Əməkdar jurnalist Mübariz Əsgərov Əməkdar jurnalist Mübariz Əsgərov

Ev almazdan bir həftə əvvəlki sevincim - "Qulp" Mübarizin yazısı

Əməkdar jurnalist Mübariz Əsgərov

Milli Mətbuat günü münasibətilə keçiriləcək tədbirdən düz bir həftə əvvəl Dövlət Bayrağı Meydanında idim. Sübh tezdən Dövlət Sərhəd Xidməti Akademiyasının təntənəli buraxılış mərasimi keçirilirdi. Ali hərbi məktəbin məzunlarına zabit rütbəsi və diplom verilirdi. Mənim oğlum Qorqud da onların arasında idi.

Hərbi geyimli və idmançı qamətli yüzlərlə gənc zabitə baxanda fərəh hissi keçirirdim. Valideynlər üçün ayrılmış meydançadan tədbirin sonuna kimi müxtəlif hərbi tapşırıqları yerinə yetirən hərbiçilər arasında öz oğlumu tanıya bilmirdim. Çünki hamısı eyni formada, eyni biçimdə idi. Açığı onu tapmağa çox da cəhd etmədim, çünki onların hər birinə öz övladım kimi baxırdım. Bayraq Meydanında keçirilən bu tədbir çox möhtəşəm idi. Ucalıqda üçrəngli bayrağımız...və əllərində silah olan yüzlərlə gənc zabit vətəni öz canları kimi qoruyacaqlarına and içirdilər. Hər şey ideal və təntənəli idi.

