Bu danışılanlar, pıçıldananlar 2013-cü ildə, Prezident İlham Əliyevin sərəncamı ilə tikilib istifadəyə verilən jurnalistlərin birinci binasından ev paylananda da danışılmışdı. Hətta daha çox müzakirə edilmişdi. Bu danışılanlar, pıçıldananlar 2013-cü ildə, Prezident İlham Əliyevin sərəncamı ilə tikilib istifadəyə verilən jurnalistlərin birinci binasından ev paylananda da danışılmışdı. Hətta daha çox müzakirə edilmişdi.

Jurnalistin evini dövlət verərsə...

Bu danışılanlar, pıçıldananlar 2013-cü ildə, Prezident İlham Əliyevin sərəncamı ilə tikilib istifadəyə verilən jurnalistlərin birinci binasından ev paylananda da danışılmışdı. Hətta daha çox müzakirə edilmişdi.

Evsiz həmkarlarımızla bərabər evi olan az sayda media nümayəndələrinin, rəhbərlərinin də ev almasına sərt reaksiyalar verildi. Amma məntiqlə və insafla danışsaq, ömrünü jurnalistikaya vermiş, mətbuatdə sözün həqiqi mənasında can qoymuş insanlar üçün bu ev əməyinin, jurnalistikada ağartdığı saçının, tökdüyü tərinin qarşılığı idi. 30-40 il bir mətbu orqana rəhbərlik edən jurnalistin prezident tərəfindən mükafatlandırılaraq evlə təmin olunmasından daha gözəl və daha təbii nə ola bilərdi?

O pıçıltılar indi də var, özü də ən absurd formada. Ortaya atılan iddialar nə məntiqə sığır, nə insanlığa: “dövlət jurnalistə ev versə, azad jurnalistika olmayacaq”. Sizin azad jurnalistika dediyiniz nədir? Dövləti, hökuməti, məmuru söymək? Yalan, yalnış, iftira yazmaq? Sizin bildiyiniz, bacardığınız jurnalistika budurmu? O deyil, əmin olun. Peşəkar jurnalist söymür, təhqir etmir. Peşəkar jurnalistin qələmi daşı da dəlib keçir, tənqidi təhqirdən ayıra bilir. Keçən dəfə ev alan 156 jurnalistin içində müxalif qəzetlərdə işləyən peşəkar jurnalistlər də vardı, hansı ki, bütün günü tənqidi fikirlər səsləndirir, yazılar yazırdılar, bəyənmədiklərini, düzəlməsini istədikləri problemləri qələmə alırdılar, amma TƏHQİR etmirdilər. İndi siz deyin, bəs onlara niyə ev verdi dövlət? Azad yazılarını senzura etmək üçün? Axı belə olmadığını siz də gördünüz. Onlar evlə təmin olunduqdan sonra da mövqelərində qaldılar, kim dəyişdi, ad çəkə bilərsinizmi?

Dövlət öz vətəndaşına qayğı göstərəndə danışırsınız, dəstək verəndə danışırsınız. Axı sizi nə məmnun etmir? Sizin də qohumlarınız, dostlarınız arasında alimlər, yazıçılar, mədəniyyət xadimləri, hərbçilər, neftçilər, şəhid ailələri, əlillər, qaçqınlar, məcburi köçkünlər, müharibə veteranları var, axı siz də şahidsiniz ki, dövlət onlara da qayğısını göstəririr, evsizlərə ev verir, onlara ev veriləndə niyə səsiniz bu qədər ucadan çıxmır? Siz yalnız jurnalistə qarşımı cəbhə almısınız? Jurnalist sizə nə edib? Sadəcə probleminizi yazıb, işıqlandırıb, sizin üçün məmurların qapısı önündə gözləyib, səsiniz olub, diliniz olub, müşkülünüzün həll edilməsinə kömək edib.

Bizim də saxlamağa məcbur olduğumuz uşağımız, ailəmiz var. Siz isti evinizdə rahat oturub çay içə-içə televizorda, saytda, qəzetdə xəbər izləyib-oxuyanda biz yağış, qar, soyuq demədən o xəbərləri hazırlamaq üçün çalışırıq - əməkhaqqımızı alırıq təbii, amma insaflı olun və deyin, siz 300-500 manatla kirayədə ailə saxlaya bilərsinizmi? Bilməzsiniz. Bəs niyə dövlətdən ev alan, istəyən, almağa ümidi olan jurnalistə vətən xaini, peşəsinə xəyanət etmiş biri kimi baxırsınız? Əgər bacarsaydı əmin olun ki, heç bir jurnalist kirayədə yaşamaz, öz evini tikərdi.

“Jurnalistə yüksək maaş verilsin, evini özü alsın” – bu fikir də çox səsləndirilir. Axı müstəqil, dövlətdən maaliyyələşməyən qəzetlərin hamısı yüksək maaş vermək iqtidarında deyil. Çünki siz qəzet almırsınız. Bunun üçün də siz maraqlı olmalısınız ki, dövlət jurnalistin yaşayış şəraitini yaxşılaşdırsın. Beyni məişət problemləri ilə dolu olan bir jurnalist məhsuldar ola bilməz. Biz jurnalistlər uşağımız şəraitsiz kirayədə soyuqdan üşüyəndə, damdan yağış evə süzüləndə, pəncərələrdən külək evə dolanda özümüzü işimizə verə bilmirik, məhsuldar olmuruq. Biz sizin düşməniniz deyilik, əksinə sizin problemlərinizi, dərdinizi jurnalistdən daha yaxşı anlayan yoxdur. Başınıza bir iş gələn kimi ilk yadınıza jurnalist tanışınız düşür, ürəyinizi ona boşaldırsınız ki, yazsın probleminizi həll etsin. Bəs onda bu aqressiya, bu kin nəyə görədir?

Jurnalistin evlə təmin olunması, hətta jurnalist şəhərciyi salınması dünyada ANALOQU olmayan bir hadisədir. Üstəlik bu binalar dünyadakı iqtisadi böhranın, maliyyə bazarlarındakı çaxnaşmanın fonunda tikildi. Böyük dövlətlər işdən çıxarmalar, krediti kəsmələr, ciddi islahatlar, iqtisadi böhranla savaşmalar vəziyyətində ikən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev ehtiyacı olan jurnalistləri evlə təmin edirdi. Ciddi nəzarətdə inşa edilmiş binanın mənzilləri yüksək səviyyədə təmir edilərək istifadəyə verilir, siz buna niyə kölgə salmağa çalışırsınız? Bizim dövlətimiz dünyada bir ilkə, nümunəyə imza atdı, 156 jurnalist ailəsini evlə təmin etdi, gələn ay ikinci bina da istifadəyə veriləcək, bu dəfə 250 jurnnalist “evlənəcək”, artıq 3-cü binanın inşasına hazırlıq da gedir. Bəlkə 4, 5-ci binalar da olacaq, kim bilir? Ehtiyacı olan jurnalistlər evlənəcək, ev sahibi olacaq.

Qoy bütün evsizlər evlənsin!

PS: Əminəm ki, o danışanlar, künc-bucaqda pıçıldaşanlar heç vaxt bizim kimi kirayə həyatı yaşamayanlardır. Məsəl var, damdan düşənin halını yalnız damdan düşən anlayar.

Lalə Mehralı