09:38
(077) 610-22-33

Deputatdan Lütfizadənin vəsiyyətinə irad bildirənlərə cavab: “Axı o Azərbaycan üçün nə edib?”

  • >
145 405 10 Avqust 10:12 | Cəmiyyət

“Azərbaycanda dəfn olunmağı bir müqəddəslik ritualına çevirməyək. Bu gözəl məmləkətimizdə minlərlə dəyərli vətən övladı ilə yanaşı on minlərlə vətənə faydası dəyməyən insan da dəfn olunub”.

AzNews.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa ABŞ-da yaşayan məşhur alim Lütfizadənin Azərbaycanda dəfn olunması ilə bağlı arzsuna sosial mediada irad bildirənlərə cavab verib. Deputat hesab edib ki, Lütfizadə deyil, sadə bir vətəndaş olsa belə xaricdə yaşayarkən bu cür vəsiyyət edərsə, imkan daxilində bu cür vəsiyyəti yerinə yetirmək yaxınlarının, sevənlərinin borcu kimi anlaşılır:

“Sosial şəbəkədə buna da irad bildiriblər. İradın motivi isə ənənəvi vətənşivənlik terminologiyası ilə bəzədilib: "Axı, o Azərbaycan üçün nə edib? Haçan Qarabağdan danışdı?". Bizim məmləkətdə insanın çəkisi tərəzi ilə ölçülür, ona görə də ömrümüz rəqəmlərin sıradan dəyişimi kimi qiymətləndirilir. Harada ki, insanın çəkisi əməli ilə ölçülür, o zaman nə tərəziyə, nə də tərəzi daşına ehtiyac qalmır və bəşər insanının yaddaşında çəkisiz bir ruh kimi qalırsan. İndi Lütfizadənin Azərbaycan üçün etdiklərinin tərəzidə çəkisi nə ola bilər? Bunu rəqəmlərlə izah etmək istəyənlər yəqin ki, tapılacaq. Ancaq, səlis bir məntiq onu deyir ki, elə bəşəriyyət üçün edilən hər bir dəyərli əməl, həm də Azərbaycan üçün edilən dəyərli əməldir. O, müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir, çəkisi 60, 70 kilo ilə müəyyənləşdirilməz. Elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır. Bu mövcudluğa həm də bir inam məsələsi kimi baxmaq lazım gəlir. 1921-ci ildə Bakıda doğulan həmyerlimiz dünya elmində qeyri-səlis məntiqin yaradıcısı kimi öz adını yazdırdısa, 2001-ci ildə doğulan bir azərbaycanlı da belə bir zirvəyə qalxmağın mümkünlüyünə Lütfizadə obrazında hər zaman inam daşıyacaq”.

Fazil Mustafa qeyd edib ki, bu məmləkətin torpağına bu milləti azadlığa qovuşduran Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyski və minlərlə bu dəyərdə olan insanlar hələ də qovuşmayıblar:

“Onlar heç vəsiyyət də etməyə imkan tapmayıblar. Lütfizadənin bu vəsiyyətinə sıradan bir istək kimi baxmaq doğru deyil, bu addımın özü də son mənzilə yol almazdan öncə vətənə, yəni Azərbaycana dəyər verməkdir”.

Dünyada riyaziyyat elminin gəlmiş-keçmiş nəhənglərindən olan ABŞ-ın Berkli Universitetinin professoru, məşhur azərbaycanlı Lütfizadənin vəziyyəti ağırlaşıb. Səhhətinin ağırlığını bilən alim vəsiyyət edib ki, onu Azərbaycanda dəfn etsinlər.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X