Adəm Abbaslı Adəm Abbaslı

Ürəyi dağa dönən Ana – Mənim evim, mənim Anam

Adəm Abbaslı

“Allah xeyir versin! Qəşəngdir! Can sağlığı ilə otur! İçində şad günlər yaşa!”

Ölkə başçısı tərəfindən oğluna hədiyyə edilən evə ilk dəfə daxil olan ananın dilindən çıxıb bu cümlələr. O ananın ki, 25 ildir qızının evində yaşayırdı. O ananın ki, gəlin gətirib mənzil şəraitsizliyinə görə, gəlin dadı, nəvə fərəhi duymayıb. O ananın ki, Allaha əl açıb övladları üçün dua edəndə oğlunun şəxsi ev sahibi olmasını da diləyirdi. Çox istəyi vardı bu ananın, amma oğlu üçün ev istəyi hər şeydən yüksəkdə idi... Bilirsinizmi niyə? Çünki 25 ildir onun evini ermənilər işğal edib, indi Bakının darısqal və nəmişkən yataqxanalarının birində yenə də sığıntı kimi yaşayır.

Arzularına çatdığı gündən sonra xəyallarında canlandırdığı evdə sevinib kövrəlmək nəhayət qismət olmuşdu ona...

Mənzilləri gəzdi, otaqlara baxdı. “Şükürlər olsun bala, min şükür olsun!” – ürəyinin fərəhindən dodaqlarının titrəyişi ilə dedi bu sözləri. Otaqları və mənzilin ümumi görünüşünü süzüb dərindən bir köks ötürdü. Axı bu ana neçə illik həsrətinə qovuşmuşdu...

Bu kövrək anları izləyən mən, izlədiyim isə Anam idi...

Anamın sevinci məni özünə elə qərq etmişdi ki, bir evimin olmasına və o evə ilk dəfə girməyimə baxmayaraq sevinmək yadımdan çıxmışdı – mən ancaq Anamın sevincinə sevinirdim... Necə gözəl bir duyğudur bu, İlahi!

Sanki uşaq sevinci ilə barmağını uzadıb “Bura mənimdir, Adəm!” deməsi məni o qədər xoşbəxt etdi ki, cavabımı gecikdirməyib, “Bu evin hər yeri sənindir, Ana!” dedim.

Həəə, deyib evin eyvanına çıxdı. Aşağıdan yuxarı illərin həsrətini tökürmüş kimi gəzdirdi gözlərini. Qarşıdakı dağları görüb, “Bax, biz o dağlardan hündürdəyik, həmişə hündürdə olasan, bala!”, - deyib boynumu qucaqladı, məni öpdü.

“Tay hərəkət eləmək vaxtıdır, oğul! Prezident evlə sevindirdi məni, qaldı sənin sevindirməyin! Vaxt keçir.” (Burda söhbətin nədən getdiyini bilənlər var, bilməyənlər də yəqin ki, tezliklə başa düşəcək).

Bizi mənzilimizlə tanış edən “komendant”ın tələsdirməsi olmasaydı, bəlkə də anamı oradan çətin çıxarardım. Burda deyim ki, illərlə arzuladığını yaşamaq sevinci onun lift fobiyasına da qalib gəlmişdi. Ömründə liftə minməyən, ondan çox qorxan anamı tanımadım – liftlə 12-ci mərtəbəyə qalxanda da, oradan düşəndə də.

Binanın həyətində “buranın çox gözəl havası da var, adam bu havanı udanda yorulmur” – ürək xəstəliyindən əziyyət çəkən Anam dedi bu sözləri.

Bizi oradan ayıracaq avtomobilə minəndən, oradan uzaqlaşana qədər fərəhlə süzdü binanı – ölkə başçısı, Prezident İlham Əliyevin jurnalistlərə hədiyyə etdiyi ikinci yaşayış binasını.

Bu gün mənim həyat tarixçəmə heç zaman unuda bilməyəcəyim bir gün kimi yazıldı – Anamın ən çox sevindiyi gün... Sevincin göyün 12-ci qatından da yüksəklərə qalxdığı gün... Sevincin uca dağlarla müqayisə edildiyi gün və nəhayət, Anamı bəlkə də bundan çox sevincli görməyəcəyim gün...

Bir ananın sevincinə sevindim, bir ananın ümid dolu gözlərində itib batdım, arzuları çiçək açan bir ana gördüm bu gün – öz anamı, özcə anamı...

Cənab Prezident İlham Əliyev tərəfindən evə sahib olduğum gündən, evsizliyin daşını atdığım gündən, subaylığın daşının atılacağı günə stimul verən o gün qədər sevindim, Anamın sevindiyi bu günə...

Hər ikimizin sevincini Sizə borcluyam, cənab Prezident! Var olun! Var olun ki, mənim və anam kimi sevinənlərin sayı artsın!

Sizə minnətdarlığım sonsuzdur...