08:26
(077) 610-22-33

Öləndən sonra orqanlarımızın taleyi necə olacaq ? – ARAŞDIRMA

  • >
468 10 Fevral 2013 10:12 | Cəmiyyət



"Ürəyimi, Qaraciyərimi, Ağciyərimi, Böyrəklərimi, Gözlərimi bağışladım…Bu gün "vəsiyyətnamə" yazdım və bəzi orqanlarımı bağışladım, həm də tam pulsuz, məndən bir hədiyyə olacaq köçürüləcək insanlara. Əgər bir gün hər hansı bir qəza keçirərsəm və ölüm ayağında olarsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam heç bir tərəddüd etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər"…

... Məlum olduğu kimi bu bəyanatla bir neçə gün bundan öncə millət vəkili Qənirə Paşayeva çıxış etmişdi. Ölkəmizdə bir çox insanlar bu niyyətdə olsalar da, millət vəkilinin bəyanatından sonra bu məsələ bir qədər ictimailəşdi və ölkəmizdə bunun hansı prosedurlarla həyata keçirildiyi sualı yarandı. Məlum olduğu kimi Azərbaycanda insan orqan ( və ya ) toxumalarının transplantasiyası haqqında 1999-cu ilin 8 oktyabrda qəbul olunub. Qanuna görə, ürək, ağ ciyər (ürək-ağıciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyasi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və ya toxumalar transplantasiya obyekti ola bilər. Azərbaycanda canlıdan böyrək və qaraciyər köçürülməsi əməliyyatı geniş aparılsa da, digər köçürülmələr həyata keçirilmir. İndiyədək ölkəmizdə meyitdən orqanların köçürülməməyini nəzərə alsaq, bu prosedurun hansı formada həyata keçiriləcəyi də sual altındadır.

Məsələnin hüquqi, tibbi və dini tərəfinə nəzər salaq.

Qanunda nə deyilir ?

Qanunun 9 və 10-cu maddəsində bildirilir ki, transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilir:

-İnsan orqan ( və ya) toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikasının qanununa görə şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümün-dən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir.

-Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlər konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünün") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Milli Məclisin Sosial –Siyasət Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bunun üçün ilk öncə ictimai rəy formalaşmalıdır: " Bu məsələ ilə bağlı qanunda boşluq ola bilər. Amma boşluğun doldurulması o qədər də problem deyil. Burada çox vacib önəmli məsələlər var.
Bunun həyata keçirilməsi üçün xüsusi olaraq hazırlıq keçirilməlidir. Ən əsas da odur ki, bu, Azərbaycan reallığına uyğun aparılmalıdır. Xarici ölkələrdə bu işlərlə Qeyri Hökumət Təşkilatları məşğul olur. Kim istəyir orqanını pulla satır, özü bilər. Amma Azərbaycan reallığında bu mümkün deyil. Bu təşəbbüslə çıxış etmək aktual və xoşməramlı niyyətdir. Kiməsə orqanını bağışlamaq olar. Bir həyatı xilas etmək üçün humanist işdir . Ancaq başqalarının da ülvi hisslərinə toxunmaq olmaz. Azərbaycanın öz qayda-qanunları var. Bu həll edilməsi bir-iki il vaxt alacaq iş deyil. Bu işi edən ölkələr uzun illər yol keçib. Cəmiyyət, ailələr, insanlar psixoloji cəhətdən buna hazırlanıb. Təkrar edirəm, qanundakı boşluğun doldurulması asan məsələdir. Bu qanunun işləməsi üçün insanlar psixoloji cəhətdən hazır olmalıdır. Bu işi icra edə biləcək kifayət qədər savadlı həkimlərimiz var. Amma birinci növbədə cəmiyyət buna hazır olmalı, dünyagörüşündə dəyişiklik etməlidir. Bunun üçün hüquqşünas, həkim, parlamentarilər transplantoloqların iştirakı ilə böyük dəyirmi masalar keçirilməlidir. Mətbuat vasitəsi ilə ciddi təbliğat getməlidir. İnsanlar bu psixoloji baryeri aşa bilməsə, mümkün deyil. Təsəvvür edin, kiminsə övladı qəzada həlak olub. Kim ürək edib onlara deyər ki, sizin oğlunuz ölüb, onun orqanlarını verin? Amma psixoloji durum hazırlıqlı olarsa, vəfat edənin ailəsi şokda da olsa deyəcək ki, götürün, mənim faciəmin hesabına başqa faciə xilas olsun. Biz hələ buna hazır deyilik.


Bu sahədə boşluqların Səhiyyə Nazirliyi tərəfindən həll olunmalı olduğunu deyən Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-transplantoloqu Eldar Əhmədov Lent.az-a danışıb.


Sistem yoxdur...

