Gülər Əhmədovanın azad edilməsi üçün hərəkətlənmə başladı

"Həbsdən şikayət vermişəm, xəstəlikləri də göstərmişəm, indi görək Apellasiya Məhkəməsi bizə hansı cavabı verəcək". Bunu Modern.az-a açıqlamasında Gülər Əhmədovanın vəkili Eldar Qədimi deyib. Vəkil bildirib ki, bu şikayət təmin olunarsa, keçmiş deputat azad oluna bilər.

G. Əhmədovanın səhhətində yaranan problemlə bağlı vəkil bildirib ki, onun sağlıq durumu ilə bağlı narahatlıqlar var.

"Onsuz da həbsdən qabaq xəstə idi və bütün günü dərman qəbul edirdi. İndi oraya düşəndən sonra istəsən də, istəməsən də adamın vəziyyəti daha da pisləşir. Şənbə günü Gülər Əhmədovanın yanında olanda müayinələr gedirdi. Müayinələr qurtarandan sonra bu məsələ həll olunmalıdır. Müalicə alıb-almayacağı barədə hələ məlumat yoxdur", – deyə vəkil vurğulayıb.

Xatırladaq ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

O, hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.

AzNews.az