06:42
(077) 610-22-33

Xocalı ATƏT-də müzakirəyə çıxarılacaq

  • >
317 19 Fevral 2013 15:59 | Cəmiyyət

Xocalı faciəsi ilə bağlı məsələnin ATƏT PA-nın iyul ayında İstanbulda keçiriləcək yay sessiyasında müzakirəyə çıxarılması gözlənilir.



Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov çərşənbə axşamı Trend-ə bildirib ki, bununla bağlı nümayəndə heyəti tərəfindən müvafiq iş aparılır.

Onun sözlərinə görə, ATƏT Parlament Assambleyasının bu həftə Avstriyanın paytaxtı Vyanada keçiriləcək 12-ci qış sessiyasında qurumun üzvlərinə Xocalı faciəsini əks etdirən materiallar paylanacaq.
"Qış sessiyası qısa vaxt çərçivəsində - cəmi 2 gün keçirildiyindən yalnız komitələrin gündəliyinə salınan məsələlər müzakirə olunur. Lakin Azərbaycan nümayəndə heyəti ardıcıl təbliğat işi apararaq ATƏT PA-nın yay sessiyasında ötən əsrin sonlarının ən dəhşətli hadisələrindən olan Xocalı faciəsi ətrafında müzakirələrin aparılmasına nail olmaq niyyətindədir", - İbrahimov bildirib.

Millət vəkili ATƏT-in fəaliyyətdə olan sədri - Ukraynanın xarici işlər naziri Leonid Kojaranın da bu həftə keçiriləcək iclasda məruzə ilə çıxış edəcəyini qeyd edərək bildirib ki, məruzə ətrafında müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və Ukraynanın ATƏT-ə sədrliyi dövründə bunun üçün verəcəyi töhfələrlə bağlı məsələ qaldırılacaq.

Avstriyanın Vyana şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 12-ci qış sessiyasında Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.
Sessiya çərçivəsində, həmçinin ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Təhlükəsizlik və siyasi məsələlər, Elm, texnika və ətraf mühit üzrə komitələrinin iclasları keçiriləcək.


AzNews.az
Bağla X