01:53
(077) 610-22-33

Plyonkaların Azərbaycana gətirilməsi qadağan olunur?

  • >
377 13 Fevral 2013 13:00 | Cəmiyyət

Belə bir təkliflə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çıxış edib




Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Media forum" saytının suallarını cavablandırıb.

- Bakı şəhər yol polisi avtomobillərə pərdə və plyonkaların vurulmasının qarşısını almaq üçün hansı tədbirlər görür?

- Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilin əvvəlindən bu sahədə ciddi tədbirlər görməyə başlayıb. Yanvarın 1-dən fevralın 10-a qədər Bakı şəhərində 1145 sürücü məsuliyyətə cəlb edilib. 2012-ci ildə isə paytaxt yollarında baş vermiş qanun və qayda pozuntularına görə 360 mindən artıq inzibati protokol tərtib olunub. Bunun 7500-dən artığı məhz avtomobili pərdəli və plyonkalı idarə edən sürücülərə tərtib edilib. Təhlillərə əsasən deyə bilərəm ki, yol hərəkəti zamanı ən çox xəta məhz avtomobillərə pərdə və plyonkaların vurulması formasında baş verir. Belə xətalara meyl yüksəkdir.

Fevralın 13-də Bakının Neftçilər, Parlament prospektləri, Hüseyn Cavid parkının ətrafı, Rəşid Behbudov küçəsi və digər ərazilərdə keçirdiyimiz tədbirlər zamanı 50-dən artıq avtomobili saxlayaraq müvəqqəti dayanacaqlara aparmışıq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi təsirli tədbirlərini davam etdirir. "Media forum" saytının yaratdığı fürsətdən istifadə edib bir daha avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırırıq ki, "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdələrin, plyonkaların və digər qurğuların quraşdırılması, avtomobillərin bu formada idarə edilməsi yolverilməzdir. Belə hallara görə sürücü məsuliyyətə cəlb edilir.

Hesab edirəm ki, prezident İlham Əliyevin fevralın 12-də keçirilən müşavirədə etdiyi çıxışdan sonra sürücülər avtomobillərinə vurduqları pərdə və plyonkaları könüllü olaraq sökməlidirlər, özləri bunun yolverilməzliyini dərk etməlidirlər. Bunu etmək "Yol hərəkəti haqqında" qanuna hörmət əlamətidir.

- Bu reydləri prezidentin çıxışından sonra yol polisinin gücləndirilmiş iş rejiminə keçməsi kimi qəbul etmək olarmı?

- Bəli. Bütün qüvvələr səfərbər edilib, bölmə və şöbələrin əməkdaşlarından ibarət qrup Bakı şəhərində tədbirlərin keçirilməsini davam etdirir. Məqsədimiz "Yol hərəkəti haqqında" qanuna hörmətlə yanaşmağı tələb etməkdir.

- Pərdə və plyonkalara qarşı mübarizədə əsas problem nədir? Kimlər daha çox buna müqavimət göstərir?

- Mən sürücüləri kateqoriyalara bölmək istəməzdim. Kimlər avtomobilinə pərdə və plyonka vurursa, yol polisi tədbir görüb onları sökəndən sonra yenə də təkrar vurmaqdan yorulmursa, biz də yol polisi olaraq tədbir görməkdən yorulmuruq və yorulmayacağıq. Hətta elə sürücülər var ki, pərdə və plyonkaya görə onlara 2-3 dəfə inzibati protokol tərtib etmişik, məsuliyyətə cəlb etmişik. Çox təəssüflər olsun ki, yenə də pərdə və plyonkaya meyl var.

Problemi kökündən həll etmək üçün gərək plyonkaların Azərbaycana gətirilməsinin qarşısı alınsın. Eyni zamanda daha sərt tədbirlərin görülməsinə, cəzaların sərtləşdirilməsinə ehtiyac var. Təcrübə göstərir ki, belə etmək məqsədəuyğundur. Sürücülərdən soruşmaq lazımdır ki, qara şüşələr arxasında gəzəndə nə hiss edirsən, hansı duyğular keçirirsən?

