20:45
(077) 610-22-33

“Həkim qızımın müalicəsinə görə dişlərimi aldı” - həyat dramı

  • >
429 16 Fevral 2013 09:49 | Cəmiyyət

“Çörək ala bilməmişdim, yalandan dedim ki, çörək köhnəydi, sabah təzəsini alaram”



Onların neçə milyonluq bu şəhərdə bir-birlərindən başqa kimsələri yoxdur. Bəlkə elə dünyada da. Bakı bu iki qadının, onlar da bu həyatın varlığından xəbərsiz yaşayır. Günlərin birində yeni həyata, hamınınkı kimi bir həyata, başqalarından fərqlənməyən bir həyata başlayacaqları günün ümidi ilə dözürlər. Nə vaxtsa onları görən gözlərin, eşidən qulaqların, danışan dillərin olacağı ümidi ilə yaşayırlar. Ümid sonda ölür...

Sənədsiz keçən 30 il

"Bizimkilər" layihəsinin budəfəki qonaqları bizim ola bilməyən bizimkilərdir - Nargül və Sevinc İsmayılova. Ana düz 30 ildən çoxdur ki, bizim olduğunu təsdiqləyə bilmək üçün bircə sənədə möhtacdır. Qızı Sevincin də bəxti bu sarıdan gətirməyib, onun heç doğum haqqında şəhadətnaməsi belə yoxdur...
Hər şey Nargül xanımın ata-anasının itirməsi ilə başlayıb. Sonrası əsl, gerçək və acı həyat dramıdır. O həyatın ki, çoxlarınız bunu gerçək olduğuna belə inanmaq istəməyəcəksiniz.

Yetimxana qorxusu

"1959-cu ildə Gürcüstanda doğulmuşam. Anam mən uşaqkən rəhmətə getdi, atam ikinci dəfə evləndi. Ögey ana bizi yola vermədi, qardaşlarım da, mən də hərəmiz bir tərəfə dağıldıq"- belə başlayır Nargül xala söhbətinə. Onun bu vəziyyətinə dözə bilməyən dayısı balaca qızcığazı özü ilə Azərbaycana gətirir: "Dayım qızının uşaqlarına baxırdım. Sonra dayım da, dayım qızı da rəhmətə getdi. Yenidən kimsəsiz qaldım. Oxumaq-yazmaq bilmirdim. Məktəb üzü görməmişdim".

Kimsəsiz qalan Nargül qonşularından olan bir qadının yanında yaşamağa başlayır, həmin qadın onu ərə verir, ancaq sənədləri olmadığına görə rəsmi nikah bağlanmır. Bu o zaman idi ki, Nargülə Gürcüstanda verilən doğum haqqında şəhadətnamə də işə yaramırdı. Ancaq ər sarıdan da bəxti gətirmir. Bir gün evdən çıxan həyat yoldaşı geri qayıtmır və çox keçmədən ölüm xəbəri gəlir. Nargül xala yenidən bu həyatda tək qalır, dünyaya gətirəcəyi körpəsi ilə bərabər. Qızını xəstəxanada dünyaya gətirir, ancaq sənəd almaq üçün müraciət edəndə ona həm sənədlərinin, həm də rəsmi nikahının olmadığının bildirib, qızını əlindən alınacağı ilə qorxudurlar:

"Xəstəxanada dedilər ki, qıza sənəd almaq üçün heç yerə getməyim. Yoxsa qızını əlimdən alıb yetimxanaya verəcəklər. O zaman buna inadım, adımı yaza bilməyən adamam. Kim nə deyirdisə ona inanırdım. Polisə də getdim, onlar da dedilər ki, qızım uşaq evinə veriləcək. Bundan sonra lap qorxuya düşdüm".

Köhnə çörəkli günlər

Nargül xala 1 yaşlı qızını evdə qoyub işə getdiyi günləri xatırlayır. Yanaqlarından süzülən təkcə göz yaşı deyil, həm də həyatdan silmək istədikləridir. Həmişə ürəyinə axıtdığı göz yaşlarından indi utanmır. Deyir ki, bu vaxta qədər yalnız qızı üçün ağlayıb, elə indi də onun gələcəyindən duyduğu narahatlıqdan ağlayır:

"Evdə tək qoyub işə gedirdim, yaxşı bir qonşum vardı, hərdənbir o baxırdı. Bir dəfə müdir mənə inanmadı ki, 2 yaşında uşağı evdə tək qoyub işə gəlirəm. Mənimlə bərabər evə getdi, gördü ki, Sevinc ağlayıb-ağlayıb yatıb. Ondan sonra heç nə demədi. Heç yadımdan çıxmaz, işdən qayıdanda gündəlik pulumu vermədilər, evə heç çörək də ala bilmədim. Sevinc qabağıma qaçdı, məcbur qalıb dedim ki, çörək köhnə idi, sabah təzəsi gəlsin alacağam. Dedi ki, yaxşı eləmisən, köhnə çörək yesək xəstələnərik".

Məktəbə, amma sənədsiz

Qızı Sevinc böyüyüb 6 yaşına çatanda aydın olur ki, məktəbə getməsi üçün doğum haqqında şəhadətnaməsi olmalıdır. Heç bir sənədi olmayan qızını oxutdura bilmək üçün ana yalvarmağa, qapıları gəzməyə belə hazır olur:

"Əhmədlidə kirayədə qalırdım. Şəhərin Əhmədlidən başqa heç bir yerini tanımırdım. Elə əvvəldən orada qalmışam. Sevinci məktəbə yazdırmaq üçün 261 saylı məktəbə getdim. Oranın qadın bir direktoru vardı, sağdırsa Allah canını salamat etsin, ölübsə rəhmət etsin. O mənə qulaq asdı, dedi ki, işdən çıxmalı da olsa, Sevinci məktəbə götürəcək. Dediyini də elədi. Sevinci sənədsiz məktəbə qəbul etdi. 4 il orada oxudu, amma aparıb-gətirmək çətin olduğundan özü gəlib-getsin deyə evimizin yanındakı 64 saylı məktəbə də göndəriş verdi. Onun sayəsində bu gün Sevinc oxuyur. Sonra məktəbdə müəllimlər də kömək etdi".

