Eynulla Fətullayev Almaniya səfirindən Merkelə şikayət etdi

Tanınmış hüquq müdafiəçisi, "İnsan haqları uğrunda" İctimai Birliyin sədri Eynulla Fətullayev Almaniyanın federal kansleri Angela Merkelə məktub yazıb. Həmin məktubu olduğu kimi təqdim edirik.

"Almaniyanın federal kansleri xanım Angela Merkelə!

Hörmətli xanım Merkel. Tərkibinə məşhur analitiklərin, hüquq müdafiəçiləri, ekspert və jurnalistlərin daxil olduğu beynəlxalq tədqiqat qrupu Almaniyada insan haqları və demokratiya, multikulturalizm siyasəti sahəsindəki real vəziyyətlə tanış olmaq üçün bizim "İnsan haqları uğrunda" İctimai Birliyi adlı hüquq müdafiə təşkilatının təşəbbüsü ilə 2012-ci il, oktyabrın 25-dən noyabrın 6-dək Berlin, Köln, Frankfurt, Düsseldorf, Hamburq və s. şəhərlərdə ezamiyyətdə olub.

Qrup üzvləri Almaniyada multikulturalizmin böhranının və etnik-dini dözümlülüyün azalmasının (neonasist ovqatın yüksəlməsi fonunda) təxminən iki həftə davam edən monitorinqi zamanı böyük həcmdə tədqiqat işi aparıb. Onlar hökumətin miqrasiya siyasətinə yeni yanaşmasını təhlil edib, hüquq-mühafizə, məhkəmə və penitensiar sistemlərdə insan haqlarının pozulması faktlarını öyrənib, söz və yığıncaq azadlığının pozulması halları ilə tanış olublar. Biz ezamiyyət zamanı rəsmi şəxslərlə, o cümlədən Almaniya hökumətinin miqrasiya, qaçqınlar və inteqrasiya siyasəti məsələləri üzrə komissarı Hone Deihimi, Almaniya xarici işlər nazirinin müavini, ombudsman Markus Löninq, Almaniya kanslerinin ofisinin miqrasiya siyasəti şöbəsinin müdiri Jens-Uve Tomas, Vestfaliya federal torpağının əmək, inteqrasiya və sosial məsələlər naziri Günter Şnayder və alman isteblişmentinin digər təmsilçiləri ilə görüşlər keçirmişik.

Bizim bir neçə aylıq tədqiqatlarımızın nəticələri öz əksini "Avropanın qürubu və ya liberal dəyərlərin böhranı" adlı analitik məruzədə tapıb (www.thedecline.info). Bu məruzənin təqdimat mərasimi 2013-cü il, yanvarın 21-də Brüsseldəki Avropa Mətbuat Evində keçirilib. Lakin məni çox təəssüfləndirən və məyus edən məsələ budur ki, mən Almaniyanın Azərbaycandakı səfirliyinin ciddi müqaviməti ilə üzləşdim. Səfirlik mənə məlum olmayan səbəblərdən bizim Brüsseldə təqdimat mərasimi keçirməyimizə hər vasitə ilə mane olmağa, onun baş tutmamasına çalışırdı. Təqdimat mərasiminin keçirilməsinə hələ üç həftə qalanda Almaniya səfirliyinin əməkdaşı Frederik Hanke məni səfirliyə dəvət edərək tədbirə dəvət olunacaq iştirakçıların və məruzəçilərin siyahısını, habelə tədbirin gündəliyini səfirliyə verməyimi xahiş etmişdi. O, həmçinin məni Almaniyada insan haqlarının pozulmasını tənqid edən bu məruzənin təqdimat mərasimini keçirmək ideyasından daşınmağın vacibliyinə inandırmağa çalışırdı.

Daha sonra cənab F.Hanke mənə bir neçə dəfə yazılı şəkildə müraciət etdi (Siz onun məktublarının mətni ilə mənim məktubuma əlavə edilmiş sənədlərdən tanış ola bilərsiniz). O, özünün bu məktublarında təqdimat mərasiminin məruzəçiləri və iştirakçıları barədəki informasiyanı səfirliyə təqdim etməyimi məndən israrla tələb etməkdə davam edirdi.

Bu israrlı müraciətlərdən, həmçinin təqdimat mərasiminə dəvət edilən məruzəçilərdən mənə daxil olmuş narahatedici informasiyalardan sonra hiss etdim ki, səfirlik bizim tədbirimizi pozmağa çalışır. Almaniya səfirinin 16 yanvar, 2013-cü il tarixli məktubu da bunun sübutu idi. Həmin məktubda birmənalı olaraq bildirilirdi ki, mənim tərəfimdən Brüsselə dəvət olunmuş məruzəçilərin bir hissəsi hesabatın təqdimat mərasiminə getməyəcək, onların digər hissəsi isə hələ tədbirdə iştirak edib-etməmək barədə düşünür. Bu məktub onu sübut edir ki, Almaniya səfirliyi təqdimat mərasiminin məruzəçi və iştirakçıları ilə onları Brüsseldəki tədbirdə iştirak etmək fikrindən daşındırmaq üçün bilavasitə danışıqlar aparıb. Məruzəçilərin bəziləri isə mənə məlumat verdilər ki, onlar öz hökumətləri tərəfindən xəbərdar olunublar, onlara Almaniya hökumətinin ünvanına tənqidlərin səslənəcəyi təqdimat mərasimində iştirak etməmək tövsiyə olunub.

Almaniya kimi kifayət qədər demokratik və inkişaf etmiş bir ölkənin diplomatik nümayəndələrinin bütün bu hərəkətləri Sizin hökumətin, o cümlədən federal hökumətin başçısı kimi Sizin özünüzün tez-tez bəyan etdiyiniz prinsip və dəyərlərlə daban-dabana ziddir. Bundan əlavə, ifadə azadlığının məhdudlaşdırılmasına və tənqidçi səslərlə mübarizə aparmağa yönələn analoji qabaqlayıcı tədbirlər yeni demokratiya ölkələrinin yararlana biləcəyi təhlükəli presedent və pis nümunə yaradır. Alman diplomatlarının hüquq müdafiə təşkilatının tədbirini pozmağa yönəlmiş məqsədyönlü hərəkətləri bütün dünyanı ardıcıl demokratik islahatlara və insan haqlarının müdafiəsinə çağıran Sizin hökumətiniz tərəfindən qınanmalı və bunun qarşısı alınmalı idi.

Mən səmimi şəkildə ümid edirəm ki, Almaniyanın federal hökuməti yuxarıda göstərilən faktlarla bağlı müvafiq tədbirlər görəcək. Fürsətdən istifadə edərək bu ümidimi də səmimi şəkildə ifadə edim ki, Sizin ölkənizdəki vəziyyəti tənqid etməyim mənim Almaniya ilə bağlı gələcək fəaliyyətimə və ölkənizə səfərlərimə mane olmayacaq.

Hörmətlə:
Eynulla Fətullayev".