“Dar gündə tutaq əl-ələ qardaşlarımızla”, dediyiniz bu idi? “Dar gündə tutaq əl-ələ qardaşlarımızla”, dediyiniz bu idi?

"Arif Hacılı güruhundan heç bir gözləntim yoxdur" - Xalid Kazımlının cavabı

“Dar gündə tutaq əl-ələ qardaşlarımızla”, dediyiniz bu idi?

Müsavatın bəzi funksionerləri yavaş-yavaş məni borclu çıxarırlar. Sanki ilk olaraq mən onlara həmlə etmişəm, mənzil alan kimi bunların üstünə hücuma keçmişəm.

Elə olmadı axı. Məlum hadisə ilə bağlı hər kəs (ictimai-siyasi fəallar, köhnə dostlar, həmkarlar, oxucular) bizi təbrik edəndə, saytlar admızı çəkib “filankəslər ev aldı” məzmunlu şad xəbər yayanda 24 ildən bəri üzvü olduğum Müsavat partiyasına yaxın Basta.info saytı heç bir zərurət olmadan adımı çəkərək “İlham Əliyev Müsavatdan istefa vermis jurnalistlərə də ev verdi”, başlıqlı yazı dərc etdi. Düzdür, sonradan dedilər ki, yazının içində Xalid Kazımlının Müsavatda fəaliyyətini dondurduğu qeyd olunub, amma istefa da, “dondurma” söhbəti də yalan idi. Söhbət son illərdə fəaliyyətimin zəif olmasından gedə bilərdi, ancaq mən partiyadan çıxmaq haqqında nə bəyanat vermişəm, nə də qərargaha ərizə göndərmişəm. Son günə qədər də partiyadaşlarla social şəbəkədə ünsiyyətim davam edib.

Son illərdə partiyada fəaliyyətimin zəif olması isə rəhbərlikdə olan dəyişikliklə bağlydı. Partiyanın yeni rəhbərliyinin fəaliyyətinə ilk gündən tənqidi münasibətim vardı, bu barədə yazı da yazmışdım və ayrı-ayrı funksionerlərin bəzi sərt açıqlamalarını “bolşevizm” adlandırmışdım.
Bu günlərdə baş verən hadisə göstərdi ki, partiyada “bolşevizm” meylləri bir az da böyüyüb. Adamı bir dəqiqənin içində şərləyir, antipartiya mövqeyində günahlandırır, “satqın, xain” adlandırır və şəxsinə qarşı kampaniya təşkil edirlər.

30 ildir mətbuatda yazılarım dərc olunur, son 22 ildə 7 -10 min arası analitik yazı, esse, felyeton, reportaj yazmışam. O yazılar 70 kitaba sığmaz. 2 bədii kitabın müəllifi, 3 romanın tərcüməçisiyəm. İndi məni hökumətyanlı olmaqda, iqtidara yarınmaqda suçlayanlar bu qədər yazının içindən bircə sətrimi tapsınlar ki, orada İlham Əliyevə məddahlıq var.

Yoxdur. Tamam əksinədir. Tənqid var. Buna baxmayaraq, dövlət başçısı bir müxalif yazara jest etdi, amma müəllifin öz partiyadaşları onu mediada linç etməyə qalxdı.

Bunun səbəbi nə paxıllıqdır, nə də başqa şeydir. O bədnam informasiyanı hazırlayanlar sadəcə intirqa dağarcığı olan bolşeviklərdir. “Kim bizimlə deyilsə, bizə düşməndir” – prinsip budur. Nə var, nə var, partiyanın son qurultayında Arif Hacılının yox, başqa şəxsin başqan olmasını istəyirdim. Bu seçimin partiyanı böləcəyini də öncədən yazmışdım. Mənim yazımdan aylar sonra partiya doğrudan da bölündü.

