Bakıda bacı-qardaşı öldürən və analarına isə xəsarət yetirməkdə təqsirləndirilən Azər Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub. Bakıda bacı-qardaşı öldürən və analarına isə xəsarət yetirməkdə təqsirləndirilən Azər Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Bakıda bacı-qardaşı öldürən şəxs: "Anasının qışqırıq səsinə qızı evdən çıxdı"

Bakıda bacı-qardaşı öldürən və analarına isə xəsarət yetirməkdə təqsirləndirilən Azər Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

"Report"un məlumatına görə, A.Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini söyləyib.

O, ifadəsində törətdiyi cinayət əməllərini səmimi etiraf edərək göstərib ki, zərərçəkmiş Lətifə Məmmədova onun arvadı Miranə Səmədovanın doğma xalasıdır: "Ailə qurandan sonra həmin ailə ilə yaxın münasibət yarandı. Lətifə Məmmədova oğlanları Samir, Fərid, Saqil və qızı Fəridə ilə birlikdə yaşayırdı. Onların evləri yaşadığım evin yaxınlığında yerləşdiyindən gediş-gəlişləri olurdu. Hadisə günü - aprelin 1-də günortadan sonra saat 15:00 radələrində idarə etdiyim “BMW-318” markalı avtomaşınla əvvəlcə Əmircan qəsəbəsinə gedib arvadımı və uşağımı anamgilə düşürdüm. Sonra taksi kimi işləmək üçün şəhər mərkəzinə qayıtdım. Həmin gün yaşadığım həyətin arxa tərəfində hasar üçün taxtaları daşımaq lazım oldu. Bu səbəbdən də saat 16:00 radələrində öz yaşadığım evə qayıtdım. Taxtaları daşımağa kömək lazım olduğundan qonşuluqda yaşayan Lətifə Məmmədovanın oğlu Saqili çağırdım. Onun səsinə Lətifə həyətə çıxdı. Ona həyətdəki taxtaları daşımağa kömək lazım olduğunu dedim. Lətifədə Saqili çağırdı. Saqil ilə birlikdə bir müddət həmin işi gördük".

A.Cəfərov qeyd edib ki, avtomaşının icarə haqqını ödəməyə, həmçinin gündəlik xərcləməyə, övladı xəstə olduğu, eləcə də borclarını qaytarmaq üçün pul lazım olub: "Taksi işləməklə də bütün bu ehtiyacları ödəyə bilmirdim. Lətifənin böyük oğlu Samir bir neçə ay əvvəl işə qəbul olunmuşdu. O, bir neçə dəfə pul yığdığını bildirmişdi. Mən də onların evlərində 4000-5000 manat məbləğində pul olmasını hesab edirdim. Həmin pulu əldə etmək barədə iki gün əvvəldən düşünməyə başladım. Saqil həyətdə işləyərkən bu yadıma düşdü. Bu zaman Saqilin mənə mane ola biləcəyini fikirləşdim. İlk olaraq onu aradan götürmək istədim. Buna görə də işi qurtardıqdan sonra saat 18:00 radələrində həyətdəki taxta parçası ilə qəflətən Saqilin başından arxadan bir dəfə möhkəm zərbə vurdum. Nəticədə Saqil huşunu itirib yerə yıxıldı. Sonra onun ayaqlarını, əllərini və boğazını həyətdə olan sintetik materialdan olan kəndirlə bağladım. Onu evin qarşısında qalmaması üçün maşının arxa yük yerinə qoydum. Həmin vaxt Saqil nəfəs almırdı, nə də tərpənmirdi. Həmin vaxt artıq hava qaralmışdı. Piyada Lətifənin evinə tərəf gedərkən yolda qarşıma onun oğlu Fərid çıxdı. O, məni evlərinə dəvət etdi. Fəridlə evə daxil olanda Lətifə və qızı Fəridə orada idi. Həmin vaxt Fəridlə birlikdə yemək yedik. Bu zaman Lətifə məndən oğlu Saqilin harada olduğunu soruşdu. Yalandan Saqilin bizim evdə oturduğunu dedim. Lətifə də inandı. Daha sonra Fəridlə çölə çıxdım. O, dostu ilə birlikdə söhbət edə-edə evdən uzaqlaşdı. Mən “Saat” adlanan yerin yanından geri dönərək avtomaşınımı saxladığım yerə qayıtdım. Maşının qapısının cibindən tiyəsi həmişə açıq vəziyyətdə olan, dəstəyinə izolent bağlanmış bıçağımı götürdüm".

