10:29
(077) 610-22-33

Amerikalı jurnalist Əkrəm Əylisli olayından danışdı

  • >
247 13 Fevral 2013 10:30 | Cəmiyyət

“Əylisli məsələsi göstərdi ki, cəmiyyətlər sülhə hazır deyil”




ABŞ-da yaşayan jurnalist, "Qara bağ" kitabının müəllifi Tomas de Vaal "Azadlıq" radiosuna müsahibədə Əkrəm Əylislinin "Daş yuxular" romanına münasibət bildirib.

- Siz Cənubi Qafqazdakı prosesləri uzun müddətdir yaxından izləyən azsaylı xarici ekspertlərdənsiz. Tanınmış bir yazıçının birdən-birə tabuları qırması, Azərbaycanın da konflikt zamanı zorakılıqlar törətdiyindən danışması, tərəfləri sülhə çağırması və çoxluğun buna etiraz etməsi - bütün bunlar Vaşinqtondan necə görünür?

- Bu, Azərbaycan cəmiyyətinin öz tarixini, problemlərini analiz etməyə hazır olmadığını göstərir. Özü də bu, münaqişə tərəflərinin hər ikisi, həm Azərbaycan, həm də Ermənistan cəmiyyətləri üçün səciyyəvi haldır.

Mən Əkrəm Əylislinin romanını cəsarətli addım sayıram. O bunu siyasətçi, yaxud jurnalist kimi yox, sənətkar kimi edib. Sözünü bədii əsərlə deyib. Deyib ki, mənim yaşadığım cəmiyyət də pis işlər görüb, buna görə məsuliyyət daşıyırıq və bunu etiraf etməliyik. Bu, çox yetkin və cəsarətli hərəkətdir. Mən indiyəcən Ermənistanda belə bir cəsarətli addım atan şəxs görməmişəm. Təəssüf ki, Əylislini bir cəsarətli vətəndaş kimi alqışlamaq əvəzinə təzyiqlərə məruz qoyurlar, kitablarını yandırırlar.

Ayrı-ayrı insanların qəzəblənməsi başa düşülə bilər. Amma Əkrəm Əylisliyə qarşı kampaniyanın önündə hökumətin özünün getməsi təəssüf doğurur. Azərbaycan hökuməti sülhdən danışmağı xoşlayır, hətta minlərlə erməninin Bakıda rahat yaşadığını xatırladır. Təəssüf ki, münaqişə haqda cəsarətlə danışan yazıçıya qarşı təzyiqlər tamam fərqli təsəvvür yaradır, fərqli mesaj verir.

Güman ki, bu məsələdə hökumət daha çox daxili auditoriyanı fikirləşir. Amma müasir dövrdə belə məsələlər bir ölkənin sərhədi daxilində qalmır. Və hökumət belə məlumatların Azərbaycanın dünyadakı imicinə necə təsir etdiyini də düşünməlidir. Çox təəssüf doğuran haldır. Əkrəm Əylisli Azərbaycan cəmiyyətində tolerant kəsimi təmsil edir. Təəssüf ki, onun səsi eşidilmir.

- Amma eyni zamanda Ermənistanda elələri də var ki, Əkrəm Əylislinin sülh mesajını belə yozurlar: baxın, hətta Azərbaycan yazıçısı da bunu etiraf edir, münaqişədə zorakılıq edənlər azərbaycanlılar olublar, deməli, bu münaqişədə ermənilər haqlı, azərbaycanlılarsa haqsızdır. Bu yanaşma haqda nə düşünürsünüz?

- Bu, sülhə fayda verən yanaşma deyil. Düzgün yanaşma o olardı ki, hansısa bir erməni yazıçısı da erməni birləşmələrinin Xocalıda, yaxud müharibənin hansısa başqa mərhələsində törətdiklərini etiraf edərdi. Əgər ermənilər Əkrəm Əylisliyə kömək etmək istəyirlərsə, konfliktə görə Azərbaycan tərəfini ittiham etmək əvəzinə Əkrəm Əylislinin atdığı cəsarətli addımı onlar da atmalıdırlar.

- Bəziləri isə deyir ki, müharibənin vurduğu yaralar hələ sağalmayıb, konfliktin alovu sönməyib, ona görə də Əkrəm Əylislinin belə bir kitab yazması əslində sülhə yox, münaqişənin yenidən qızışmasına xidmət edir...

- Təbii ki, bu, bir polemikadır və belə arqumentlər də səslənə bilər. Amma bütün hallarda bu polemika mədəni axarda getməli, televiziyada, qəzetlərdə aparılmalıdır. Amma kitab yandırmaq ibtidai, bəsit bir şeydir.

- Əkrəm Əylislinin romanı ilə bağlı yaranan bu böyük ajiotajın içində həm də müəyyən diskussiya cücərtiləri sezilir - azərbaycanlılar ermənilərlə yanaşı yaşaya bilərmi? Ümumilikdə erməni xalqının düşmən elan edilməsinə etiraz edənlər də var. Baş verənlər, sizcə, münaqişənin həllinə hansısa formada müsbət impulslar verir, yoxsa, əksinə?

- Əkrəm Əylisli ilə bağlı baş verənlər göstərir ki, Azərbaycan cəmiyyəti 20 il əvvəlki kimi travmalıdır, qəzəb içindədir və heç nə eşitmək istəmir.

- İndi həm Azərbaycan, həm də Ermənistan prezident seçkisi ərəfəsindədir, Qarabağ danışıqları sanki arxa plana keçib və dalana dirənib. Eyni zamanda Xocalı aeroportu ilə bağlı mübahisə səngimir. Sizcə, sülh danışıqlarından yaxın vaxtlarda nəsə gözləmək olarmı?

- Əylisli məsələsi göstərdi ki, cəmiyyətlər sülhə hazır deyil. Son illərdə proses eyni ssenari üzrə gedir. Həmsədrlər hansısa planla gəlirlər, amma tərəflər onu məqbul saymırlar və sanki hansısa dairə içində hərəkət beləcə təkrarlana-təkrarlana davam edir. Belə görünür ki, artıq başlıca məqsəd sülhün əldə olunmasından daha çox müharibənin yenidən alovlanmasına imkan verməməkdir.

AzNews.az
Bağla X