“Buradan böyük tribuna varmı ki, sözlərimizi oradan deyək?” “Buradan böyük tribuna varmı ki, sözlərimizi oradan deyək?”

Adil Əliyev “Azəristiliktəchizat”ın yarıtmaz fəaliyyətindən danışdı

“Buradan böyük tribuna varmı ki, sözlərimizi oradan deyək?”



Milli Məclisin bugünkü iclasında millət vəkili Adil Əliyev "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətindən narazılığını bildirib. O, əhalinin bu qurumun fəaliyyətindən hiddətləndiyini söyləyib:

"Əhali "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin yarıtmaz fəaliyyətindən narazıdır. Bu qurumun plansız və məsuliyyətsiz iş prinsipi bir sıra problemlərin yaranmasına gətirib çıxarır. İdarənin əməkdaşları özlərinin məsuliyyətsizliyi ucbatından yaranmış problemləri həll etmək üçün abadlaşdırılmış yolları, küçələri qazır, əhalinin gəliş-gedişlərinə, rahat fəaliyyətlərinə maneçilik edirlər. Hələ bu azmış kimi dağıtdıqları yolları bərpa etmədən - oradakı işi yarımçıq qoyaraq ərazini tərk edirlər. Küçələrdə asfalt örtüklərində aparılan işləri yarımçıq qoyub başqa yerlərdə iş aparmaq doğrudurmu?
Belə faktlar bir deyil, beş deyil. Bu, sanki qeyd etdiyim qurumun iş prinsipinə çevrilib".



Millət vəkili bu problemi Parlamentin ötəndəfəki iclasında da qaldırdığını, lakin məsələlərin həll edilmədiyini, aidiyyəti qurumların reaksiya vermədiyini təəssüflə bildirib:

"Buradan böyük tribuna varmı ki, sözlərimizi oradan deyək, problemləri oradan səsləndirək? Mən ötən sessiyada da bu məsələni qaldırdım. Ziyafət müəllim, siz özünüz də dediniz ki, bu məsələyə diqqət edəcəksiniz və lazımı göstərişlər verəcəksiniz. Ancaq bu günə qədər problemlər həll edilməyib.
Həmin qurum köhnə böyük qazanxanaları sökür, yerində isə kiçik qazanxanalar tikirlər. Bu, qanunla da qadağandır. Bundan əlavə yeni tikilən kiçik istixanalar binalarda istiliyi tam təmin etmir. İnsanlar məcbur qalıb, başqa vasitələrdən istifadə edib, mənzillərini qızdırırlar. Bununla bağlı seçicilərimin mənə çoxlu sayda müraciətləri var, onlar düşdükləri vəziyyətdən narazıdırlar və məndən kömək istəyirlər.

Mən bir daha xahiş edirəm ki, siz də bu məsələyə diqqət edin ki, problem aradan qalxsın".


İlkin
AzNews.az