14:00
(077) 610-22-33

Vəkil boşanmadan sonra əmlak bölgüsündən danışdı

  • >
585 12 Fevral 2013 10:01 | Cəmiyyət

Azərbaycanda boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir



Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov AzNews.az-a bildirib ki, məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır: "Hər iki Məcəllədə qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. İstisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın". Vəkilin sözlərinə görə, nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir: "Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar – geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir".

AHİM sədri qeyd edib ki, bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur: "Nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir. Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər".
Vəkilin sözlərinə görə, nikah münasibətlərinə xitam verildikdən sonra əvvəllər birgə yaşadıqları mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir: "Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilib. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir".

Yaşayış sahəsindən istifadə hüququna gəlincə isə, Bağırov bildirib ki, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər: "Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulub. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bu yanlış mövqedir. Kompensasiya - istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur. Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Zənnimcə, bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyət var. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllə tətbiq edilir".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X