Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

“Rabitə işi”ndə təqsirləndirilən şəxslərin məhkəmədə son sözü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, proses təqsirləndirilən şəxslərin son söz söyləməsi ilə davam edib.

Təqsirləndirilən, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev son sözündə verilən ittihamları qəbul etmədiyini deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin birliyin aldığı kabel məhsullarının qiymətinin şişirdilməsi ilə bağlı aşkarladığı faktlar əsassızdır: "Biz məhkəmə dövründə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırdıq. Amma təəssüflər olsun ki, vəsatət təmin edilmədi. Mən sübut edə bilərəm ki, Maliyyə Nazirliyi tərəfindən tərtib olunan yoxlama materialları tamamilə formaldır və bu göstərişlə yazılıb. Mənim günahım yalnız ondan ibarətdir ki, əlavə əməkhaqqı almışam və onun vergisini ödəməmişəm. Buna görə vəkillərimə dedim ki, mənə bəraət istəməyin. Mən bəraət alacağam".

A. Mustafayev barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edib.

"Optik Qurğular" İdarəsinin sabiq rəisi, təqsirləndirilən Namazəli Məmmədov son sözündə gördüyü işlərdən danışıb və 20-yə yaxın kitabın müəllifi olduğunu diqqətə çatdırıb. O, müəllifi olduğu kitabları məhkəməyə təqdim edib. N. Məmmədov verilən ittihamları qəbul etmədiyini və hər zaman dövlətə sadiq qaldığını deyib: "Çünki verilən ittihamlar mənə aid deyil. Mən vətən üçün böyük işlər görmüşəm. Məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm".

Digər təqsirləndirilən, “Rabitə Mülki Tikinti” MMC-nin sabiq direktoru Emin Məmmədov da çıxışında 35 il rabitə sahəsində çalışdığını və fəaliyyətində hər hansı qanunsuzluğa yol vermədiyini deyib: "Mənim günahım nədir ki? Qiymət şişirdilmə ittihamı veriblər. Özəl müəssisədirsə qiyməti istənilən formada şişirdə bilərlər".

E. Məmmədov da barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sonra təqsirləndirilən Qəmbər Bəybalayev son sözlə çıxış edib. O, barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Bundan sonra məhkəmə kollegiyası müşavirəyə gedib. Sabah prosesdə hökm oxunacaq.

Xatırladaq ki, iyulun 19-da keçirilən prosesdə Vidadi Zeynalov, Məhəmməd Məmmədov, Beytulla Hüseynov, Oqtay Rüstəmov son söz deyiblər.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.