. Qanunun aliliyinin təmin olunması istiqamətində ciddi addımlar atılmalı, icra başçılarına bu qədər səlahiyyətlər verilməməli, yerli hakimiyyət orqanı seçkilər yolu ilə formalaşdırılmalıdır. Yerli idarəetmə müasirləşdirilməli, modernləşdirilməlidir.

- Bu arada siyasi partiyaların maliyyələşdirilməsinə də başlanılıb, məbləğlər müəyyənləşib. Bu addıma necə yanaşırsınız?

- Biz ümumən bu prosesi alqışlamışıq. Bu, çox müsbət bir addımdır. Sadəcə, maliyyənin məbləği çox az oldu və parlamentdə müzakirələr zamanı buna etirazımızı bildirmişdik. Ümid edirik ki, növbəti illərdə bu məbləğ artırılacaq. Ayda təqribən 8 min 800 manat vəsait düşür ki, bu vəsait də partiyalar üçün normal mənzil-qərargahlar saxlamağa, heç olmasa hər rayonda bir nəfər ştatda işçi götürməyə yetmir. Ona görə də düşünürəm ki, bu vəsaitin miqdarı bir neçə dəfə artırılmalıdır. Ümid edirəm ki, növbəti büdcə ilində biz buna nail olacağıq. Çoxpartiyalı sistemi inkişaf etdirmədən ölkədəki problemlərin böyük əksəriyyətinin qarşısını ala bilməyəcəyik. İqtisadiyyatı liberallaşmış Çinin bu dəqiqə qarşısında duran ən böyük problem korrupsiya problemidir. Bu yaxınlarda Çinin rəhbərliyi sonuncu qurultaylarında bəyan etdilər ki, kommunist idarəetməsinə qarşı ən böyük təhlükə ölkədə korrupsiyadır. Eyni partiya öz-özünə nəzarət edə bilməz. Ona görə də çoxpartiyalı sistem lazımdır. Maddi-texniki bazası olmayan partiyaların da inkişaf etmək imkanları yoxdur. Ona görə də dövlət partiyaların inkişafına xüsusi diqqət göstərməlidir ki, ölkədə çoxpartiyalı sistem inkişaf etsin.

- Sonda da elə partiyanızla bağlı bir məsələyə aydınlıq gətirmənizi istərdik. BAXCP-nin qurultayının keçirilməsi ilə bağlı nə problem yaranıb, qurultay niyə keçirilmir?

- Tələsmirik, Müsavat Partiyasının qurultayını gözləyirik. Bizim qurultay nümayəndələrinin sayı təxminən eynidir. Müsavat Partiyasına qurultay üçün hansı yeri versələr, biz də həmin yerdə qurultay keçirəcəyik. Çünki biz bundan öncəki qurultayımızda "Təbriz" kinoteatrını istədik, vermədilər. Dedilər ki, bütün partiyalar qurultaylarını "Bakı" kinoteatrında keçirəcək. Bizi Əhmədli qəsəbəsində yarıqaranlıq, təmirə dayanmış, uçuq-sökük kinoteatra göndərdilər. Biz o cür acınacaqlı şəraitdə qurultayımızı keçirdik. Lakin sonra səfirlər, beynəlxalq təşkilatlar təzyiq göstərdilər, Hacıbala Abutalıbov böyük məmnuniyyətlə bizə vermədiyi "Təbriz" kinoteatrını AXCP-yə verdi. Ona görə də biz gözləyirik. Hesab edirik ki, yenə də məcbur edib Müsavat Partiyasına qurultay üçün normal bir yer ayıracaqlar. Ondan sonra biz də deyəcəyik ki, orada qurultayımızı keçirək.

...Əyləncə Mərkəzinin "Eliza" zalı var, orada son dövrlər bir çox partiyalar qurultaylarını keçiriblər, adlarını sadalamaq istəmirəm. Biz həmin "Eliza" zalında da qurultay keçirmək barədə razılıq əldə etmişdik, amma son anda o yeri bizə verməkdən imtina etdilər. Dedilər ki, Əhmədlidə, Bakı kəndlərində 200-300 adam tutacaq yerlər var, gedin qurultayınızı orada keçirin. Bizim də qurultay nümayəndələrinin sayı 700 nəfərdir, qonaqları da üstə gəlsək, orada qurultay keçirmək mümkün deyil. Qurultayın səlahiyyətli olması üçün gərək qurultay nümayəndələrinin 50 faizi iştirak etsin. Hətta biz rayon şöbələrinə tövsiyə etsək ki, qurultay nümayəndələrinin hamısı gəlməsin, ən azı o qurultay nümayəndələrinin 50 faizini ora yığmalıyıq. O yerlər həmin 50 faizi də tutmur. Ona görə də məcburiyyətdən qurultayın keçirilməsini saxlamışıq. Gözləyirik ki, proseslər hara gedir. Son anda görsək ki, Müsavat Partiyası da qurultay keçirmək istəmir, o halda da bir variant üzərində düşünəcəyik. Açıq havada qurultay keçirmək variantı da var. Onsuz da partiyalara etiraz aksiyaları keçirmək üçün sürücülük məktəbinin həyətlərini verirlər. Biz Səbayel rayonu ərazisində, 20-ci sahədə həmin sürücülük məktəbinin həyətində qurultay keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətindən 2 saat vaxt ala, açıq havada stulları düzərək 2 saat ərzində təcili qurultayımızı keçirə bilərik. Bununla bağlı da müraciət edəcəyik. Variantlar çoxdur, sadəcə, hələ gözləyirik.