06:36
(077) 610-22-33

Təhsil Nazirliyi ilə TQDK arasındakı dava böyüyür

  • >
351 18 Fevral 2013 13:10 | Cəmiyyət

Nazirlik 2 dərsliyin istifadəsinin məqsədəuyğun olmaması barədə rəyi qərəzli adlandırıb




Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin 1-ci sinif "Azərbaycan dili" və "Riyaziyyat" dərsliklərinin istifadəsini məqsədəuyğun hesab etməyib.

APA-nın TQDK-nın rəsmi internet saytına istinadən xəbərinə görə, Komissiya respublikanın ümumtəhsil məktəblərində "Azərbaycan dili 1" (müəlliflər: R.İsmayılov, Solmaz Abdullayeva, Gülşən Orucova, Dilruba Cəfərova) və "Riyaziyyat 1" dərsliklərinin (müəlliflər: N.Qəhrəmanova, C.Əsgərova, L.Qurbanova) istifadəsini məqsədəuyğun hesab etməyərək onların yenidən hazırlanması barədə qərar verib.

TQDK-nın "Azərbaycan dili 1" dərsliyinə dair yekun rəyində qeyd olunub ki, dərslik məzmun baxımından qüsurludur: əlifbanın öyrədilməsi, oxu və yazı texnikası üzrə ilkin bacarıqların mənimsənilməsi, şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların öyrədilməsi, tətbiq olunması, dövlət rəmzləri, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında şagirdlərdə ilkin anlayışların yaradılması və təbliği baxımından dərslikdə bir sıra ciddi qüsurlara yol verilib. Dərslikdə Azərbaycançılıq, türkçülük və milli-mənəvi dəyərlər epizodik verilib, çox hallarda isə "unudulub". Fənlərarası inteqrasiyaya bir çox məqamlarda əməl edilməyib, keçilməyən hərflərdən və ədədlərdən istifadə olunub. Hərf və səs anlayışları bəzi çalışmalarda qarışıq salınıb. Mətnlərin düzülüşündə sadədən mürəkkəbə doğru təqdimat prinsipi pozulub. Əxlaqi, etik məsələlərin əks olunmasında da çoxsaylı qüsurlar var. Demək olar ki, bütün mətnlərdə sonda birincilər ya polisdən, ya nənədən, ya babadan, ya müəllimdən, ya da hansısa heyvandan qorxur, utanır, qızarır və pərt olurlar (səh. 53, 59, 61, 90, 146, 149, 155-dəki mətnlər). Dərslikdə dil və üslub cəhətdən bir sıra nöqsanlar var: mətnlərin dili və üslubu şagirdlərin yaş səviyyəsinə uyğun deyil, mütənasiblik gözlənməyib: ya daha azyaşlı uşaqlar üçün, ya da yuxarı yaşlı uşaqlar üçün mətnlər seçilib. Cümlələrin quruluşu bir çox hallarda Azərbaycan dilinin praktiki işlənməsinə və quruluş xüsusiyyətlərinə uyğun gəlmir. Şifahi xalq yaradıcılığından həddən artıq az istifadə olunub. Vətənpərvərlik haqqında şəkil və mətnlər demək olar ki, yoxdur. Dərsliyin bədii tərtibatı, dizaynı şagirdlərin yaş psixologiyası baxımından kifayət qədər qüsurludur: vətənpərvərlik mövzusunda şəkil və mətnlər demək olar ki, yoxdur. Mətnlərə uyğun gəlməyən, aydın seçilməyən şəkillərdən geniş istifadə olunub. Əksər hallarda şəkillər karikaturaya bənzəyir. Dərslikdə verilmiş tapşırıqların şərti bir sıra hallarda düzgün deyil, tam qavranmır.

Komissiyanın "Riyaziyyat 1" dərsliyinə verdiyi yekun rəyə əsasən isə, dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri "Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Dərslik təhsil proqramını (kurrikulumu) tam əhatə etmir: proqramdakı 49 standartdan 20-si, yəni 40 faizi ya tamam, ya da normal şəkildə əksini tapmayıb; proqramdan çoxlu sayda kənaraçıxmalar var. Dərslikdə tədris vahidlərinin (bölmələrin) yaradılması zamanı ciddi nöqsanlara yol verilib; fəndaxili və fənlərarası inteqrasiyalar düzgün aparılmayıb; materialların verilməsi zamanı intensivlik gözlənilməyib. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var. Dərsliyin tərtibatı nöqsanlıdır. "Müəllim üçün metodik vəsait" qüsurludur.

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə APA-ya açıqlamasında deyib ki, 1-ci siniflərin "Azərbaycan dili" və "Riyaziyyat" dərslikləri ilə bağlı TQDK-nın rəyi qərəzlidir: "Mən bilmirəm onların hansı dərəcədə qərar vermək səlahiyyəti var. Mənim Məleykə Abbaszadənin özünə və imzasına çox hörmətim var. Amma görünür, ona düzgün informasiya verməyiblər. Bu rəylə çox güman ki, o tanış deyil. Rəylər səlahiyyətli adamlar tərəfindən hazırlanıb. Dərslik müəllifləri, ekspertlər, Kurrikulum Mərkəzinin əməkdaşları bu fikirdədirlər ki, rəylər çox qərəzli və 1-2 adamın diqtəsi ilə hazırlanıb. Nazirlik bu rəylərə qarşı öz rəyini hazırlayıb. Bunlar mətbuata təqdim olunacaq".

F.Şahbazlı deyib ki, müəlliflər tərəfindən bu rəylər qəbul edilmir: "Mən TQDK sədri ilə şəxsən söhbət etmişdim. Belə razılaşmışdıq ki, onlar bizə rəyi göndərsinlər, biz rəylə tanış olaq, o rəyə ekspert və müəlliflərin rəyi alınsın və birgə müzakirədən sonra monitorinqin nəticələri elan edilsin. Amma bizim cavabımızı bilməmiş bu rəyin açıqlanması məsuliyyətsiz addımdır. İctimaiyyəti belə çaşdırmaq olmaz. Dövlət qurumu olan TQDK-nın digər bir dövlət qurumu Təhsil Nazirliyinin dərslikləri haqqında belə informasiya yayması cəmiyyətdə çaşqınlıq yaradır. Bu, qeyri-sağlam münasibətdir və yaxşı yol deyil".

AzNews.az
Bağla X