Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkovdakı xatirə lövhəsinin bərpadan sonra açılışı olub. Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkovdakı xatirə lövhəsinin bərpadan sonra açılışı olub.

Xarkovda Milli Qəhrəmanının xatirə lövhəsi bərpa edildi

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkovdakı xatirə lövhəsinin bərpadan sonra açılışı olub.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev açılış mərasimində çıxış edərək Azərbaycan dövlətinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. O, qəhrəmanın ailəsinə təşəkkürünü bildirərək, Azərbaycan dövlətinin onlara hərtərəfli yardım etməyə hazır olduğunu qeyd edib.

“Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, xatirə lövhəsinin müəllifi, Ukraynanın Xalq Rəssamı, heykəltəraş Seyfəddin Qurbanov, Xarkov Şəhər Şurasının üzvü Boris Butırin çıxışlarında Viktor Seryoginin qəhrəmanlıq mübarizəsindən danışıblar.

Azərbaycanın Milli Qəhrəmanının qızı Oksana atasının xatirəsinə göstərilən ehtirama və diqqətə görə Azərbaycan dövlətinə, Xarkovda yaşayan diaspor fəallarına təşəkkürünü bildirib.

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirə lövhəsi 2004-cü ildə “Dostluq” cəmiyyəti tərəfindən qoyulub. Lakin 2017-ci ilin aprelində vandal qüvvələr həmin lövhəni dağıdıblar. Xarkov Şəhər Şurasının qərarı ilə həmin lövhə eyni yerdə - Viktor Seryoginin yaşadığı binanın üzərində bərpa edilib.

Qeyd edək ki, təcrübəli pilot Viktor Seryogin sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarıb, düşmənin postlarına od ələyib. Dəfələrlə atəşə tutulmasına baxmayaraq, helikopteri təmir edib yeni uçuşlar həyata keçirib. O, Ağdərə, Şuşa, Ağdam istiqamətlərində qəhrəmanlığı ilə tanınır. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşıyıb. Viktor Seryoginin idarə etdiyi, göyərtəsində dinc sakinlərin olduğu helikopter 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa istiqamətində hərəkət edərkən düşmən tərəfindən şiddətli atəşə məruz qalıb. Lakin təcrübəli pilot alova bürünmüş helikopteri təhlükəsiz əraziyə endirərək insanların tələf olmasının qarşısını ala bilib, özü izə heyətlə birlikdə qəhrəmancasına həlak olub.