01:29
(077) 610-22-33

Pensiya və əməkhaqqı artacaq

  • >
299 12 Fevral 2013 23:27 | Cəmiyyət

"Mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur"



Fevralın 12-də Bakı Biznes Mərkəzində prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev giriş nitqində qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq 9 ildir ki, uğurla icra edilir:
"Hesab edirəm ki, Proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan etdiyimiz niyyətimiz artıq reallığa çevrilir".

Prezident 2004-cü ilin əvvəlində Proqramın qəbul edilməsinin bir neçə səbəbini qeyd etdi. "İlk növbədə, bölgələrin inkişafı əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi Proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir", deyə ölkə başçısı qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, 2004-cü ildə beşillik Proqramı qəbul edərkən işsizliyin aradan qaldırılması üçün qarşıya müəyyən hədəflər qoyulmuşdur:
"Çox şadam ki, birinci beşillik Proqramın icrası nəticəsində iş yerlərinin açılması ilə bağlı əvvəldən verilmiş proqnozlar daha da nikbin olub, 600 mindən çox iş yerləri açılıbki, biz 2004-cü ildə bəyan etdiyimiz hədəflərə çata bildik. Ancaq bu proses ondan sonrakı dövrdə də davam edib. Bildiyiniz kimi, 2009-cu ildə ikinci Dövlət Proqramı qəbul edilib. Bu ilin sonunda bu Proqram başa çatacaq".

Prezident bu il qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəyinə və beləliklə, ikinci beşillik Proqramın yerinə yetiriləcəyınə əmin olduğunu bildirib:

"Onu bu gün deməyə əsas verən bir neçə amil var ki, 2004-cü ildə hələ o amillər mövcud deyildi. Bu gün iqtisadiyyatımız çox güclü iqtisadiyyatdır. Bizim çox böyük valyuta ehtiyatlarımız var. Bizim neft-qaz sahəsində irəli sürdüyümüz bütün təşəbbüslər demək olar ki, artıq reallaşır. 2004-cü ildə isə, sadəcə olaraq, biz öz niyyətimizi ortaya qoymuşduq və öz iradəmizi səfərbər etmişdik. 2004-cü ildə neft strategiyamızın tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilməmişdi. Hələ biz ölkə iqtisadiyyatına böyük həcmdə valyuta axınını təmin etməmişdik. Buna baxmayaraq, 2004-cü ildə hesab edirəm ki, bu cəsarətli və düşünülmüş addım iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan verib. Bu gün isə bu Proqramı uğurla başa çatdırmaq üçün bizim bütün imkanlarımız var. Artıq, yenə də demək istəyirəm ki, güclü iqtisadi vəziyyətimiz var. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bizim artıq gözəl təcrübəmiz var. Hazırda Azərbaycanda müxtəlif layihələrdə iştirak edən yerli şirkətlərin sayı böyük dərəcədə artıb. Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılıb".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq əlaqələri daha da genişləndirilib. "Əgər biz əvvəlki dövrdə layihələrin icrası üçün daha çox xarici maliyyə mənbələrindən asılı idiksə, bu gün artıq belə deyil, Azərbaycan özü kredit verən ölkəyə çevrilib. Hətta Azərbaycan dövləti Beynəlxalq Maliyyə Korporasiyasına da - bu qurum Dünya Bankının tərkib hissəsidir, - kredit ayırıb", deyə İlham Əliyev qeyd edib.

İlham Əliyev qeyd edib ki, bu illər ərzində Azərbaycan hər cəhətdən uğurla irəliyə gedib. "Beləliklə, bu il Proqramı uğurla başa çatdırmaq üçün mən heç bir əngəl, heç bir problem görmürəm. Sadəcə olaraq, yerli icra orqanları, yerli sahibkarlar və mərkəzi icra orqanları həmişə olduğu kimi, əlaqəli şəkildə işləməli və verilən bütün tapşırıqları vicdanla, şərəflə yerinə yetirməlidir", deyə ölkə başçısı qeyd edib.

Dövlət başçısı qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün dövlətin neft strategiyası öz rolunu oynayıb. Ölkə başçısı qeyd edib ki, dövlətin maddi imkanları artıbvə maliyyə vəziyyəti yaxşılaşıb.

