Bakı Metropolitenində xətlərin ayrılması 2016-cı ilədək başa çatacaq

Bakı Metropolitenində xətlərin ayrılması ilə bağlı aparılan hazırlıq işləri son mərhələdədir.

"APA-Economics"in metropolitenə istinadən verdiyi məlumata görə, Bakı Metropoliteninin rəhbərliyi həm "Qırmızı", həm də "Yaşıl" xətdə müstəqil hərəkəti təşkil etmək niyyətindədir və 2016-cı ilədək "28 May" stansiyasının yenidən qurulması çərçivəsində bu məsələ həllini tapacaq. Ötən illərdə bu istiqamətdə aparılmış işlər də yekunlaşıb. Xətlərin ayrılmasını Fransanın "Boygues" tikinti şirkəti ilə yerli "Akkord" şirkəti birlikdə həyata keçirəcək. Xətlərin ayrılmasında yeni Avstriya metodu tətbiq ediləcək.

Metropolitenin rəis müavini Arif Rəsulov qeyd edib ki, yeni Avstriya adlanan üsulun tətbiqi ilə aparılan inşaat Praqa şəhərində tətbiq olunub və Bakının, xüsusən də inşaatın aparılacağı sahənin geologiyası burada fərqli yanaşma üsulunun tətbiqini qaçılmaz edir: "Eyni zamanda, bu üsul tətbiq oluna biləcək iki-üç üsuldan biridir. Metod, dünya təcrübəsində olduğu kimi, jet-qrautinq, inyeksiya, anker kimi əlavə texnoloji vasitələrdən istifadə etməklə tətbiq ediləcək".

Metodun ümumi prinsipləri, tətbiqi imkanları bəlli olsa da, A.Rəsulovun təkidi ilə layihə beynəlxalq ekspertizadan da keçiriləcək. Bu məqsədlə dünyada tanınmış 3 şirkət arasından seçim edilib. Bu iş mühəndis ekspert rəylərinin verilməsinin səlisliyi ilə fərqlənən "Amber Engineering AG" şirkətinə həvalə olunub: "Bu rəy bizim üçün çox vacibdir. Məhz bu şirkətin qiymətləndirməsindən sonra layihənin bütün parametrləri üzrə son işlərə keçiləcək. Tikinti işləri başlayandan sonra bizi çox məsuliyyətli bir dövr gözləyir. Bütün işlər 2015-ci ilə qədər davam edəcək. Hərəkətin məhdudlaşdırılması isə yalnız son mərhələdə olacaq. Lakin yekunda metropolitendə optimal hərəkət sistemini tətbiq etmək mümkün olacaq".

Digər stansiyalardan fərqli olaraq, "Yaşıl" xətt "28 May"ın qatar hərəkəti yollarının arxasından keçir. Başqa sözlə, "28 May" "Cəfər Cabbarlı" stansiyasının yollarının arasındakı sahədə yerləşir. Layihəyə əsasən, "Yaşıl" xəttin tunelləri "28 May-Sahil" istiqamətində "Qırmızı" xətlə kəsişəcək. Hər iki istiqamətdə təxminən ümumi uzunluğu 150 metrədək olan tunel inşa olunmalıdır. İşlər "Qırmızı" xəttin lap yaxınlığında aparılacağından təhlükəsizlik məqsədilə tunellər möhkəmləndiriləcək.

İşlərin həlledici mərhələsi başlanandan sonra metropolitendə hərəkətin istiqamətləri müvəqqəti dəyişdiriləcək və məhdudlaşdırılacaq.

AzNews.az