Eldar Əhmədov bildirib ki, Azərbaycanda öz orqanlarını vəsiyyət edən insanların sayı kifayət qədər olsa da, lazımı sistem olmadığı üçün bunun reallaşdırılması mümkünsüzdür: "Öldükdən sonra orqanlarını bağışlamaq fikri çox insanda ola bilər. Amma bunun üçün bir sistem lazımdır. Məsələnin əsas tərəfi odur ki, Azərbaycanda belə bir mexanizm yoxdur. Bu işlə məşğul olan ölkələrdə sistem mövcuddur. İlk olaraq orqan köçürülməsi sisteminin Koordinasiya mərkəzi olmalıdır. Bu mərkəz Səhiyyə Nazirliyinin nəzdində olur. Həmin mərkəzin bütün bölgələrdə nümayəndələri fəaliyyət göstərir. Deyək ki, sabah kimsə bədbəxt hadisə ilə üzləşdi. Dərhal Səhiyyə Nazirliyinə xəbər verilir ki, burada "beyin ölümü" olan insan var. Hələ ilkin məsələdə reanimatoloqun ona "beyin ölümü" diaqnozu qoymağı bacarması lazımdır. Müayinədən sonra təsdiq olunursa, donor qrupu həmin yerə yollanır. Qanunda da deyildiyi kimi donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır. Buna qədər isə Koordinasiya mərkəzinin xüsusi şəxsləri ölən insanın yaxınları ilə danışıqlar aparır. Vəfat edən şəxsin orqanlarının götürülməsi haqqında onlardan icazə alınır. Bunu heç vaxt həkim izah etməli deyil. Burada işlər o qədər sürətlə aparılmalıdır ki, dəqiqələr, saniyələr bu işdə çox önəmlidir. Məsələnin bu tərəfindən başqa, bir önəmli məqam da Koordinasiya mərkəzində siyahı tutulur. Vəziyyətindən asılı olaraq orqan gözləyən xəstələrin adları yazılır. Siyahı üzrə hansı xəstəxanada vəziyyəti daha ağır olan, yəni birinci olaraq orqan gözləyən xəstə varsa, həmin xəstəxanaya xəbər verilir. Xəstəxananın bu işlə məşğul olan həkimləri ora yollanaraq, yararlı orqanlarını çıxarırlar. Bu, çox şəffaf sistemdir.

Səhiyyə Nazirliyi bu işi mütləq başlamalıdır

Həkim bildirib ki, sözügedən sistem qurularsa, bu, səhiyyəmiz üçün böyük uğur sayılar: "Meyitdən orqanlar alınması işinə başladılarsa, çox rahat olar. Bütün ölkələrdə orqan köçürülməsinin əsası meyitdən köçürülmə ilə başlayıb. Heç bir ölkədə transplantologiya işinə canlı ilə başlamaq praktikası yoxdur. Bu sahənin inkişafına da məhz meyit transplantologiyası təkan verib. Azərbaycanda bu, həyata keçirilərsə, birinci növbədə insanlar şəfa tapar. Hazırda neçə xəstələrimiz var ki, onların donora ehtiyacı var. Əsas odur ki, donor olsun, qalan şeylər həll olunandır. Bizim məqsədimiz insanların şəfa tapmasıdır. Sabah biz də onların vəziyyətində ola bilərik. Dediklərimiz alınarsa, Azərbaycanda transplantasiyanın inkişafına nail ola bilərik. Bizim komandamız bu işi icra etməyə gecə-gündüz hazırdır. Biz xarici ölkədə təhsil alıb gəlmişik. İstəyimiz ölkəmizdə bu işi mükəmməl görməkdir. Azərbaycanda bu sahənin inkişaf etməsi üçün burdayıq. Media bu işdə yardımçı olmalıdır. Səhiyyə Nazirliyi bu sistemi mütləq qurmalıdır. .



Azərbaycanda bu məbləği qarşılaya bilən insan çox azdır.

Eldar Əhmədov bildirib ki, bütün ölkələrdə orqan köçürülməsi əməliyyatları üçün bir neçə amillər çox önəmlidir: " Orqan transplantasiyasını başlatmaq olar, amma bu amillər olmasa, iş inkişaf etməz. Bunun üçün nələr lazımdır ?

-Birinci növbədə, bu işi bilən komandanın olması vacibdir. Orqan köçürülməsi işində çalışanlar xüsusi hazırlanmış mütəxəssislər olmalıdır. Çünki əməliyyata qədər, əməliyyat zamanı və əməliyyatdan sonra çox böyük işlər görülür. Xəstə mütəmadi olaraq həkim nəzarətində olmalıdır. Türkiyədə mənim bir müəllimin var idi. Xəstəyə deyirdi ki, sən həyat yoldaşını tərk edə bilərsən, amma məni heç vaxt. Çox düzgün deyilmiş sözdür. Çünki bu xəstələr daim həkim nəzarətdə olurlar. Ona görə də təcrübəli və peşəkar həkimlərin olması mütləqdir. Həkimlərdən tutmuş təmizləyiciyə qədər, bütün heyət ixtisaslaşmış olmalıdır.

