İqor Ponomaryova Azərbaycan vətəndaşlığı verildi

Ölkəmizin futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryova Azərbaycan vətəndaşlığı verilib. Lent.az-ın əldə etdiyi məlumata görə, Ponomaryovun Bakıya səfərində əsas məqsəd də budur.

İsveçdə yaşayan veteran futbolçumuza 3 il öncə 50 illik yubileyi münasibətilə Bakıda mənzil hədiyyə olunmuşdu. Bu dəfə isə Ponomaryov 53 yaşı ərəfəsində Azərbaycan pasportu ilə şərəfləndirilib.

Məlumatı Lent.az-a açıqlamasında olimpiya çempionumuzun özü də təsdiqləyib. Ponomaryov bundan sonra Azərbaycan vətəndaşı kimi ölkəmizdə çalışa biləcəyini əlavə edib.

Qeyd edək ki, İqor Ponomaryov 24 fevral 1960-cı ildə Bakıda doğulub. O, "Neftçi" klubunun futbolçusu kimi SSRİ yığmasının tərkibində 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. SSRİ-nin dağıldığı ərəfədə İsveçə yollanan Ponomaryov həmin ölkənin vətəndaşlığını alıb və yerli "Norçepinq" komandasında çıxış edib. Baş məşqçi kimi isə o, Azərbaycan yığması, "Qarabağ" və "Xəzər-Lənkəran", eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhərlik edib.

AzNews.az