05:23
(077) 610-22-33

Əkrəm Əylislinin qulağını kəsib gətirənə mükafat vəd olundu

  • >
689 11 Fevral 2013 08:58 | Cəmiyyət

Hafiz Haciyev yazıçının qulağının kəsilməsini kimlərə tapşırıb?




Müasir Müsavat Partiyaksının İdarə Heyəti və Gənclər Təşkilatı növbədənkənar toplantı keçirərək yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi barədə qərar verib. Yazıçının qulağının kəsilməsi qərarının icrası partiyanın gənc üzvlərinə tapşırılıb.

Partiya sədri Hafiz Hacıyev mətbuata açıqlamasında belə bir qərarın qəbul edildiyini təsdiqləyib: "Azərbaycan xalqını təhqir edən, şərləyən yazıçının cəzalandırılması üçün ən uyğun variantın onun qulağının kəsilməsi olduğu qərarına gəldik. Bununla bağlı qərarımız var və o qərarı icra edəcək gəncə 10 min manat mükafat da ayırmışıq. Məndə olan məlumata görə, hazırda onu addım-addım izləyirlər, biz kimə tapşırmışıqsa onlar Əkrəm Əylislini harada tutsalar qulağını kəsəcəklər. Onun kəsilmiş qulağını mənə verən şəxsə bunun qarşılığında 10 min manat pul verəcəyəm. Bundan sonra mənə hansı cəzanın verilməsi hüquq-mühafizə orqanlarının işidir və mən cəzamı çəkməyə hazıram".

Ekspertlər isə belə bir qərarın verilməsinin həm siyasi, həm də hüquqi baxımdan böyük yanlışlıq, qanun pozuntusu olduğunu bəyan edirlər. Hüquqşünas Müzəffər Baxışov bildirib ki, Əkrəm Əylislinin qulağının kəsilməsi qərarı barədə KİV-lərdə məlumat yayılıbsa və Hafiz Hacıyev də partiyasının belə bir qərar verdiyini müsahibəsində təsdiqləyibsə, bu, cinayətin törədilməsinə hazırlıq hərəkətidir: "İnsanın bir orqanının kəsilməsi həmin orqanın öz funksiyasını itirməsinə səbəb olur. Bu da qəsdən sağlamlığa ağır zərər vurma cinayətidir. Belə bir cinayətə hazırlıq hərəkətləri də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 28-ci maddəsinə görə, cinayət törətmək üçün vasitə, alət axtarma, əldə etmə, cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə cinayətə hazırlıq hesab olunur. Cinayət Məcəlləsinin 28.2-ci maddəsinə görə, yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Kiminsə qulağının kəsilməsi haqqında partiya tərəfindən qərar qəbul edilməsi və bu qərarın icra edilməsinin konkret şəxslərə tapşırılması Cinayət Məcəlləsinə görə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunur. Belə əməllər Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunur və bu qəbildən olan əməllər ağır cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsinin tələblərinə əsasən o məlumatlar KİV-də dərc olunduğu üçün cinayət təqibi orqanları hazırlanan cinayətə hazırlığa görə cinayət işi başlamalıdırlar. Həmin qərara səs verən şəxsləri Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edib cəzalandırmalıdırlar". /ANSpress/
Bağla X