04:10
(077) 610-22-33

Hilal Məmmədov məhkəmədə ifadə verməkdən imtina edib

  • >
1 318 15 Fevral 2013 14:23 | Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolişi Sədo" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, hakim Azər Orucovun sədrlik etdiyi prosesdə H. Məmmədov ifadə verməkdən imtina edib. Daha sonra cinayət üzrə 2 şahid dindirilib. Məhkəmədə çıxış edən dövlət ittihamçısı isə H. Məmmədovun prosesdə iştirak etməyən vəkilləri - Ramiz Məmmədov, Anar Qasımlı və Xalid Bağırovun barəsində tədbir görülməsini və Vəkillər Kollegiyasına şikayət məktubu göndərilməsi barədə vəsatət verib. Prosesdə olan vəkillər - Cavad Cavadlı və Yalçın İmanov isə vəsatətə etiraz ediblər. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin etməyib.

Proses fevralın 20-də davam etdiriləcək.

Qeyd edək ki, ötən proses zamanı H. Məmmədov vəsatətlə çıxış edərək, bildirib ki, əgər məhkəmə iclasları açıq keçirilməsə, qulaqlarına pambıq tıxayacaq, üzünü divara çevirəcək. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin , həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

AzNews.az
Bağla X