- Sizcə, niyə belə edirlər?

- Hesab edirəm ki, şəffaf şüşələr arxasında oturmaq, belə gəzmək daha yaxşı və təhlükəsizdir. Avtomobil sürücüləri yaxşı başa düşürlər ki, pərdə və plyonkalı avtomobilin arxasınca gedən sürücü qarşıdakı hərəkəti, vəziyyəti müşahidə edə bilmir. Bu da çox böyük təhlükədir.

- Prezidentin çıxışından belə məlum oldu ki, pərdə və plyonkadan daha çox məmurlar, varlılar və onların övladları istifadə edir. Yol polisi belələri ilə tez-tez rastlaşırmı?

- Hər halda müxtəlif kateqoriyalı insanlar var. Kim qanuna tabe olur, onlar barədə daha yüngül, tabe olmayanlara qarşı isə daha ciddi tədbirlər görülür.

- Prezident İlham Əliyev bir neçə il əvvəl keçirdiyi müşavirələrdən birində də pərdə və plyonka məsələsinə toxunmuşdu və sərt tədbirlər görməyi tələb etmişdi. Niyə problem həll olunmadı?

- Görünür, burada mental xüsusiyyətlərimizdən irəli gələn müəyyən nöqsanlar var. Məhz həmin nöqsanların aradan qaldırılması üçün yenidən bütün qüvvələr səfərbər edilib. Bu istiqamətdə təsirli tədbirlər davam etdiriləcək.

- Qanunvericiliyin sərtləşdirilməsinə də ehtiyac varmı?

- Bu günlərdə belə bir zərurət olduğunu hiss etdim. Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə əvvəllər 15-20 manat cərimə tətbiq olunurdu. İndi isə 40 manat cərimə tətbiq edilir. Ona görə də təhlükəsizlik kəmərindən istifadə edənlərin sayı artıb. Ailə büdcəsinə qənaət edilməsi bir çox sürücünü düşündürür.

- Pərdə və plyonkaların sökülməsi zamanı müqavimətlə üzləşən, xəsarət alan yol polisləri də varmı?

- Təbii ki, olur. Əgər cinayət, qanun pozuntusu varsa, polis də bunun qarşısını almalıdır. Biz müxtəlif xarakter və xüsusiyyətli insanlarla qarşılaşırıq. Amma təmkinimizi qorumağa, müqavimət göstərənə adekvat cavab verməyə çalışırıq və buna nail oluruq.

- Avtoxuliqanlar – "avtoşlar"la bağlı hansı tədbirlər görülür?

- 2012-ci ildə 280-dən artıq avtoxuliqanlıq faktı sənədləşdirilib, bunu edənlər barəsində tədbirlər görülüb. Bu il yanvarın 1-dən fevralın 10-a qədər 20-dən artıq avtoxuliqan aşkarlanıb. Avtoxuliqanlıq edənlər əsasən 20-30 yaşlı gənclərdir. Onlar paytaxtın Füzuli meydanı, Hüseyn Cavid parkının ətrafı, Zərifə Əliyeva adına parkın qarşısı, Rəşid Behbudov küçəsi, Fəhlə, Babək prospektləri və aeroport istiqamətində gedən beton yolda avtoxuliqanlıq edirlər. Həmin ərazilər daima nəzarətdə saxlanır, belə halların qarşısı alınır.

- Avtoxuliqanlıq zamanı baş verən qəzaların sayı çoxdur?

- 2012-ci il ərzində 35-dən artıq yol-nəqliyyat hadisəsi sırf avtoxuliqanlıq nəticəsində baş verib. Bu zaman 19 nəfər dünyasını dəyişib, 20-yə yaxın şəxs xəsarət alıb.

AzNews.az
Bağla X