Prezident İlham Əliyev qeyd edib ki, bütün uğurları neft amilinə bağlamaq, səhv və sadəlövhlük olardı. "Baxmayaraq ki, bir müddət bundan əvvəl, xüsusilə 2000-ci illərin ortalarında bəzi xarici təhlilçilər və qurumlar uğurlarımızı yalnız neft-qaz amili ilə bağlayırdılar. Bəzi hallarda bilməyərəkdən, bəzi hallarda bizim uğurlu işlərimizə kölgə salmaq üçün sadəcə olaraq deyirdilər ki, Azərbaycanda neft var, ona görə Azərbaycan inkişaf edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı cavablarımızı vermişdik. Bu gün də demək istəyirəm ki, dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac edən ölkələr var. Əgər o ölkələrin bəzilərinin maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur, bizim uğurlarımızı şərtləndirən əsas amillər", deyə ölkə başçısı qeyd edib.

Dövlət başçısı qeyd edib ki, bu gün artıq əvvəlki illərdə səslənən fikirlərə də xarici mətbuatda rast gəlinmir ki, Azərbaycanı "neft lənəti" gözləyir, Azərbaycanda "holland sindromu" olacaq, ölkə birtərəfli şəkildə inkişaf edəcək:

"Artıq bu əsassız fərziyyələr arxada qaldı və keçən ilin iqtisadi göstəriciləri bir daha onu göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur. Çünki keçən il iqtisadiyyatımızın qeyri-neft sektoru təxminən 10 faiz artıb. Bu artım onu göstərir ki, apardığımız islahatlar öz səmərəsini verir.
Bütövlükdə, əgər 2004-cü ildən bu günə qədər keçən dövrü təhlil etsək, görərik ki, biz bütün işləri ardıcıllıqla aparmışıq və aparırıq. Ölkədə gedən proseslər müsbət istiqamətdə inkişaf edir".


İlham Əliyev fikrini statistik rəqəmlərlə təsdiqləyib. "Son doqquz il ərzində ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. Hesab edirəm ki, bu, dünya miqyasında analoqu olmayan göstəricidir. Sənaye istehsalı təxminən üç dəfə artıb, ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulub və keçən il sərmayə qoyuluşu rekord həddə çatıb – 22 milyard dollardan çox. Onlardan 13 milyardı yerli investisiyalar olub", deyə prezident vurğulayıb.

Dövlət başçısı həmçinin qeyd edib ki beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən işləri yüksək qiymətləndirir. İlham Əliyevin sözlərinə görə, kredit reytinqlərinin təhlilini aparan aparıcı qurumlar Azərbaycanın kredit reytinqlərini artırıb:

"Baxmayaraq ki, Avropanın bəzi ölkələrinin kredit reytinqləri aşağı düşüb. Xüsusilə son bir neçə ilin təcrübəsi çox müsbətdir. Çünki hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin edilib".

Prezident İlham Əliyev sosial məsələlərin həlli ilə ciddi məşğul olunduğunu qeyd edib:

"Bizim iqtisadi sahədəki islahatlar, eyni zamanda, güclü sosial siyasətlə də tamamlanır. Əgər yenə də son doqquz ilin statistikasına nəzər salsaq görərik ki, 2004-cü ildə Azərbaycanda orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində idi, bu gün 500 dollar səviyyəsindədir. Orta pensiya 20 dollar səviyyəsində idi, bu gün 200 dollar səviyyəsindədir. Əlbəttə, bu rəqəmlər də bizi qane etmir və mən hesab edirəm ki, orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və artacaq. Dövlət müəssisələrində çalışanların əməkhaqları, pensiyaları artırılacaq, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşdıracaq. Ancaq yenə də deyirəm, bu böyük fərq onu göstərir ki, biz sosial məsələlərin həllində də böyük nailiyyətlərə çata bilmişik".

Prezident bildirib ki, son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilib: "İnfrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olub. İnfrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. Çünki biz bölgələrdə infrastruktur layihələrini demək olar ki, sıfırdan başlamalı idik. Bölgələrdə çalışan sahibkarlar bunu yaxşı bilir. Elektrik enerjisi, qaz, içməli su ilə bağlı problemlər tədricən aradan qaldırılır. İndi biz kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Əlbəttə, biz bütün işləri, yenə də demək istəyirəm ki, ardıcıllıqla və prioritetlər çərçivəsində həll etməli idik".

