“Gülər Əhmədova məhkəmədə özünü yaxşı apardı”

Səbayel Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədovanın barəsində 2 ay həbs qətimkan tədbiri seçib. Bu barədə vəkil Eldar Qədimi Turan-ın müxbiri ilə söhbətində bildirib.

Onun sözlərinə görə, G. Əhmədovanın səhhətində narahatlıqlar olsa da məhkəmədə özünü yaxşı aparıb: "Səhhətində problemlər həmişə var. Nə etməliyik, dözməliyik. Özünü məhkəmədə yaxşı saxladı, yaxşı apardı, dözə bildi".

Vəkil deyib ki, G.Əhmədova məhkəməyə ona qarşı irəli sürülən ittihamlarla özünü günahkar saymadığını bildirib: "İstintaqın gedişindən sonra biz sözümüzü deyəcəyik. Hələ istintaq getdiyindən bir söz deyə bilmərik. İstintaq hərəkətləri tamamlanmamış bir söz demək düzgün deyil. Hesab edirəm ki, Gülər Əhmədovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi düzgün deyil".

Bununla yanaşı vəkil geniş müsahibə verməkdən imtina edib. Söhbət zamanı dəfələrlə müsahibə verməyəcəyini bildirib. "Mənə deyiblər ki, müsahibə vermə, mən də müsahibə vermirəm", - o qeyd edib. Vəkillə söhbət sona çatmamış o, telefonunu qapadıb.

Xatırladaq ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 13-də məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

AzNews.az