-İkinci məsələ, yüksək, texniki avadanlıq olmalıdır. Bu əməliyyatlar üçün özəl və maddi vəsait tələb edən avadanlıqlar lazımdır. Hər bir xəstəxanada bu əməliyyatları icra etmək mümkün deyil. Bundan başqa xüsusi laboratoriyanın olması vacibdir.


-Ən önəmli məsələlərdən biri də, güclü sığorta sisteminin olmasıdır. Bilirsiniz ki, bu əməliyyatlar maddi cəhətdən çox pul tələb edən əməliyyatlardır. Biz bu əməliyyatlara xırda iş kimi baxmamalıyıq. Bunu hər bir insan qarşılaya bilməz. Azərbaycanda bu məbləği qarşılaya bilən insan çox azdır. Ona görə də mərkəzləşdirilmiş sığorta sisteminin olmağı çox vacibdir. Qardaş Türkiyədən misal göstərim. Oradakı praktika necədir? Türkiyədə xəstənin orqan köçürülməsinə ehtiyacı varsa, bu işi tamamilə sığorta həll edir. Hətta bir fakt deyim, mən orada olarkən sığorta ilə xəstəxanalar arasında bir müddət anlaşılmazlıq olmuşdu. Bu müddət ərzində bir nəfər də olsa orqan əməliyyatı etdirən görmədim. Hətta varlı olsa belə. Onlar söylədilər ki, bunun üçün dövlətin sığortası var və dövlət də bunu etməlidir. Belə də olmalıdır. Bu əməliyyatların hamısı sığorta əsasında həyata keçirilməlidir. Bizə orqan əməliyyatların olunması üçün çox sayda müraciətlər olur. Biz daha çox əməliyyat edə bilərik. Əməliyyatların sayının az olmağına səbəb, insanların maddi vəziyyətinin aşağı olmasıdır.

-Bu sahədə olan əsas problemlərdən biri, rəhmətə gedən insanın orqanlarının qohumları tərəfindən tibb üçün bağışlamamağı düşüncəsidir ki, bu düşüncə də mütləq aradan qaldırılmalıdır. Ölkəmizdə qanunla bu proses həyata keçirilə bilər. Lakin, insanlar mentalitet əsas tutularaq, meyitdən donor kimi istifadə olunmasına əngəl törədir. Bu da donor axtarışına çıxan xəstə insanın sağalmaq ümidlərini puç edir. Buna görə insanların düşüncəsində dəyişiklik etmək lazımdır.

Donorlar depressiya yaşayır

Eldar həkim bildirib ki, onlar donor üçün yalnız qohumları qəbul edirlər: "Azərbaycan qanunvericiliyinə görə, donor verən könüllü şəxslər olmalıdır. Yəni, bu işdə maddi təmənna güdmədən öz orqanlarını xəstənin yaşaması üçün verə bilən insan. Biz daha çox donorların qohum olmağına üstünlük veririk. Çünki qohum insanlar arasında maddi bağlantıları olması ehtimalı daha azdır. Oğul anasına, ana balasına orqan verərkən burada bir təmənna güdə bilməz. Orqan transplantasiyasında donorla resipiyent arasında təmənna bağlılığı olmamalıdır. Bu həm psixoloji andır. Cərrah üçün də çətindir. Araşdırmaya görə donorlar orqan verdikdə depressiyaya girirlər. Əgər bunu maddi təmənna ilə ediblərsə, onlar daha çox gərginlik yaşayırlar.



Mərkəzi Neftçilər Xəstəxanasının anestezioloq-reanimatoloqu Mayil Sədiyev mövzunu davam etdirir.

Həkim qonşu respublika olan Türkiyə və İran təcrübəsindən danışıb: "Bizdə donorların köçürülməsi üçün yalnız yaxın qohumlar seçilir. İran Səhiyyə Nazirliyində isə bir sistem var. Donor olacaq şəxş həmin mərkəzə müraciət edərək donor olmaq istədiyini bildirir. Həmin şəxslə qanuna uyğun şəkildə bütün sənədlər hazırlanır, müayinədən keçirilir. Həkimlər tərəfindən əməliyyat haqqında ətraflı məlumat verilir. Ölüm riskinə qədər olan situasiyalar deyilir. Dövlət tərəfindən rəsmi olaraq donor üçün pul ayrılır. Bundan sonra qeydiyyatda olan, donor gözləyən xəstə çağırılır. Xəstə ilə donor bir-birini yalnız əməliyyat saatına yarım saat qalmış görüşürlər. Daha sonra xəstənin adamı ilə donor arasında məbləğ müzakirə edilir. Yəni, xəstənin qohumlarının həmin donor üçün nə qədər məbləğ verəcəyi onlar arasında həll olunur. Bu, Səhiyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə baş tutur. Yenə də hüquq çərçivəsində razılaşdırılır".


