Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır. Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır.

Azərbaycanda qeysəriyyə ilə doğulan uşaqların sayı artır

Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildən sonrakı müddət ərzində Azərbaycanda ən çox doğuş 2011-ci ildə olsa da, həmin ildə də qeysəriyyə kəsiyi əməliyyatlarının sayı ötən ilki qədər olmayıb.

2011-ci ildə 175 175 doğuşun yalnız 25 960-sı qeysəriyyə kəsiyi əməliyyatı ilə edilib.

2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508 doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-I qeysəriyyə əməliyyatı ilə olub.

Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.

Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədovanın sözlərinə görə, qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi bundan əvvəl keçirilən əməliyyatdakı çapıqdır.

Onun sözlərinə görə, son illər qeysəriyyə kəsiyi əməliyyatlarının əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir.

SN-nin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında təəssüflə bildirmişdi ki, planlı qeysəriyyə kəsiyi əməliyyatları hamiləliyin 38-ci həftəsi tamam olduqdan sonra həyata keçirilməli olsa da, Azərbaycanda bu əməliyyatlar hamiləliyin 37-38-ci həftəsində də edilir.

Baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır.

Onun sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərində problemlərin yaranmasına səbəb olur.

R.Hüseynovun sözlərinə görə, 38-ci həftədən tez, planlı qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqların beyin inkişafı indeksinin ümumi populyasiyadan 6 faiz aşağı olduğu artıq dünya elmində sübut olunub.