13:28
(077) 610-22-33

Fazil Məmmədov Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşüb

  • >
377 15 Fevral 2013 11:00 | Cəmiyyət

Azərbaycanın vergilər naziri Fazil Məmmədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və Aİ ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Aİ və Azərbaycan arasında əməkdaşlıq məsələləri və onun perspektivləri, milli vergi sisteminin müasir vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilib.

F.Məmmədov Azərbaycanın Aİ ilə sıx tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin olduğunu, ölkənin Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etdiyini bildirib. Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan-Aİ Fəaliyyət Planının həyata keçirilməsinin əməkdaşlıq sahəsində yeni imkanlar yaratdığını bildirən nazir milli qanunvericilik bazasının daim təkmilləşdirildiyini, idarəetmə prinsipləri və praktikasının Avropanın qabaqcıl təcrübəsini nəzərə almaqla inkişaf etdirildiyini vurğulayıb.

F.Məmmədov Aİ-nin dəstəyi ilə reallaşdırılan texniki yardım proqramı çərçivəsində Vergilər Nazirliyi və Niderland Vergi və Gömrük Administrasiyası ilə birlikdə 2011-ci ildən "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" adlı Tvininq layihəsinin həyata keçirildiyi barədə məlumat verib, bu layihə çərçivəsində bir sıra yeni qanunvericilik sənədlərinin hazırlandığını, metodoloji və insan resursları bazası yaradıldığını, mütəxəssislərin treninqlərə cəlb edildiyini, ölkənin vergi auditi sahəsindəki mövcud inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

Vergi sistemində aparılan islahatlara toxunan nazir vergi inzibatçılığının müasir informasiya texnologiyalarının nailiyyətlərinə əsaslanmaqla daim təkmilləşdirildiyini, vergi ödəyicilərinə göstərilən xidmətlərin ən müasir texnoloji səviyyədə həyata keçirildiyini, elektron vergi hesab-fakturaları, elektron bəyannamələr, on-line kargüzarlıq sistemlərinin uğurla tətbiq edildiyini, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının elektron formata keçirildiyini qeyd edib.

Vergilər naziri Aİ ilə birlikdə Vergilər Nazirliyində insan resurslarının davamlı inkişafına İttifaqın "Fiskal Bluprint" direktivinin prinsipləri əsasında dəstək verilməsini nəzərdə tutan yeni bir Tviniq layihəsinin də hazırlanmasına start verildiyini qonaqların diqqətinə çatdırıb.

Görüşdə çıxış edən R.Kobia Azərbaycanla Aİ arasında səmərəli və sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, burada söylənənlərin hamısı Aİ-nin planlarına uyğundur. R.Kobia vergi xidmətində informasiya texnologiyalarının geniş tətbiqinin müsbət bir təcrübə olduğunu, vergi xidməti rəhbərliyinin bu istiqamətdə çalışmalarına dəstək verdiklərini və gələcəkdə də dəstək verəcəklərini nəzərə çatdıraraq, Avropa ölkələrinin səfirləri ilə Azərbaycan hökumətinin üzvləri arasında bu qəbildən olan dialoqların təşkilini səmərəli hesab etdiklərini söyləyib.

R.Kobia Aİ-nin Azərbaycanla əməkdaşlığının əsasən iqtisadiyyatın diversifikasiyası, iqtisadiyyatın liberallaşdırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində inkişafına üstünlük verdiyini vurğulayaraq, xüsusilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahələrində ölkə başçısının siyasi iradəsini, bu xətti uğurla həyata keçirən dövlət orqanları arasında Vergilər Nazirliyinin Beynəlxalq Antikorrupsiya Akademiyası ilə keçən il imzaladığı memorandumu yüksək dəyərləndirdiklərini bildirib.

Görüşdə iştirak edən Niderland səfiri Aryen Uyterlinde, Avstriya səfiri xanım Silviya Meyer-Kaybiç, Fransa səfirliyinin iqtisadiyyat və ticarət məsələləri üzrə müşaviri Daniel Patat mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı mülahizələrini söyləyib, qaldırılan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

AzNews.az
Bağla X