Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında AMEA prezidenti Mahmud Kərimovla vida mərasimi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında AMEA prezidenti Mahmud Kərimovla vida mərasimi başlayıb.

Mahmud Kərimovla vida mərasimi başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında AMEA prezidenti Mahmud Kərimovla vida mərasimi başlayıb.



Mərasimdə dövlət və hökumət rəsmiləri, alimlər, ziyalılar iştirak edirlər.

Qeyd edək ki, Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Mahmud Kərimov həmçinin Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri idi.

M.Kərimov radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb, onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub.

O, radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparıb. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək, beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunub.

M.Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə layihədə respublika alimlərinin fəal iştirakını təmin edib. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü olub.

Akademik M.Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri alıb.

M. Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb.

Qeyd edək ki, fevralın 9-da günorta saatlarında M. Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən, M. Kərimov dünyasını dəyişib.

Evli idi, oğlu və qızı var.

AzNews.az