O, artıq hava qaralanda L.Məmmədovanın evinə getdiyini bildirib: "Saat 21-22 radələrində həyətin giriş qapısını döydüm. Lətifə evdən çıxdı. Həyət qapısını açıb ona tərəf getdim. Lətifəyə yaxınlaşan kimi sağ əlimdə hazır vəziyyətdə saxladığım bıçaqla onu öldürmək məqsədi ilə boyun və qarın nahiyəsinə bir neçə dəfə zərbə endirdim. Sonradan evə daxil olub, qızı Fəridəni də öldürüb evdəki pulları götürəcəyimi fikirləşdim. Lətifənin qışqırıq səsinə qızı Fəridə evdən çıxdı və anasının yerdə qaldığını gördü. O, qışqırmağa başladı. Lətifə Məmmədovaya yetirdiyim bıçaq xəsarətlərindən sonra onun öləcəyini hesab etdim. Çünki Lətifə Məmmədova yerə yıxılarkən xırıldayırdı. Buna görə də mən vaxt itirmək istəmədim. Dərhal Fəridə Qasımovanın üzərinə hücum etdim və əlimdəki bıçaqla onun boğaz nahiyəsinə evin içərisindəcə, giriş qapısının yanında dəfələrlə zərbə endirdim. Bıçaq zərbələrindən sonra Fəridə yıxılıb yerdə qaldı və tərpənmədi. Fəridəni tutub həyətə çıxardım. Onu “Hovo” markalı avtomaşının qarşı bərabərində yerə qoydum. Həmin vaxt məqsədim evdən pulu götürüb tez çıxmaq olmuşdu. Buna görə də evə qayıdaraq soldakı arxa otağa daxil oldum. Orada çarpayının üstündəki qadın pul qabını görüb, açıb içərisinə baxdım. Orada 207 ABŞ dolları və təxminən 250 manat pul var idi. Həmin pulları götürüb cibimə qoydum. Dərhal oradan uzaqlaşdım. Avtomobilimlə yanacaqdoldurma məntəqəsinə gedib, təxminən 41 manata benzin vurdurdum. Sonra maşınımla Əmircan qəsəbəsinə gedərək həyətdə qana bulaşmış əlimi yudum. Lətifə və Fəridəni bıçaqla vurarkən bıcağın tiyəsi əlimi də kəsmişdi. Anamgildən ailəmi götürüb, Nərimanovda qaldığımız evə gətirdim. Həyat yoldaşıma bu barədə heç nə demədim. O da heç nədən şübhələnmədi. Sonra arvadımın bibisi oğlu Abdulrəhmanın mobil telefonuna zəng edərək gödəkçə lazım olduğunu xahiş etdim. Onunla Əhmədli qəsəbəsində, “Xəzər” adlanan ərazidə görüşdüm. Gödəkçəni alan zaman maşında Abdulrəhmana törətdiyim hadisə barədə danışdım. Abdulrəhman məndən Saqili hara qoyduğumu soruşdu. Ona Saqili vurduqdan sonra qəbiristanlığa atdığımı dedim. Hadisə barədə Abdulrəhmandan başqa heç kimə danışmadım. Abdulrəhman da mənim zarafat etdiyimi fikirləşdi".

Daha sonra A.Cəfərov qohumu Abdulrəhmanı evlərinə apardığını deyib: "Şəhər mərkəzinə tərəf gəldim. Nəsimi rayonu ərazisində dənizkənarı bulvara bir qədər qalmış avtomobilin qarşı sağ təkəri boşaldığından məcbur olub dayandım. Təkəri düzəltdirmək üçün yaxınlıqda sex axtardım, lakin tapa bilmədim. Bundan sonra maşının yanına gəldim. Təkəri boş vəziyyətdə bir qədər də irəliyə sürüb, təkər düzəldilən bağlı yerin yaxınlığında saxladım. Orada olan zaman Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları mənə yaxınlaşdı. Onlarla birlikdə Nərimanov Rayon Prokurorluğuna getdim".

Qeyd edək ki, bu il aprelin 2-də saat 01:00 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə),181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.