Natavan Osmanlı Natavan Osmanlı

Azərbaycan dövlətinin uğurlu media siyasəti

Natavan Osmanlı

İyulun 20-də Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimi oldu. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binada artıq 255 jurnalist mənzil alıb. Bunun jurnalistikamızın inkişafına əhəmiyyətli təsirini ətraflı qeyd etmədən öncə dövlətin azad media ilə bağlı siyasətinin tarixinə qısa ekskursiya edək. Sirr deyil ki, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması və bununla da ölkədə peşəkar medianın formalaşdırılması dövlətimizin jurnalistika ilə bağlı siyasətinin prioritetlərindən olub. Müstəqil Azərbaycanda azad mətbuatın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi siyasətçi mətbuatın inkişafı, azad medianın formalaşması, jurnalistlərin peşəkarlığının artırılması üçün gərəkən addımları atıb, müvafiq qərar və sərəncamlar verib. Azərbaycanda dövlət senzurasının ləğvi, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi, qəzet redaksiyalarının “Azərbaycan” nəşriyyatına yığılıb qalmış kifayət qədər böyük borcları silinməsi və sair tədbirlər məhz ümumimilli liderin təşəbbüsü ilə həyata keçirilib. Bunlar və başqa vacib addımlar Azərbaycanda azad mətbuatın formalaşmasına münbit şərait yaradıb. Ulu öndərin milli dövlət quruculuğunda azad mətbuatın bərqərar olması ilə bağlı siyasəti son 14 ildə Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə aparılıb. Prezident İlham Əliyev 2005-ci ildə “Əməkdar jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayıb. Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi mətbuata diqqətin bariz nümunələridir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” sərəncamı, o cümlədən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi xüsusi vurğulanmalıdır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması medianın inkişafında əsaslı dönüş yaratdı. Azərbaycan milli mətbuatının 135 illik yubileyində dövlət başçısı əhəmiyyətli sərəncamlar imzaladı. Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncam imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addım atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam imzalandı. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. 2013-cü ildə Prezidentin sərəncamı əsasında tikilmiş binadan 155 jurnalistə mənzillər verildi. Elə həmin il jurnalistlər üçün daha bir binanın tikilməsi barədə sərəncam imzalandı. “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncama uyğun olaraq inşa edilən binanın mənzilləri, nəzərdə tutulduğu kimi, jurnalislətə hədiyyə edildi. Bununla da Prezident daha 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək qədər hədsiz sevinc və inanılmaz qürur hissi yaşatdı. Mənzillərin bölgüsündə ədalət prinsipi yüksək səviyyədə gözlənildi, ehtiyacı, haqqı və xidməti olanlar mənzilə yiyələndilər. Maraqlı cəhətlərdən biri odur ki, mənzil alanlar arasında hökumətə qarşı tənqidi mövqedə dayanan, müxalifət mətbuatını təmsil edən xeyli sayda qələm əhli oldu. Dövlət tərəfindən hədiyyə olaraq verilən mənzillər jurnalistlərdə dövlətçilik və vətənpərvərlik təfəkkürünün formalaşmasında, yaradıcılıq azadlığının təmin edilməsində, onların müxtəlif mənbələrdən asılılığının aradan qalxmasında mühüm rol oynayacaq. Yaxın keçmişdə biz bir çox media qurumlarının daxili və xarici siyasi dairələrdən ifrat asılılığının şahidi olmuşuq.. Adətən xarici dairələr müxtəlif qrant layihələri ilə mediaya sızır və birbaşa Azərbaycan dövlətinə qarşı azərbaycanlı jurnalistlərin əli ilə fəaliyyət göstərir. Dövlətin mətbuata qayğısı, jurnalistlərin mənzil məsələsi kimi ciddi problemini həll etməsi bu cür təhlükəli tendensiyaların aradan qaldırılmasına səbəb olacaq. Bu prosesdə dövlətin bir məqsədi var. Jurnalistlər daha yaxşı şəraitdə yazıb-yaratsınlar, peşəkar iş ortaya qoysunlar. Prezident İlham Əliyevin iyulun 20-də jurnalistlərə mənzillərin verilməsi ilə bağlı keçirilən mərasimdə dediyi fikirlər bu baxımdan diqqət çəkir: “Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”. Təəssüf ki, Prezidentin bu nəcib təşəbbüsünə kölgə salmaq istəyənlər oldu. Jurnalistikaya heç bir aidiyyəti olmayan və ya uğursuzluğa düçar olmuş şəxslər Dövlətin mediaya olan dəstəyinə qara yaxmağa cəhd etdilər. Amma onların bu cəhdləri nəticəsiz oldu, ciddi ictimai qınaqla üzləşdilər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun qeyd etdiyi kimi, Prezidentin təşəbbüsünə qarşı kampaniyaya aparanlar jurnalistikada ciddi imici olmayanlardı. Haqqı olmayanlar bu prosesdə elə canfəşanlıq edirlər ki, haqqı olanlar abırlarına qısılıb səslərini çıxarmırdılar. Narazılıq edənlər əsasən Baş Prokurorluğun xəbərdarlığını almış, Mətbuat Şurasının “qara siyahısı”na düşmüş media qurumlarının rəhbərləridir. Azərbaycanın sağlam jurnalistikası dövlətin media siyasətinə kölgə salmaq istəyənlərin tutarlı cavabını verdi.. Sonda onu da bildirmək istəyirəm ki, mənzil alan jurnalistlərdən biri kimi 18 illik fəaliyyətimi, ehtiyaclarımı nəzərə aldığı üçün cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, ehtiyacı və haqqı olan həmkarlarımıza növbəti binadan mənzil qismət olsun və onlar da bizim kimi yeni evə sahib olmağın sevincini yaşasınlar.

Xüsusilə qeyd etmək istəyirəm ki, istər adı mənzil alanların siyahısında olan, istərsə də olmayan jurnalistlərin üzərinə düşən əsas vəsifə peşəkarlıqdır, dövlət maraqlarını, vətənpərvərlik hislərini hər şeydən uca tutmaqdır. Peşəkar jurnalistlik fəaliyyətilə məşğul olmaq elə Prezidentin etmiadını doğrultmaqdır.

Natavan Osmanlı

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktor müavini