Asif Bağırov Asif Bağırov

Məşhur aparıcı əhdindən yazdı: Qızım üçün dilənəcəm

Asif Bağırov

ƏHD

İndi qələmə alacağım olaydan az qala 30 il keçir. Amma ovaxtkı uşaq xatirələrimdən hələ də silinməmiş hadisənin təəssüratındayam.

1988-ci ilin mayı idi. Aydın dayımın oğlu Bayramı əsgərliyə yola salmağa hazırlaşırdıq. “Kişilik məktəbi”nə gedəcək dayıoğlunun şərəfinə İsmayıllıda qəşəng süfrə açımışdı. Həmin yolasalma mərasimində yaddaqalan şeylərdən ən yaddaqalanı dayıoğlunun tay-tuşlarının doyunca yeyib-içməsi, 15 yaşı təzəcə olmuş mənim kimisinin də onlara qoşulub başı xamırlı araqdan dadması (bu, mənim həyatımda ilk və yeganə alkoqolum oldu), bir də “Vesna” maqnitofonunda Baloğlan Əşrəfovun “Çevrilib dumana, çənə qayıtma!”, Açılma sabahım, açılma!" xitablı mahnıları idi.

O yeni ilimiz qara gəldi. Hər il yolkaları bəzəmək üçün dekabrın 30-nu səbirsizliklə gözlədiyimiz halda rayonda yaşayan ana nənəm məhz o gün rəhmətə getdi. “Dərd gələndə batmanla gələr” deyiblər. Nənəmin 40-ı günü Bayram da əsgərlikdən gəldi. Uşaq təfəkürü ilə düşünürdüm ki, əla xidmətə görə onu məzuniyyətə buraxıblar. Sonradan vəziyyətin tam fərqli olduğunu öyrəndim. Bildik ki, gecə yuxuda ikən onu əməllicə çırpmış və səhhətinə ciddi xəsarət yetirmişdilər. Bir sözlə, Bayramın gələcək hərbi xidmətə yararlı olmadığı üzə çıxmış və müalicə üçün Bakıya göndərilmişdi.

Müalicəyə aylar, pullar və əsəblər getdi. İlk dəfə onda anamın ƏHD etdiyini bildim. ƏHD etmişdi ki, Bayram sağalan kimi 7 qapıdan yağ dilənərək halva çalıb, yetim-yesirə paylayacaq. Allah onun ƏHDini qəbul elədi. Anam da kişi qızı kimi qapılara düşüb-qaşıq yağ diləndi və ƏHDinə sadiq qalaraq o halvanı çaldı.

2015-ci ilin yazı idi. Artıq yay tətili yaxınlaşır və dərslərini əla oxumuş iki qız(ıl)ım bunun mükafatı kimi Antalyaya dincəlməyə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Kiçik qızım Leylanın qəfil xəstələnməsi bütün işləri korladı. Səfərin təxirə salındığını bu uşaqlara izah edənə kimi nələr çəkdiyimi, bəlkə də onlar qarşısında alçaldım demək məncə yersizdir. Gözləri dolmuş nəzərlərlə uşaqlara baxdıqda əgər böyük qızım Ləman başını təəssüflə aşağı saldısa, Leyla boynuma sarılıb “Eybi yox, onsuz da sən dünyanın ən yaxşı atasısan” dedi. Və mən çox sonradan başa düşdüm ki, bu, sadəcə sözlər yox, həm də mənim gələcək atalıq addımlarım üçün övladlarım tərəfimdən mənə verilmiş beh, divident idi.

2 il ərzində aparılmış uzun-uzadı müalicələr bəhrəsini vermədi. Bu illərdə Leyla məktəbdən kənarda qaldı, təhsilini distant üsulu ilə evdə davam etdirdi. Ötən ilin yayında həkim komissiyasının rəhbərinin dizinə düşərək ağlaması, məktəbə getmək üçün ondan icazə istəyərək saatlarla yalvarması hələ də gözümün qabağındadır. Yenə də komissiya qızıma "veto qoydu" və daha bir il təhsilini evdə davam etdirməyi məqsədəuyğun saydı. 2 il ardıcıl sentyabrın 15-də göz yaşımız dayanmadı. Qızım evdə, mənsə maşında ağladıq. Hamıdan xəbərsiz. Və onda ilk dəfə mən də ƏHD elədim. ƏHD elədim ki, qızımın məktəbə getməsi üçün tibbi komissiyanın qərarı müsbət olarsa Leylanın dərs ləvazımatı və geyimi üçün lazım olan vəsaiti...

Uzun vaxtdır dostlarımdan ayrı düşmüşəm. Əslində ailə qurulması dostlar arasında münasibətləri çox vaxt yumşaldır və unutqanlığa gətirib çıxarır. Ara-sıra görüşərkən SƏN KİŞİ DEYİLSƏN kimi zarafatyana, lap elə ciddiyə varan eyhamlar da eşitmək olur. Əmin olun ki, bu mənim vecimə deyil.

10 ilə yaxındır ailəm də dağılıb. Keçmişimin mənim barəmdə nə düşündüyünün fərqinə varmıram. Hətta SƏN LƏYAQƏTLİ ƏR OLMADIN xitabını da göz önünə gətirərəm. Olsun. Təkcə göz önünə gətirərəm, amma ürəyimə almaram.

Hər gün oturub-durub “İki qızım, iki qızılım var". Tanrı payı kimi gecə-gündüz onlara görə Allahıma şükür edirəm. Bir gün SƏN ATA KİMİ BİZİM ÜÇÜN HEÇ NƏ ETMƏDİN sözünün üzümə vurulacağından qorxuram. Yaman qorxuram. Məhz buna görə kişiliyimi də, ərliyimi də atalığıma qurban vermişəm. Odur ki...

Əgər sabah təsadüfən qarşınıza çıxıb əl açsam, və yaxud qapınızı döyüb boynumu büksəm, bilin ki, həqiqətdə də dilənirəm. ƏHDimə sadiq qalmaq üçün Sizə əl açıram. Bəlkə də vaxtilə televizorda gördüyünüz bu adamın artıq ağlını itirdiyini zənn edəcəksiniz. İnanın ki, mənim üçün bu fikriniz də maraqlı deyil. Vacib olanı qızımın məktəbə getmək dərəcəsində tam sağalması və dərs ləvazımatı ilə geyim dəstini dilənib almaq ƏHDimdir. Çünki MƏN LƏYAQƏTLİ ATA OLMAQ İSTƏYİRƏM...