Gürcüstandan ərzaq məhsullarında donuz qripi - TƏHLÜKƏ




Gürcüstanda donuz qripindən ölüm faktının qeydə alınması qonşu ölkədən Azərbaycana gətirilən xüsusilə kolbasa və sosiska məhsulları ilə bağlı narahatlıq yaradır. Məlumat üçün bildirək ki, hər həftəsonu Bakının bir neçə rayonunda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında Gürcüstandan gətirilən ərzaq məhsulları da satılır. Bu məhsullar arasında kolbasa və sosiska məhsulları nisbətən ucuz qiyməti ilə diqqəti cəlb edir. Yarmarkada kolbasanın 3-4 manat arasında dəyişən qiymətlərlə təklif olunur. Ancaq Gürcüstanda donuz qripinin insanlar arasında yayılması qonşu ölkədən gətirilən məhsullarla bağlı narahatlığı artırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətindən AzNews.az-a verilən məlumata görə, hazırda heç bir ölkədə heyvanlar arasında donuz qripi virusu qeydə alınmayıb:

"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatını hesabatına görə, dünyanın heç bir ölkəsində heyvanlar arasında donuz qripi qeydə alınmayıb. Bu hesabat Azərbaycana da göndərilib. Hətta virusa rastlanılsa belə müəyyən dərəcə temperaturda məhv olur. Kolbasa və sosiska məhsulları isə yüksək temperaturda hazırlandığından insan səhhəti üçün heç bir təhlükə yoxdur".

Elnarə Əlosmanqızı
AzNews.az