17:44
(077) 610-22-33

İtirilmiş kapital

  • >
754 13 Fevral 2013 11:55 | Cəmiyyət



Elxan SALAHOV

Saakaşvili hökumətinin bütün sahələrdə uğur qazandırdığı qonşu Gürcüstan daha bir nümunəvi addımı seyr edirik. Qısa bir müddətdə rüşvətə və korrupsiyaya son qoymaqla, açıq və şəffaf idarəçilik mexanizmləri qurmaqla dünyada və regionda hörmət-izzət sahibi olan gürcü hökuməti öz ölkəsinin gələcəyini hazırlayan müəllimlərin maaşını birdən-birə 50 dollar qaldırdı. Qonşu ölkədən gələn bu xəbər Azərbaycanda eyni peşənin xidmətində dayananları türklər demiş, əməlli-başlı şaşırdı. Əcəba, neft kapitalını insan kapitalına çevirməyi hədəfləmiş Azərbaycanda 25 milyard dollarlıq büdcə ilə müəllimlərin maaşı 5-6 ildən bir 3-5 faiz qaldırıldığı halda, Gürcüstan cəmi 5 milyard dollarlıq büdcə ilə birdən-birə 50 dollarlıq maaş artımı necə reallaşdıra bilir?

Nefti-qazı, qızılı-gümüşü olmayan Gürcüstanın az pulla gördüyü böyük işlər təkcə müəllimlərin maaşını 50 dollar artırmaqla məhdudlaşmır. İqtisadçılar qara və nəcib qızılın varlandırdığı Azərbaycanda müəllimlərlə yanaşı həkimlərin də maaşının heç vaxt Gürcüstandakından yüksək olmadığını söyləyirlər. Elə pensiya və müavinətlərdə münasibətdə də bu nisbət gürcülərin xeyrinə olub.

Gürcüstanda müəllimlərin maaşının birdən-birə 50 dollar artırdığına dair xəbərlərin yayılan günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən il ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərindən bəhs edən "Abituriyent" jurnalında bir məqam diqqətimi çəkdi. Məlum olur ki, son 17-18 ildə fundamental təhsilə aid ixtisaslara ayrılmış yerlərin böyük əksəriyyəti boş qalır. Əvəzində abituriyentlərin böyük əksəriyyəti humanitar sahəyə daha çox maraq göstərir. Bu sahəyə sənəd verənlərin əksəriyyəti isə beynəlxalq əlaqələr, jurnalistika, tibb və digər nüfuzlu ixtisaslara yiyələnmək istəyir. Bu isə Azərbaycanda məhz həmin ixtisasların ən nüfuzlu peşə sayıldığını göstərir.

Eyni vəziyyət 2011-ci ildə özünü daha aydın büruzə verir. TQDK-nın həmin ildəki elmi-statistik təhlillərinə əsasən, boş qalan yerlərin mütləq əksəriyyəti məhz fundamental təhsilə aid ixtisasların payına düşür. Məsələn, 2011-ci ildə Bakı Dövlət Universitetinin I qrup üzrə ixtisaslarında boş qalan yerlərin hamısı bütünlüklə fundamental təhsil sahələrinə aid ixtisaslardır. Bunların arasında "Faydalı qazıntı yataqlarının axtarışı və geoloji plana alınması", "Tətbiqi geokimya, petrologiya, minerologiya", "Tətbiqi fizika", "Geofizika", "Hidrogeologiya və mühəndis geologiyası" ixtisaslarına qəbul olunanların sayı barmaqla sayıla biləcək qədər azdır. Halbuki BDU-da həmin ixtisaslara orta hesabla 12-15 plan yeri ayrılmışdı. Bundan başqa, birinci ixtisas qrupu üzrə Azərbaycan Dövlət Neft Akademiyasının "İstilik energetikası, maşın və qurğuları", "Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiyası", Memarlıq və İnşaat Universitetinin "Dəniz neft-qaz hidrotexniki qurğularının tikintisi", "Mühəndis sistemlərinin və qurğularının tikintisi", Azərbaycan Dövlət İqtisad Universitetinin "Çoxişlənən malların texnologiyası", "Standartlaşdırma və sertifikasiya", Azərbaycan Texniki Universitetinin "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə", "Metallurgiya" və "Cihazqayırma" ixtisaslarında da boş qalan yerlərin sayı yüksəkdir.

Bir maraqlı müqayisə də var: 2011-ci ildə Bakı Dövlət və İqtisad universitetlərində hüquq, beynəlxalq əlaqələr, jurnalistika, tibb, gömrük və digər nüfuzlu ixtisaslar üçün nəzərdə tutulmuş yerlərin hamısı elə birinci turda tutulub. Ölkənin hazırkı iqtisadi və ictimai həyatında o qədər də rentabelli (deməli, həm də nüfuzu olmayan, az gəlirli sahələr – E.S.) sayılmayan fundamental təhsil sahələrində isə əksinə, yerlərin çoxu yenə də boş qalıb. Komissiyanın hesablamalarına görə, belə ixtisaslara maraq yalnız ikinci turda, özü də nisbətən aşağı bal toplamış abituriyentlər tərəfindən göstərilir.

Belədə haqlı olaraq bir sual ortaya çıxır: bir neçə il əvvəl ən yüksək səviyyələrdə elan edilmiş "Neft kapitalını insan kapitalına çevirməliyik" devizinin məntiqi nəticəsi niyə bu rəqəmlərdə görünmür? Axı, neft kapitalını insan kapitalına çevirməyi özümüz üçün prioritet elan etmişiksə, fundamental təhsilə münasibət bu cür olmamalıdır. Çünki qara qızılı insan kapitalına çevirmək təkcə mötəbər kürsülərdən səsləndirilən vədlər, siyasi-ideoloji tezis deyil, həm ciddi əsasları olan gerçəklikdir.

Amma heyf, bu neft kapitalı bolluğunda da gürcülər qədər ola bilmədik!
Nə yazıq ki, qara qızılı insan kapitalına çevirmək arzumuz hələ ki, arzu olaraq qalır. Neft kapitalları isə artıq azalmağa başlayıb...
Görəsən, yığıb-yığışdıra bilmədiyimiz neft gəlirlərinin artdığı bu illər ərzində itirilmiş kapitalları hesablayan olub?
Bağla X