Mən sevirdim ki, qısa müddətdə Azərbaycanda belə möhtəşəm ali hərbi məktəb yaradılıb. Yarandığı qısa müddətdə, bu akademiya indi təkcə respublikamızda yox, bölgədə adlı-sanlı hərbi məktəb kimi tanınır. Əlbəttə, bütün ağırlıq DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin çiyinlərində olsa da, bu hərbi məktəbin rəhbərliyi və müəllim kollektivi də çox əziyyət çəkiblər. Ürəyimin dərinliyində hamısına minnətdar oldum.
Təntənəli mərasimdən sonra oğlumu təbrik etdim. Bayraq Meydanının bir addımlığında jurnalistlər üçün tikilən evlərə baxa-baxa söhbət elədik. Bir-neçə gün sonra orda Milli Mətbuat günü münasibətilə öz peşəsində sayılıb-seçilən jurnalistlərə mənzillər paylanacaqdı. Açığını deyim ki, bu siyahıda adımın olmağından xəbərsiz idim. Baxmayaraq ailəm böyükdür, mənzil şəraitimi yaxşılaşdırmağa çox ehtiyac var, mənə ev verilməsəydi belə, heç kimi qınayası deyildim....Həmin gün "Cənab leytenant" mahnısının sədaları altında həyatımın ən xoş anlarını yaşadım. Müharibə gedən ölkədə zabit atası olmaqdan şərəfli nə ola bilər?
...Bir həftə sonra mənə ev verildiyi xəbərini deyib, tədbirə dəvət elədilər...Bu, bir-neçə il əvvəl "Əməkdar jurnalist" fəxri adını almağımla bağlı xəbər kimi gözlənilməz oldu. Səmimi deyirəm, dövlətdən heç vaxt umacağım olmayıb. Həmişə başımı aşağı salıb sevib-seçdiyim işimlə məşğul olmuşam. Amma başımı aşağı salıb işləsəm də, kiminsə qabağında başıaşağı olmamışam...
Yenə də sübh tezdən idi. Tədbirdə bir tikə çörəyi qələmindən çıxan,ev almağa haqqı olan xeyli həmkarımı gördüm. Bəzilərinin ev almağına özümdən daha çox sevindim. Yeni binanın təməlinin qoyulması da ürəyimcə oldu. Deməli, bu dəfə bəxti gətirməyən, öz peşəsini öz adı kimi şərəflə daşıyan həmkarlarımın da ev almaq imkanı olacaq. Tədbir çox möhtəşəm idi. Hamının üzündə sevinc dolu təbəssüm vardı. Bu təbəssüm təkcə bizim yox,həm də ailəmizin,doğmalarımızın təbəssümü idi... Bir həftə əvvəl Bayraq Meydanından bu evə baxırdım,indi bu evdən Bayraq Meydanına...Aradakı məsafə çox qısadır...
Səmimi deyirəm, mən bu evi almaq üçün heç bir əziyyət və çətinlik çəkməmişəm, kiminsə qapısını döyməmişəm. Mən əziyyəti də, min bir çətinliyi də öz adım kimi şərəfini qoruduğum öz peşəmdə-JURNALİSTİKAda çəkmişəm. Mən teleməkanda "Qulp" adlı ən uzunömürlü satirik proqramın müəllifi və aparıcısı olmuşam. İndi rəhbərlik etdiyim "Rezonans" telelayihəsində nələr çəkdiyimi bir Allah bilir....
Son illər hazırladığım sənədli filmlər də göz qabağındadır. Mən yeni telemövsümdə ARB TV-də "Xalqın şairi" adlı yeni layihəyə start verib "brent" markalı SÖZün qiymətini də qaldırmağa çalışacağam. Eyni zamanda, Qarabağ müharibəsi haqqında bir-neçə sənədli filmlərin çəkilişlərinə də başlamışam. Çünki biz hər birimiz öz işimizdə jurnalistdən daha çox əsgər olmalıyıq. Bizim Azərbaycan adlı bir evimiz var. Mən jurnalist olmazdan öncə vətəndaşam. Bu ölkənin sevinci də, kədəri də mənimdir...
Yenidən Dövlət Bayraq Meydanına baxdım. Yadıma "Cənab leytenant" mahnısı və bu mahnı ilə bağlı xoş bir xatirə düşdü. Ramil Səfərov Macarıstanda haqsız yerə həbsdə olanda "Cənab leytenant" mahnısını Ramilin hərbiçi həyatına həsr edib tez-tez efirə verirdim. Hamı bu mahnının məhz Ramil üçün yazıldığını zənn edirdi. Hətta mahnının bəstəkarı,dostum Şahin Musaoğlu da bu mahnının yeni bir həyat yaşadığını etiraf edirdi. Ramilin atası Sahib müəllim deyirdi ki, hər dəfə bu mahnı efirə gedəndə ailəmizə yüzlərlə, minlərlə zəng olur, evimizə məktub gəlir...Ramil də sağ olsun,azad olunandan sonra mənə zəng edib dedi ki, "mən ilk növbədə cənab Ali Baş Komandana təşəkkür edirəm, əzmkarlıq göstərərək məni azad edib doğma vətənimizə - ordumuza qaytardı. Mübariz müəllim, sizə də təşəkkür edirəm ki, məni unudulmağa qoymadınız". Açığı, cənab prezidentdən sonra mənim adımın deyilməsi mənə bir az qəribə gəldi. Prezident və bir jurnalist...Məsafə necə də yaxın...
Mən bir vətəndaş kimi ürəyimin dərinliyində cənab prezidentə bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Ramil Səfərovu ölkəmizə qaytardığına görə minnətdar oldum. Bu minnətdarlıq hisslərini Mübariz İbrahimovun nəşinin vətənə qaytarılması vaxtı da, aprel hadisələrində ordumuzun göstərdiyi uğurlu döyüşlər vaxtı da yaşadım. Hamı bu hadisələrin ölkə gənclərində hərbi-vətənpərvərlik hissini daha da alovlandırdığının şahidi oldu...
Jurnalistlərə ev verilmə mərasimində cənab Prezident öz çıxışında jurnalistlərlə necə dəyər verdiyini bir daha təsdiq etdi. "Siz mənim köməkçilərimsiniz. Mən ölkədə baş verən hadisələrdən, həm də sizin vasitənizlə xəbər tuturam".Bu sözləri eşidəndə mən cənab prezidentin bir addımlığında idim. Doğrudan da, aramızdakı məsafə çox yaxın idi...
Mən bir zabit atası kimi Ali Baş Komandana Dövlət Sərhəd Xidməti Akademiyası kimi nümunəvi təhsil ocağı yaratdığına görə təşəkkür edirəm!
Mən bir jurnalist kimi mənim fəaliyyətimi qiymətləndirdiyinə görə cənab prezidentə təşəkkür edirəm!