Gürcüstan səfirliyindən rədd cavabı

Beləcə ana həyatda yeganə varlığı olan qızının böyüməsi arzusu ilə həyata yenidən başlayır. Amma həyat hamıya qarşı səxavətli deyil. 54 yaşlı bu qadın ötən günlərindən gözüyaşlı danışır, amma səsi titrəmir, şikayətlənmir. "Şükür" dilinin əzbəridir, sanki bundan da betəri olacaqmış kimi kifayətlənməyi bacarır. Dediyinə görə, qızını böyütmək üçün hansı işlərdə çalışdığını da az qala unudub, amma hamısında üzüağ çalışdığından gizli bir qurur duyur:

"Normal işdə işləmək olmurdu, sənədim yox idi. Gürcüstanda verilən bir "metirkam" vardı, Sovetlər dağılanda onu dəyişdirmək lazım idi. Sonra o sənədim də itdi. Gürcüstan səfirliyinə müraciət etdik. Bildirdilər ki, siz uzun müddət sənədlərinizi almadığınız üçün vətəndaşlıqdan çıxarılmısız".

Amma ötən il bir nəfərin köməkliyi ilə Gürcüstan Vətəndaşlıq Xidməti reystirndən onun həqiqətən Bolnisidə doğulması haqda şəhadətnamənin surətini çıxarıb gətirmək mümkün olur. Ancaq bu sənədlə də heç nə etmək mümkün deyil. Gürcüstanda sənəd düzəltmək üçün Azərbaycandan çıxmaq lazımdır. Azərbaycanda yaşamaq üçün sənədi olmayan biri ölkədən hansı sənədlə çıxacaq ki? Beləcə, yenə sənədsiz günlər davam edir, əgər sənədin yoxdursa, deməli sən də yoxsan...

Fırıldaqçılar fürsət gözləyir

Amma onlar var, hələ ümidlidirlər, sənədlərini düzəlib Azərbaycan vətəndaşı kimi yaşayacaqları ümidi ilə gözləyirlər. Bu ümid həyatdan küsən bu ana-balaya 2 il əvvəl verilib: "Vüsalə xanım adlı bir vəkil vardı. O bizi Miqrantlara Hüquqi Yardım Mərkəzinə Əlövsət müəllimin (Əliyev-red.) yanına göndərdi. Həyatda birinci dəfə ona inandım. Bir də sizə inanıram. Bəlkə kömək edə bildiniz deyə..."
Zaman-zaman fırıldaqçılara da tuş gəlib Nargül xala. Ondan bir dəfəsində Gürcüstandan sənədlərini almaq üçün 250 manat, bir dəfəsində də 100 dollar pul alıblar. Hər iki dəfəsində də faizlə borc götürüb. Amma pul da gedib, kömək vəd edənlər də. Olan-qalan inamını da onlarla itirib. Keçən il qızı Sevinc 64 saylı məktəbi bitirib attestat alıb. Doğum haqında şəhadətnaməsi olmayıb attestatı, tələbə bileti olan bəlkə də yeganə adamdır.

"Həkimin aldığı dişimi qızım düzəltdirəcək"

Sevinc deyir ki, oxumaq arzusu olub, hətta müəllimlər də yaxşı oxuduğunu görüb onu təmənnasız ali məktəbə hazırlaşdırıblar: "Amma sonra bildik ki, sənədim olmadığına görə imtahan verə bilməyəcəyəm. Buna görə də hazırlığa getmədim. Məktəbi qurtarmağa bir ay qalan Əlövsət müəllim BMT-dən mənə himayə sənədi aldı. Həmin sənədlə imtahana buraxılırdım. 1 ay gecə-gündüz oxudum, Humanitar Kollecin muzey işi fakültəsinə qəbul olundum. Elə himayə sənədi ilə də tələbə bileti aldım".

Nargül xala deyir ki, ilk dəfə o vaxt ürəkdən sevindiyini xatırlayır: "Sevinc birinci sinfə gedəndə kor bağırsağından əməliyyat olundu. Pulum olmadı, ağzımda dayımın düzəltdirdiyi qızıl dişlər vardı, həkim pul əvəzinə dişlərimi aldı. 12 ildir ki, ağzımda dişim yoxdur, Sevinc oxuyub qurtarsın, işləyib mənə diş düzəltdirəcək"...

***
Bakının Əhmədli kəndində, kirayələdikləri kiçik bir otaqda, bu şəhərin tənhalığa məhkum edilən bu iki sakininin necə yaşadığından, dolanışığından yazmırıq. Ona görə yox ki, təxmin etməyiniz çətin deyil. Ona görə ki, Nargül xala hələ ümidlidir, özü yaşaya bilmədiyi bu həyatda qızının yaşaya biləcəyinə inanır. Bunun üçün yaşadığı bütün çətinlikləri öz vəzifəsi hesab edir. Vəzifənin öhdəsindən necə gəldiyini isə Sevincin dumduru gözlərindən oxumaq olar...
Biz o gözlərdən daha bir damla da yaş axmasını rəva bilmədiyimizə görə, Sevincin şəklini çəkmədik. Qoy o hər kəsin dünyasında özü təsəvvür etdiyi kimi qalsın...

Elnarə ƏLOSMANQIZI
AzNews.az
Bağla X