13:24
(077) 610-22-33

Bakıda “sevgililər günü”ndən FOTOREPORTAJ

  • >
416 14 Fevral 2013 17:50 | Cəmiyyət

ƏMƏKDAŞIMIZ BAKIDA SEVGİLİLƏR GÜNÜNÜN “İSTİ NƏFƏSİNİ” AXTARIR




"Həyat sevgisi ilə gözəldir" deyirlər. Sevgi sevənlərin təkcə ürəyində deyil, sevgi bu şəhərin divarlarında, bu şəhərin küçələrində, bu şəhərin insanlarında hiss edilərsə, daha güclü, daha gözəl olacaq. Sevməyi bacarmaq istedaddır, hər kəsə verilməyən, hər kəsin öyünə bilmədiyi və bəzilərini onsuz yaşamağı bacarmadığı istedad. Biz də bu gün - fevralın 14-də dünyanın Sevgililər günündə insanlarda və bu insanların şəhərində sevginin təzahürünü axtardıq...

***

Çöhrələrdə nədənsə bu özəl günün sevinci hiss olunmur. Sanki hədiyyə verən də, alan da narazıdır. Hərəsinin öz səbəbi var. Kimi üçünsə 14 fevral yaxa qurtarılması mümkün olmayan əlavə xərc, kimsə üçün qarşısındakının sevgi barometri, kimsə üçün sıradan bir gündür.

Elə sıradan olduğunu düşünənlərlə başladıq. Onlarla ki, 14 fevralın onlar üçün - tıxaclı bir şəhərin tələsik insanları üçün gündəlik qayğılarla dolu bir gündən başqa heç bir özəlliyi yoxdur. Nadir kişi kimi. 14 fevralın Sevgililər günü olduğu bir tərəfə, tarixin 14 fevral olduğunu belə bilmir. Peşimanlıqları ilə ömrünün 74-cü ilini yaşayır. 42 illik ömür-gün yoldaşını 5 ay əvvəl itirib. 42 ildə bircə gül belə almadığı qadının yoxluğuna alışmaq çətin gəlir:

"42 ildə bir dəfə də olsun nə gül, nə hədiyyə aldım. Heç həyətdəki güllərdən də üzüb vermədim. Kaş, yanımda olaydı..." Olmayacaq Nadir kişi, 42 ildə bircə gül belə vermədiyin xanımın bəlkə buna görə səndən inciməyib, amma özün özündən incimisən. Edə bilmədiklərin, etmədiklərin və edə bilməyəcəklərin üçün... Və yəqin ki bir də sevə bilməyəcəyin üçün...

***

Gənclər üçün bu gün bir az da əyləncədir. Sevgi ilə əyləncə bir arada necə görünür, bunu özlərindən soruşduq. Təəssüf ki, çoxları üçün sevgi əyləncədən uzağa getmir. Etirafdan çəkinmirlər. Hədiyyələrin bahalığından şikayətlənirlər, amma bunun elə indicə hədiyyəni təqdim etdikləri sevgililərinə təsirini düşünəcək yaşda və başda deyillər. Sevmək istəyirlər, əgər sevginin əslində nə olduğunu anlayacaq qədər böyüsələr sevməyi də bacaracaqlar. Hələlik sevgi oyunu oynayırlar. Biz də bu oyundan danışdıq. 18 yaşlı Yalçın üçün sevgi əlində tutduğu gül qədərdir:

"Bu gülü almaq üçün 2 gün anama yalvarmışam. Pulunu bu gün verib. Almasaydım, biabır olardım, qız deyərdi ki, bir gül almağa da pulu yoxdur". Gülün qiyməti ilə maraqlanırıq, "bir ədədi 5 manat". Bura gülün bağlanmasının da əlavə edib sanki bahalıqdan biz günahkarmışıq kimi "8 manat xərcim çıxıb" deyir.

****

Əslinə baxanda şikayətlənməkdə Yalçın haqsız sayılmaz. Qiymətlər adi günlərdəkindən azı 2 dəfə artıqdır. Satıcılar deyir ki, ən çox satılan gül, yumşaq oyuncaqlar və gümüş məmulatlarıdır. Tədbirlilər əvvəlcədən tədbir görüblər, 2 manatlıq gülə 5 manat verəcək qədər varlı olmadıqları üçün. Amma alıcılar və satıcıların qarşılıqlı ittihamları davam edir, hər iki tərəf də bir-birini günahlandırır. Alıcılar satıcıları "fürsətbaz", satıcılar isə alıcıları "xəsis" adlandırır. Sonda bu fürsətbazlarla xəsislər ortaq məxrəcə gəlirlər və beləliklə hədiyyə hazırdır. Qarşı tərəfin təbii ki, alıcı-satıcı mübahisəsindən xəbəri olmur. Ona hədiyyə lazımdır, sevgilisinin sevgisinin isbatı üçün...

***
Günel adlı həmsöhbətimə sevgilisinin sevgisi qədər, alacağı hədiyyə də dəyərlidir. Elə sözün bütün mənalarında. Günel deyir ki, yaxşı və bahalı hədiyyələri xoşlayır: "Kim desə ki, hədiyyəni xoşlanmır, ona inanmaram. Qadın, qız ola, hədiyyə xoşlamaya, inandırıcı deyil. Niyə danmalıyam ki? Mənim sevgilim gərək mənə elə hədiyyə versin ki, gələn Sevgililər gününə qədər hamı ondan danışsın".

"Əgər birdən olmasa, onda necə" sualı Günelı cavab verməyəcək qədər xoş gəlmir. O, "olmalıdır vəssalam" deyənlərdəndir. Həm də deyəsən dediyini elətdirənlərdən...

***

Daha bir cütlük şəkillərinin çəkilməsinə razı olmur. Qız israr edir ki, atası birdən şəkli görər və ondan sonra əlvida, sevgili! Amma nə qədər ki, fotoaparatımızın obyektivinə tuş gəlməyiblər, atadan onların sevgisinə zaval yoxdur. Hələlik atadan xəbərsiz sevgiləri ilə böyüyürlər, amma qızın əlindəki az qala özü boyda ayını atasının gözünə görünmədən evə necə aparacağını düşünməkdən özümüzü saxlaya bilmirik. İndilik gizli sevirlər, bəlkə gün gələcək sevgilərini ata da daxil olmaqla hamıya elan edəcəklər. Amma o zaman da gizlədiləcək sevgiləri olmadığı kimi bəlkə gizlədiləcək hədiyyələri də olmayacaq. Axı deyirlər evlilik eşqi öldürür.

***

Bakı daha bir Sevgililər gününü yaşayır, sevgisiz sevgililəri, sevgilisiz sevgiləri və sevib-sevilənləri ilə bərabər...

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X