Bir ildə Təhsil Nazirliyinə 15463 müraciət daxil olub Bir ildə Təhsil Nazirliyinə 15463 müraciət daxil olub

Müəllimlər İnstitutunun 5 filialının direktoru işdən azad edilib

Bir ildə Təhsil Nazirliyinə 15463 müraciət daxil olub




2012-ci ildə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 15463 müraciət daxil olub. Bu barədə məlumatı TN-nin mətbuat xidməti yayıb. Müraciətlərin 14678-i sorğu, 785-i isə şikayət xarakterlidir. Bütün sorğuların təxminən 70 faizindən çoxu ümumi təhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olub. Digər sorğularda hazırda təhsil sistemində həyata keçirilən proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib.


2012-ci ildə "Qaynar xətt" xidmətinə daxil olan 785 şikayət məzmunlu müraciət ümumi, texniki peşə, orta ixtisas, ali və məktəbdənkənar təhsil müəssisələri ilə bağlıdır. Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil müəssisələrindəndir. Belə ki, əsasən Bakı, qismən isə Sumqayıt, Gəncə və Şirvan şəhərlərindən daxil olan şikayət xarakterli müraciətlər çoxluq təşkil edir.

Eyni zamanda Abşeron, Goranboy, Xaçmaz, Gədəbəy, Şəki, Qəbələ, Şamaxı, Lerik, Astara, Masallı, Saatlı, Beyləqan, Ağdam, Göygöl, Lənkəran rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub.

Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər öz əksini tapıb.

Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə "Qaynar xətt" xidmətinə müraciətlər edilib. Ali təhsil müəssisələrindən daxil olan şikayət xarakterli müraciətlərdə daha çox məzunların diplom ala bilməməsi, imtahanların təşkili, tələbələrin təqaüdünün gecikdirilməsi, imtahan üçün pul tələb edilməsi, imtahan nəticələrindən narazılıq, diplomun gecikdirilməsi, diplom üçün rüsum tələb olunması, tələbələrin imtahana buraxılmaması, tədrisin düzgün təşkil edilməməsi, tələbənin biliyinin düzgün qiymətləndirilməməsi, imtahan suallarının tələbələrə verilməməsi, tələbələrə tədris ədəbiyyatının satışı, dekanlardan, kafedra müdirlərindən şikayət, tələbə bileti üçün rüsum tələb olunması, kurs işinin düzgün qiymətləndirilməməsi, imtahana buraxılma üçün pul tələb olunması, diplomun düzgün yazılmaması və digər məsələlərdən bəhs olunur.

Şikayət xarakterli müraciətlərin sayına görə ali təhsil müəssisələri üzrə - Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 9, Sumqayıt Dövlət Universitetindən 9, Azərbaycan Dillər Universitetindən 8, Azərbaycan Dövlət İqtisad Universitetindən 3, Azərbaycan Texnologiya Universitetindən 3, Azərbaycan Dövlət Neft Akademiyasından 2, Gəncə Dövlət Universitetindən 2, Azərbaycan Turizm Universitetindən 2, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Slavyan Universitetindən 2, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 1, Lənkəran Dövlət Universitetindən 1, Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan Rəssamlıq Akademiyasından 1, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından 1, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən 7, Qafqaz Universitetindən 4, Bakı Avrasiya Universitetindən 3, Bakı Asiya Universitetindən 3, Qərb Universitetindən 3, Təfəkkür Universitetindən 3, Bakı Biznes Universitetindən 2, Odlar Yurdu Universitetindən 1, Azərbaycan Kooperasiya Universitetindən 1, Azərbaycan İctimai-Siyasi Universitetindən 1 olmaqla ümumilikdə 102 müraciət daxil olub. Bu isə 2011-ci ildə ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərlə müqayisədə 35 faiz azdır.

Müraciətlərə baxılması nəticəsində AMİ-nin Qazax, Şamaxı, Salyan, Quba, Ağcabədi filiallarının direktorları vəzifələrindən azad edilib, Bakı Dövlət Universitetində 11 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 nəfər, Sumqayıt Dövlət Universitetində 4 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetində 20 nəfərdən çox, Azərbaycan Kooperasiya Universitetində isə 4 nəfər əməkdaşa intizam tənbehi tətbiq olunub.

Nöqsanı aşkar edilən vəzifəli şəxslər tənbeh edilib, vəzifəsindən azad olunub, onlara töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq edilib. Araşdırma aparılan bir sıra ümumi təhsil müəssisələrinin direktorlarına rəhbərlik etdikləri məktəblərdə mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

Elnarə Əlosmanqızı
AzNews.az