Dövlət başçısı xüsusilə infrastruktur layihələrinə gəldikdə, ilk növbədə, magistral yolların tikintisi və təmiri aparılmasını qeyd edib: "Ondan sonra kənd yollarının tikintisi aparılır. Yəni, bu proses davam edir və bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, iş yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bölgələrdə yaşamaq üçün yeni şərait yaradılır".

Prezident problemlərin hələ ki çox olduğunu qeyd edib:
"Biz bu problemləri bilirik və bu problemləri həll edirik. Əlbəttə ki, bu il ikinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaq. Yəni, dövlət üzərinə düşən bütün vəzifələri icra edir. Eyni zamanda, biz sahibkarlığın inkişafı üçün əməli işlər görürük. Çünki hədəflərimizə çatmaq üçün dövlət və özəl sektor partnyorluğu xüsusi əhəmiyyət daşıyır".

Dövlət başçısı sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımların atıldığını qeyd edib:

"İlk növbədə, sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə var, sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var – bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Əlbəttə, Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Halbuki, bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da var".

Prezident bildirib ki, sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atılıb. "Bayaq qeyd etdiyim kimi, bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır. Əgər şəhərdə işıq yoxdursa, yaxud da ki, fasilələrlə verilirsə, yollar, kommunal infrastruktur bərbad vəziyyətdədirsə, orada heç bir düz əməlli müəssisə yaradıla bilməz. Ona görə, dövlət tərəfindən qoyulan investisiyalar, o cümlədən sahibkarlığın inkişafına xidmət göstərirdi və göstərir. Eyni zamanda, sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dəstəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilib. Bu maliyyə dəstəyi əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan verib. Bu kreditlər vasitəsilə icra edilən layihələr əlbəttə ki, eyni zamanda, sahibkarların öz vəsaiti hesabına da icra edilir. Yəni, biz burada da dövlətin və özəl sektorun tərəfdaşlığını görürük. Kreditlər məqsədyönlü şəkildə verilir, ilk növbədə, ölkəmizin inkişafına lazım olan sahələrə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün, - bu məsələ ilə bağlı biz hələ danışacağıq, - biz bir neçə il bundan əvvəl qarşıya məqsəd qoymuşuq ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik və məqsədə tədricən yaxınlaşırıq", deyə İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcək:

"Çünki bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur. Biznes şəraiti, investisiya iqlimi Azərbaycanda yaxşıdır, daha da yaxşı ola bilər. Ancaq hesab edirəm ki, yaxşıdır. Əgər belə olmasaydı, biz keçən il xaricdən doqquz milyard dollar sərmayəni qəbul etməzdik. Sahibkarlığın qarşısında duran əngəllər də növbəti illərdə aradan qaldırılmalıdır".

Prezident belə müşavirələrin hər il keçirilməsini çox əlamətdar hadisə olduğunu qeyd edib:

"Bir daha biz bütün işləri təhlil edirik, həm bugünkü toplantıda, həm toplantı ərəfəsində. Xüsusilə bu görüşdən sonra veriləcək göstərişlər əminəm ki, bölgələrdə işlərin daha da sürətlə getməsinə imkan yaradacaq".

"Bu məsələlərlə bağlı bütün qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməlidir - yerli icra orqanları, sahibkarlar, mərkəzi icra orqanları. Çünki bu, bizim ümumi işimizdir. Dəfələrlə demişdim, bu gün də demək istəyirəm ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır. Ona görə özəl şirkətlərə, dövlət şirkətlərinə göstərilən diqqət eyni olmalıdır və hesab edirəm ki, biz buna nail oluruq. Əgər sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq görərik ki, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir. Cəmi 20 il ərzində bazar iqtisadiyyatı şəraitində yaşayan ölkə üçün hesab edirəm ki, bu, böyük göstəricidir", deyə Prezident İlham Əliyev qeyd edib .