Bununla belə, 80-90 il öncə nəslimizdən müsavatçı olmuş şəxslərin xatirəsi naminə partiyanı tərk etmədim. Hətta Vurğun Əyyub, Hikmət Hacızadə, Qubad İbadoğlu, Rauf Arifoğlu, Mehman Cavadoğlu, Adil Qeybulla, Ellada Məmmədli, Nizaməddin Quliyev, Firəddin Əlioğlu kimi böyük şəxsi hörmətim olan liderlər partiyadan çıxanda, çıxarılanda narazılığımı bildirsəm də, onların ardınca getmədim, partyada qaldım.
Əslində ümid edirdim ki, vaxt gələcək, bir neçə ildən sonra umu-küsülərə son qoyulacaq, partiyadan ayrılıb yeni bir siyasi təşkilat yaradanlar yenidən bir tavan altında birləşəcəklər. Bu barədə də bir yazım vardı, ona reaksiya verən bir tanınmış şəxs isə əminliklə belə bir şeyin olmayacağını yazmışdı. Bir nəfər də demişdi ki, Mustafa Hacıbəyli olan yerə bir də heç kimsə gəlməz, lap axırda o, Mustafa partiyası olacaq.
İndi mən də elə düşünürəm. Gedənlərin geri dönüşü bu tezlikdə, Arif Hacılının komandası qaldıqca heç cür mümkün olmayacaq. O da uzun müddət qalacaqmış kimi görünür. Məhz bu komanda ilk gündən narazıları qovmağa çalışır, məcbur qalıb gedənlərə satqın, xain damğası vururdu. Həyat göstərdi ki, Qubad İbadoğlu ilə birlikdə Müsavatdan ayrılanlar heç də hakimiyyətə işləmirmişlər və ümumiyyətlə düşərgə dəyişməyiblər.

Bu, bir qaydadır, partiya rəhbərliyinin əleyhinə bir kəlmə söz deyən olanda kütləvi hücuma məruz qalır, onu xəyanətdə, hakimiyyətə işləməkdə günahlandırırlar.

Artıq şəxsimə qarşı da elə bir kampaniya başlayıb. Yəqin ki, bir az da şiddətlənəcək. Bu, məni o qədər də qayğılandırmır, Arif Hacılı güruhundan heç bir gözləntim yoxdur – nə şəxsi, nə ictimai planda. Bircə adam keçmiş xidmətlərinə, bir də partiyadaşlarının qədirbilməzliyinə üzülür.

Həm də bir şeyə heyrətlənirəm. Bu təfəkkürlə necə hakimiyyətə gəlmək, hətta iddia etmək olar? Öz partiyanda olan parlaq ziyalıları, jurnalistləri “xain” elan et, mənzil almış 255 jurnalisti “satqın”, “yaltaq” adlandır, sonra da onlardan ictimai dəstək gözlə. Köhnədən ev alan 155 jurnalist ailəsini və gələcəkdə ev alacaq 255, almaq istəyəcək 3 mindən artıq jurnalist ailəsini təhqir edərək düşmənə çevirəndən sonra partiya haqqında ictimai rəyin necə olacağı barədə dərin analizlərə ehtiyac qalmır.

Siyasətlə məşğul olan şəxslər bu cür səhvləri etməməlidirlər, daima praqmatik olmalı, situasiyanı düzgün qiymətləndirməlidirlər. Hamını təftiş edərsən, özünü də təftiş edərlər. Hərəyə bir damğa vurarsan, onlar da yığışıb səni damğalayarlar. Siyasətçi olan kəslər müxtəlif ictimai-siyasi qruplarla, fərdlərlə çoxşaxəli saziş bağlamağa, ətraflarına qüvvə toplamağa qadir və hazır olmalıdırlar.

Bu işlər iclaslarda ayağa qalxıb himn oxumaqla, “dar gündə tutaq əl-ələ qardaşlarımızla” deməklə olmur. Qardaşın nəinki dar günündə, hətta ən şad günündə belə edəcəksinizsə, yanınzda qardaş qalmayacaq.