“4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır”. “4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır”.

Millət vəkili 4 yaşlı qızın zorlanmasından danışdı - “Kaş ki, ölüm hökmü olsaydı”

“4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır”.

AzNews.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Culfada 4 yaşlı uşağın zorlanması hadisəsinə münasibət bildirərkən deyib. O, xəbərin dəhşətindən çox sarsıldığını bildirib:

“Sanki əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir vəssalam... Ölüm hökmünün ləğvinin tərəfdarlarından olmuşam və tərəfdarlarından biriyəm. Amma, bu üçüncü dəhşətli hadisədir ki, kaş ki, ölüm hökmü olsaydı demişəm. Yəni, o qədər dəhşət içərisindəyəm. Bu cür bir neçə rəzil, vəhşi məxluqların ucbatından bir çox insan kiçik yaşlı övladı üçün səksəkə içərisində yaşayır. Valideynləri, bütün insanları uşaqlardan daha çox muğayat olmağa, diqqətli olmağa çağırırıq. Belə manyak ruhun sahiblərinə qarşı uşaqları daha yaxşı qoruya bilmək üçün bütün cəmiyyət olaraq səylərimizi, işləri, çalışmaları artırmalıyıq. Bu adam hadisədən öncə də qeyri-normal həyat tərzi yaşayıb, içki aludəçisi olub. Bir neçə gün əvvəl anası döyüb kimi məlumatlar yayılır mətbuatda. Ona görə də, ətrafda bu cür həyat yaşayan insanlara qarşı, onları normal, sağlam həyata qaytarmaq üçün işlər, tədbirlər artmalıdır. Heç bir nəticə olmadıqda, bu cür əməlləri davam etdirdikləri halda isə onları cəmiyyətdən uzaq tutmağın yolları düşünülməlidir. Hər birimiz özümüzü o körpənin ailəsinin yerinə qoyaq. O günahsız balanın yaşadığı və gələcəkdə həyatına təsir edə biləcək travmaları isə düşünmək belə insana acı verir”.

Qənirə Paşayeva qeyd edib ki, məktəblərdə, bölgələrdə gənclərə böyük insani dəyərlər, əxlaq normaları haqqında daha çox danışmaq, psixoloji dəstək layihələrini artırmaq lazımdır:

“Televiziyalarda mənəvi yüksəlişə təsir edən proqramlar daha da artmalıdır. İndi cəmiyyətin şou verilişlərinə deyil, bu cür verilişlərə ehtiyacı var. Gənclər arasında spirtli içkilərin içilməsinə qarşı ciddi mübarizə aparaq dediyimdə o dəqiqə bəzi sosial şəbəkə istifadəçiləri "Qənirə xanım siz lap dindar kimi danışırsınız" deyə yazdılar. Bunun nə əlaqəsi var axı? "Mübarizə aparmayaq, uşaqlarımız alkoqol aludəçisinə çevrilsin, içərisində yırtıcı yatan bəziləri də alkoqolun aşırı dozası ilə vəhşiyə çevrilib övladlarımıza, ətrafa zərərmi vursun?" deməliydim. Bəzi mövzularda fikirləri başqa yerlərə çəkmək lazım deyil. Yenə də deyirəm, əziz valideynlər uşaqlarınızı spirtli içkilərdən, siqaretdən, narkotikdən və qumardan uzaq tutun. Əziz insanlar ətrafınızda içki düşkünü, içib ailəsinə zərər verən, normal olmayan həyat tərzi sürən biri varsa laqeyd olmayın, müvafiq qurumlara xəbər edin. Yerli qurumlar bu məsələlərə xüsusi diqqət edin! Çünki, belələri hər an hər birimizin ailəsinə, övladına dəhşətli zərər verə bilər”.

Millət vəkili vurğulayıb ki, belə hadisələri cəmiyyət olaraq qısa zamanda unutmamalıyıq:

“Hər birimiz ətrafımızda baş verənlərə diqqətli olmalı, laqeyd yanaşmamalı,"mənə nə" deməməliyik. Bütün qurumlarımız, QHT, KİV-lərimiz, hamımız, bütün cəmiyyətimiz birlikdə daha çox çalışmalıyıq ki, belə hallar təkrarlanmasın. Əziz körpə balamıza Allah yardımçı olsun. Ailəsinə bu acını aşa biləcək güc versin. O gözəl bala bizim də balamızdır. Bu dəhşəti törədən "insan" isə layiq olduğu cəzanı çəkməlidir ki, bu cür manyak ruha sahib olanlara ağır bir dərs olsun”.

Bahar RÜSTƏMLİ

AzNews.az