Həkim bildirib ki, bu sahədə mərkəzləşdirilmiş sistemin olması vacibdir. Onun sözlərinə görə, bu, həm xəstələr, həm də həkimlər üçün önəmlidir: "Əməliyyatlardan öncə xəstələrin müayinəsi həkimlər üçün də təhlükəlidir. Hər gün gün Hepatit B, C -nin müayinələri zamanı əlimizə iynə batması və bu xəstəliyə yoluxmağımız ehtimalı daha çox olur. Sığortamız da olmadığı üçün daha əlavə bir problem çıxır. Yəni, biz qiyməti min manatlarla hesablanan, ampula almalıyıq ki, sağala bilək. Ona görə də bütün işlər bir-birinə bağlı şəkildə həyata keçirilməli və məsələyə çox ciddi yanaşılmalıdır".

Ölkəmizdə transplantasiyanın tarixi

Azərbaycanda orqan transplantasiyası 1971-ci ildən başlanılıb. Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə ilk dəfə olaraq böyrək köçürülüb. Bir müddət bu cür əməliyyatlar davam etdirilib. Daha sonra isə Azərbaycanda bu sahə ilə bağlı böyük durğunluq yaranıb. Tibbi avadanlıqların köhnəlməsi, bu sahədə kadrların çatışmamağı, transplantasiyanı yox dərəcəsinə gətirib. Lakin, 2005-ci ildə Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında İranlı mütəxəssislərin köməyi ilə böyrək köçürülməsi həyata keçirilib. Azərbaycan Transplantoloqlar Assosiasiyasının sədri Kamal Abdullayev Lent.az-a bildirib ki, Sovet hakimiyyəti vaxtında orqan köçürülməsi halları çox olub. Hətta Sankt Peterburqdan, Türkiyədən orqanlar da gətirilib. Lakin, sonradan bu sahədə ciddi durğunluq yaranıb. Həkimin sözlərinə görə, onun rəhbərliyi altında 2005-ci ildən iranlı mütəxəssislərlə birlikdə Azərbaycanda 23 orqan köçürülüb. Transplantologiya sahəsində onlarla uğura imza atan cərrah Mircəlal Kazımi bu işi uğurla davam etdirib. Azərbaycanda ilk qaraciyər köçürülməsi 2008-ci ilin dekabrında baş tutub. Ölkəmizdə həkimlər tərəfindən unikal əməliyyat isə qaraciyər və böyrəyin transplantasiyası eyni anda həyata keçirilməsi olub. Sovet ölkələri arasında ilk dəfə Mərkəzi Neftçilər Xəstəxanasında hər iki orqanın transplantasiyası bir əməliyyatla yerinə yetirilib. Cərrah-həkim Mircəlal Kazımi, Eldar Əhmədov, Elnur Fərəcovun iştirakı ilə keçirilən əməliyyat 24 saat davam edib. Ümumilikdə bu vaxta qədər həmin xəstəxanada 32 qaraciyər, 48 böyrək köçürməsi icra olunub. Orqan köçürülən xəstələr arasında ən kiçiyi 7 aylıq, ən yaşlının isə 62 yaşı olub. Qeyd etdiyimiz kimi, meyitdən transplantasiya isə heç vaxt olmayıb.

Dində bununla bağlı nə deyilir ?


Sözügedən məsələ ilə bağlı "Cümə" məscidinin axundu Hacı Surxayın fikirlərini öyrəndik. Axund məsələyə belə aydınlıq gətirdi: "Bir nəfər vəsiyyət edirsə ki, öldükdən sonra sağlam orqanlarımı başqasına verilsin, burada heç bir ziyanı yoxdur. Ola bilər satsın, ya hədiyyə etsin. Bunun fərqi yoxdur. Əsas odur ki, ortada bir halallıq olsun. Əgər insanlığa xidmət məqsədilə birinin orqanı digərinə köçürülürsə, bu günah sayılmır. Qurani-Kərimin "Əl-Maidə" surəsinin 32-ci ayəsində deyilir: "Kim bir insanı xilas edirsə, sanki bütün insanları xilas etmiş hesab olunar".

Qanunsuz orqan alqı-satqısı üçün cəza


Onu da əlavə edək ki, bu işdə qanunsuz fəaliyyət göstərənlər haqqında sərt cəza qaydaları da mövcuddur. Belə ki, Cinayət Məcəlləsinin 137-ci maddəsində bildirilir :

-İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

-Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

-Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bağla X