Azərbaycan gömrükçüləri xeyli sayda mobil telefon müsadirə etdi

Azərbaycan Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan həmin ölkənin vətəndaşı İlya Aleksandrovun idarə etdiyi "Lada 210740" markalı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomaşından mobil telefonlara aid aksesuarlar – 45 ədəd qidalandırma cihazı, 45 ədəd qulaqcıq, 45 ədəd batareya və 68 ədəd "Samsung Galaxy S" markalı mobil telefon aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları isə Ağstafa rayonu ərazisində Bakı şəhəri istiqamətində hərəkət edən, Azərbaycan vətəndaşı Vüqar Hacıyevin idarə etdiyi "VAZ-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirib. Bu zaman avtomaşının yük yerindəki torbanın içindən müxtəlif markalı, cəmi 76 ədəd mobil telefon və mobil telefonlara aid aksesuarlar – 76 ədəd qulaqcıq, 76 ədəd qidalandırma cihazı, 73 ədəd batareya aşkar olunaraq götürülüb.

Mobil telefonlara baxış zamanı onların Çində istehsal edildiyi və Azərbaycan vətəndaşı Samir Nağıyevə məxsus olduğu, lakin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsindən keçdiyini təsdiq edən sənədin olmadığı müəyyən edilib.

AzNews.az