19:00
(077) 610-22-33

Nişanlısını qətlə yetirən şəxs: “Onunla həmişə hamamda görüşürdük”

  • >
22 308 14 İyul 17:52 | Cəmiyyət

Bakıda nişanlısını qətlə yetirməkdə və onun bacısına xəsarət yetirməkdə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısı Ramin Nağdəliyevə verilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Təqsirləndirilən şəxs ittihama münasibət bildirək özünü təqsirli bilib. Nəcəf Məcidov qeyd edib ki, nişanlısı ilə həmişə hamamda görüşüb: “Həmin gün də görüşümüz hamamda idi. Hava soyuq olduğu üçün qapını da içəridən bağladım ki, içəri isti olsun. Mübahisə etdik. Sözlərimə qulaq asmırdı. Mən ona iradlarımı bildirirdim. Lakin buna əməl eləmirdi. Əsəbiləşdim, ona mənə cavab verməməsini desəm də, yenə buna əməl eləmədi. Beynim çöndü. Bıçaqla zərbələr vurdum. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım. İlahə ilə dalaşdığım üçün əsəbi idim, çölə çıxanda Rəhimə üstümə gəldi, özümdə olmadığım üçün onu da vurmuşam”.

Daha sonra zərərçəkmiş şəxs qismində ifadə verən Rəhimə Ağayeva bildirib ki, hadisə baş verən günü bacısı İlahənin telefonla danışdığını görüb: “Bacım telefonda 2-3 saat danışdı. Ondan soruşdum ki, kiminlə danışırsan. Dedi ki, Nəcəfdir, mənimlə görüşmək üçün yalvarır, qapımıza gəlib, görüşmək istəyir. Mən də Nəcəfin yalvarmasına gülümsədim və bildirdim ki, imkan ver, gəlsin, görüşün. 5 dəqiqədən sonra bacım evdən çıxdı. Bacımı gözləsəm də, gəlmədi. Onun gəlmədiyini gördüm və arxasınca getdim. Həyətə düşəndə hamamdan səs-küy gəldiyini eşitdim. Bacımla Nəcəf mübahisə edirdilər. Qapını vursam da, bağlı idi. Qapını döydüm, İlahə çölə çıxdı. Dedi ki, Nəcəflə söhbət edir. Buna görə də evə qayıtdım. Yarım saat sonra bacımın qışqırıq səslərini eşitdim, tələsik ora qaçdım. Bacımın hamamda qan içində olduğunu, Nəcəfin əli qanlı çölə çıxdığını gördüm. İlahəni bu vəziyyətdə gördüyüm üçün onun üstünə cumdum və dedim ki, niyə belə etdin? Bu zaman Nəcəf məni də bıçaqla vurdu”.

Növbəti məhkəmə iclası iyulun 20-də davam edəcək.

Qeyd edək ki, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.

Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya biliblər.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Nəcəf Məcidovun yeri daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən edilib və saxlanılıb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.

Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Nəticədə İlahə Ağayeva hadisə yerində ölüb. Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Nəcəf Məcidov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.

AzNews.az

Bağla X