Dövlət başçısı bildirib ki, bundan sonrakı illərdə iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, sənaye potensialımızın gücləndirilməsi, ixrac potensialının artırılması, idxaldan asılılığın azaldılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaq və bu günədək aparılıb:

"Ölkəmizin uğurlu inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi və gözəl perspektivlər deməyə əsas verir ki, qalan problemlər, nöqsanlar, çatışmazlıqlar da aradan qaldırılacaq. Buna nail olmaq üçün əlbəttə ki, hər bir vətəndaş - istər dövlət məmuru, istər sahibkar ilk növbədə, öz məsuliyyətini dərk etməlidir. Çünki bizim məqsədimiz ölkəmizi inkişaf etdirməkdir, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir".

"Əlbəttə, enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir. Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik. Azərbaycan tərəfindən irəli sürülmüş yeni layihələr, yeni təşəbbüslər dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan artıq öz üzərinə çox böyük məsuliyyət götürür. Xarici tərəfdaşlarla həm Azərbaycanda, həm xaricdə birgə fəaliyyətimiz yeni pilləyə qalxır. Bu gün artıq Azərbaycan öz investisiyalarını xarici ölkələrə qoymağa başlayır. Bu, bizim üçün yeni bir prosesdir. Ancaq biz hazırlaşmışıq və dünyada Azərbaycan çox etibarlı investor və dost ölkə kimi tanınır. Əlbəttə, beynəlxalq əlaqələrimiz, xüsusilə dost ölkələrin sayının artması və yeni biznes layihələri bizim iqtisadi maraqlarımızı da təmin etməlidir", deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı bildirib ki, xarici bazarlara çıxmaq üçün yeni imkanlar araşdırılmalıdır:

"Əlbəttə, xarici bazarlara çıxmaq üçün, ilk növbədə, daxildə istehsal olunan məhsullar yüksək meyarlara cavab verməlidir. Çox şadam ki, son illər ərzində ən müasir standartlara cavab verən yeni müəssisələr artıq işə salınır və dövlət tərəfindən verilən kreditlər təkcə burada maliyyə məsələlərini həll etmir, eyni zamanda, dövlət nəzarəti də təmin edilir. Dövlət tərəfindən verilən tövsiyələr öz rolunu oynayır və beləliklə, ixracyönümlü məhsulların istehsalı da artır. Çünki əgər biz gələcəkdə də kənd təsərrüfatını, aqrar sektoru uğurla inkişaf etdirmək istəyiriksə, mütləq bu gün artıq böyük ixrac imkanlarımızı təmin etməliyik, yeni bazarlara çıxmalıyıq. Baxmayaraq ki, Azərbaycan inkişaf edir və əhali də artır, bizim bazarımız kifayət qədər məhdud bazardır.

Ancaq potensialımız çox böyükdür. Ona görə, əgər xarici bazarlara çıxışımız olmasa, bu zaman müəyyən ildən sonra bizim aqrar sektorda aparılan işlər yəqin ki, dondurulmayacaq, ancaq müəyyən səviyyəyə çatandan sonra o səviyyədən artıq inkişaf edə bilməz. Ona görə biz indidən bu işlərlə məşğuluq. Mən də və bizim digər qurumlar da xarici tərəfdaşlarla görüşlər əsnasında bu məsələləri müzakirə edirik".


Prezidentin sözlərinə görə, xarici ölkələrə investisiya qoyuluşu ilk növbədə, dövlətin investisiya portfelini şaxələndirir: "Eyni zamanda, biz investorlar kimi bir çox ölkələrdə böyük etimad qazanırıq. Bu etimad nəticəsində gələcəkdə bizim o ölkələrə ixrac imkanlarımız da artacaq".

Prezident İlham Əliyev qeyd edib ki, burada özəl qurumlar dövlət qurumları ilə sıx əlaqədə olmalıdır:

"Çünki bəzi hallarda özəl qurumlar üçün xarici bazarlara çıxmaq o qədər də asan deyil, bəzi hallarda onlar heç maraqlı da deyillər. Ancaq yenə də deyirəm, ölkənin iqtisadi siyasəti var. Bu iqtisadi siyasət ilk növbədə, Azərbaycanın hərtərəfli inkişafını təmin etməlidir. Daxili resurslardan maksimum səmərəli şəkildə istifadə edilməlidir və biz xarici bazarlara daha da geniş şəkildə çıxmalıyıq".


Bağla X