02:43
(077) 610-22-33

Fəttah Heydərov Ağsaqqallar Şurasının sədri seçildi

  • >
590 16 Fevral 2013 14:18 | Cəmiyyət





Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı keçirilib.

APA-nın məlumatına görə, qurultayda bildirilib ki, yığıncaqda 186 nümayəndədən 179-u iştirak edir. Qurultayın gündəliyi təsdiq olunduqdan sonra Şuranın və qurumun Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib.

Qurultayda Şuranın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, daha sonra Şuranın sədrinin, o cümlədən digər seçkili qurumlarına üzvlər seçilib.

Akademik Teymur Bünyadov çıxışında millətin formalaşmasında ağsaqqalların üzərinə düşdüyü vəzifəsinə oxunaraq, yazıçı Əkrəm Əylislinin mövqeyini milli mənəvi dəyərlərə zərbə kimi dəyərləndirib, ahıl yaşda olan bu şəxsin "Daş yuxular" əsərini pisləyib.

T. Bünyadov qurumun sədr müavini Fəttah Heydərovun Şuranın sədri vəzifəsinə namizədliyini də irəli sürüb.

Yığıncaqda Şuranın sədr müavini Bayram Yusibov, qurumun komissiya sədri Tofiq Mirzəyev, akademik Vasim Məmmədəliyev, Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurasının sədri Əbülfəz Əsgərov, Azərbaycan Dövlət Neft Akademiyasının keçmiş rektoru İsmayıl İbrahimov, professor Südeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, Şuranın üzvü Zahid Qaralov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib.

A. Paşazadə cəmiyyətin düzgün istiqamətdə inkişaf etməsində ağsaqqal məsləhətinə hər zaman ehtiyac olduğunu deyib.

O, F. Heydərovun fəaliyyətinə diqqəti yönəldərək, onu milli dəyərləri bilən və qorunması uğrunda mübarizə aparan şəxs kimi xarakterizə edib: "Fəttah Heydərov dövlətçiliyin qurulması prosesində həyatı üçün təhlükəli olsa belə, ümummilli lider Heydər Əliyevin yanında olub".

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışında Ağsaqqallar Şurasını qızıl fond adlandırıb: "Prezidentlə görüşdə də bu məqama toxunulub. Ümumiyyətlə, Azərbaycanda ağsaqqal institutu qədim zamanlardan fəaliyyət göstərir. Bu institut Şah İsmayıl Xətai zamanında Lələlər Məclisi olub".

Ə. Həsənov qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti Heydər Əliyevin dəstəyi ilə daha da inkişaf edib: "Ağsaqqallar müdrikliyin, təcrübənin simvoludur. Nəsilləri birləşdirən rabitə yoxdursa, bu təcrübə gənc nəslə ötürülmürsə, cəmiyyətdə çalxalanma baş verir. Prezident İlham Əliyev də sizinlə işləməyə hazırdır".

Çıxış edənlər İlham Əliyevin prezidentliyə namizədliyinin bəyənildiyini və Heydər Əliyevin siyasi kursunun Azərbaycanın inkişafı üçün alternativsiz olduğunu vurğulayıblar.

Daha sonra qurultay qurumun sədr müavini, Milli Məclisin deputatı Fəttah Heydərovu Azərbaycan Ağsaqqallar Şurasının sədri seçib.

Sonda F. Heydərov çıxış edib. O, göstərilən etimada görə, qurultay iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, akademik Budaq Budaqov vəfat etdikdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri postu boş qalmışdı.

AzNews.az
Bağla X